• cümə, 19 Aprel, 16:24
  • Baku Bakı 25°C

“2017-ci ildə neftin qiymətində sürprizlər ola bilər”

13.12.16 13:17 1557
“2017-ci ildə neftin qiymətində sürprizlər ola bilər”
Noyabrın 30-da OPEC ölkələrinin Vyana sammitində hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldılaraq, 32,5 milyon barrel səviyyəsinə endirilməsi ilə bağlı razılıq əldə etməsindən sonra kartelə üzv olmayan ölkələr də hasilatın azaldılması haqda razılıq əldə ediblər. Belə ki, neft ölkələrinin dekabrın 9-da Vyanada keçirilən sammitində OPEC üzvü ölkələr və təşkilata üzv olmayan neft istehsal edən dövlətlər neft hasilatını gündə 600 min bareldən çox azaltmaqla bağlı anlaşmaya varıblar. Hətta əvvəllər yalnız istehsalın hazırki səviyyəsini dondurmağa hazır olduğunu bəyan edən Qazaxıstan da neft hasilatını azaltmağa razılıq verib.
Keçirilən görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edib. Görüşdən əvvəl nazir bildirib ki, dövlət başçısının razılığı ilə Azərbaycan bu görüşü dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün vacib hesab edərək, toplantıda iştiraka qərar verib. Həmçinin nazir Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin artmasının təmin edilməsi məqsədilə aparılan məsləhətləşmələrdə yaxından iştirak etdiyini və o cümlədən Rusiya Federasiyasnın energetika naziri Aleksandr Novakla Azərbaycan energetika naziri Natiq Əliyev arasında telefon danışıqları olduğunu və rəsmi Bakının bu prosesə dəstəyini nümayiş etdirdiyini vurğulayıb.
Bəs görəsən Vyana sammiti bazara necə təsir edəcək? Azərbaycanın da hasilatı azaltmaq barəsindəki səylərinin ölkə üçün hansı faydaları olacaq? Mövzu ilə bağlı suallarımızı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban cavabladı. O, qəzetimizə açıqlamasında bildirdi ki, görüşün müsbət sonluqla nəticələnməsi qısa bir vaxt ərzində neftin qiymətlərində özünü büruzə verdi: "Bazar ertəsindən başlayaraq, artıq neftin qiymətləri artmaqdadır. Qeyd edim ki, qiymətlərdə təxminən 5 faiz artım var. Hesab edirəm ki, bu qiymət artımını OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmanın nəticəsi kimi qiymətləndirmək olar. Yəni belə desək, bazara ötürülən pozitiv informasiya bazar iştirakçılarının bu informasiyaya adekvat münasibətinin göstəricisidir”.
Ekspertin fikrincə, qiymətlərdə bundan sonra da dəyişmələrin olması qaçınılmazdır: "Qiymətlərdə bundan sonra müəyyən qədər korrektələr ola bilər. Çünki, faktiki olaraq hazırda bazardan həmin həcmlər yığışdırılmayıb. Ancaq hesab edirəm ki, 2017-ci ilin yanvarından etibarən bazara daha çox pozitiv informasiyalar daxil olacaq. Neft hasil edən ölkələr hasilatı azaltmağa başladıqlarını elan edəndə, qiymətlər daha da yüksələ bilər”.
İ.Şaban deyir ki, 2017-ci ildə qiymətlərdə sürprizlər də ola bilər: "Belə hesab edirəm ki, üzümüzə gələn il neftin qiymətlərinin intervalında dəyişmə daha çox olacaq. Belə ki, qiymətlərin hətta 60 dollardan yuxarı qalxması da mümkün ola bilər. Lakin qeyd etməliyəm ki, bununla yanaşı, qiymətlərin 50 dollara və ondan daha aşağı düşə bilmə ehtimalı da istisna deyil. Ona görə də indidən nə isə proqnoz etmək bir qədər çətindir. Neftin real qiymətləri 2017-ci ildə bazardakı ab-havadan asılı olacaq. Hələ bazarda hansısa satışdan danışmaq üçün çox tezdir. Lakin ümüumlikdə götürsək, deyə bilərəm ki, ortalama qiymət təqribən 50 dollardan yuxarı olacaq”.
Sonda ekspert bildirdi ki, 2017-ci ildə qiymətlər 2016-cı ildəki rəqəmlərlə müqayisədə minimum 20 faiz çox olacaq: "Əslində neft hasil edən ölkələr üçün bu çox yaxşı rəqəmdir. Vyana sammitində hasilatın azaldılmasına dair ən böyük kvota Səudiyyə Ərəbistanının üzərinə düşürdüsə, qeyri-OPEC ölkələrindən ən böyük kvota Rusiyanın üzərinə üşür. Belə ki, Rusiya hasilatı təxminən 300 min barel azaltmaq barədə öhdəlik götürüb. Əlbəttə, hasilatın azaldılması neft ölkəsi olan Azərbaycana da təsirsiz ötüşməyəcək. Biz də bu işdə maraqlı tərəf kimi çıxış etdik və öz səylərimizi göstərdik. Lakin düşünürəm ki, qiymətlərin bizim iqtisadiyyatımıza təsir etməsi üçün bir qədər zaman lazımdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər