2017-ci il də ölkəmiz üçün uğurlu olacaq
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət
2008-ci ildə baş verən ümumdünya böhranında olduğu kimi, 2014-cü ilin
sonlarından etibarən özünü göstərən böhrandan da ölkəmizi minimal itkilərlə
çıxarıb. Düzdür, siyasi səbəblər üzündən neftin qiymətinin kəskin ucuzlaşması
neft ixrac edən Azərbaycanda da büdcə gəlirlərini ilkin mərhələdə azalması ilə
müşayiət olunub, milli valyuta iki dəfə devalvasiyaya uğrayıb. Lakin umummilli
lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin
rəhbərliyi ilə hələ 2003-cü ildən başlayan yeni iqtisadi islahatlar böhran baş
verən illərdə ölkəmizi gözləyəcək fəlakətlərin qarşısını alıb. Çox böyük
uzaqgörənliklə "qara qızıl”ın insan kapitalına çevrilməsi, kiçik və orta
sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycan
iqtisadiyyatının böhranlı illərdə də böyüməsi ilə müşayiət olunub. Bu istiqamətdə
görülən işlər çərçivəsində regional inkişaf proqramlarının da əhəmiyyətini
vurğulamaq lazımdır. Məhz bu proqramlar çərçivəsində reallaşdırılan tədbirlər
Azərbaycanda paytaxt ilə rayonlar arasındakı fərqi minimuma endirib, mərkəzlə
yanaşı bölgələrdə də tərəqqi hiss olunub, yeni-yeni istehsal müəssisələri
yaradılıb, yüzminlərlə daimi iş yerləri yaradılıb. Bütün bunlar isə son nəticədə
ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşmasına səbəb olub.
Bütün bu sadalananlar beynəlxalq təşkilatların hər
il ictimaiyyətə açıqladıqları hesabatlarda da öz əksini tapıb, Azərbaycandakı
iqtisadi inkişaf tempi, aparılan islahatlar müsbət nümunə kimi təqdim olunub.
Ancaq zaman dayanmır, sürətlə irəliyə doğru hərəkət edir, hər gün, hər ay və hər
il dünya ölkələri yeni tələblərlə üz-üzə qalır. Azərbaycanda da zamanla
ayaqlaşmaq, ölkənin iqtisadi inkişafının davamlılığını təmin etmək,
insanlarımızın həyat səviyyəsini daha da yüksəltmək üçün əlavə tədbirlər
görülür. Nazirlər Kabinetinin 2017-ci
ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezidentİlham Əliyevin səsləndirdiyi fikirlər də
buna əyani sübutdur. Dövlət başçısı
birinci rübdə də ölkəmizin uğurla inkişaf etdiyini, bütün proqnozların həyatda
öz əksini tapdığını diqqətə çatdırıb. Bildirib ki, birinci rübün nəticələrinə
görə, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, beynəlxalq mövqelərimiz
möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedib, iqtisadi
inkişaf təmin edilib, bütün sosial məsələlər öz həllini tapıb.
Azərbaycan Prezidenti çox ciddi sosial təşəbbüslərin
irəli sürüldüyünü vurğulayaraq, bu il istədiyimiz nəticələrə, bütün hədəflərə
çatacağımızı bəyan edib. Qeyd edib ki, 2017-ci il də ölkəmiz üçün uğurlu il
olacaqdır: "İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun,
qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər
üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır,
qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5
faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox
artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar,
investisiyalar artıq öz nəticələrini verir. ...Birinci rübdə bizim valyuta
ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artıbdır. Bu gün valyuta
ehtiyatlarımız 38,5 milyard dollardır. ...Bu ilin üç ayında ticarət dövriyyəsi
15 faiz artmışdır. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz
artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10
faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır. Bu da bizim siyasətimizin
təzahürüdür”.
Dövlət başçısı İlham Əliyev iclasdakı çıxışında
görülən işlər, əldə edilən nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələrdən də
söhbət açıb, bu istiqamətdə müvafiq tapşırıqlarını da verib. Bunları ümumiləşdirsək,
qarşıdan gələn dövrdə əsas hədəflərdən birincisi sənaye istehsalı və kənd təsərrüfatının
inkişafının diqqət mərkəzində saxlanılmasıdır. Bu sahə bu gün də prioritet
istiqamət olaraq qalmaqdadır. Dövlət başçısı bildirib ki, bu sahədə dövlətin
başladığı işlər daha da sürətlənməli, ölkədə makroiqtisadi sabitlik təmin
olunmalı, məhsulların süni qiymət artımına imkan verilməməlidir. Cari ildə 150
min hektar yeni torpaq sahəsinin suvarılması ilə bağlı başlanmış işlərin
yekunlaşdırılması da planlaşdırılıb. Eyni zamanda kənd təsərrüfatının inkişafı
ilə bağlı yaradılmış Pivot Suvarma sistemləri və Pestisid zavodu, gələn il inşa
ediləcək Azot gübrələri zavodunun tikintisinin sürətləndirilməsi də qarşıya
qoyulan əsas vəzifələrdəndir. Paralel olaraq, kənd təsərrüfatı sahəsində böyük
aqrar zonaların və iri fermer təsərrüfatlarının yaradılması işi davam etdiriləcək,
bu sahəyə nəzarət gücləndiriləcəkdir. Bütün bunların da kənd təsərrüfatı məhsullarının
istehsalına ciddi təsir göstərəcəyi gözlənilir.
Onu da qeyd edək ki, hazırda İqtisadiyyat
Nazirliyinin və digər icra orqanlarının vasitəsilə Azərbaycan brendinin dünyada
təbliği aparılır, müxtəlif ölkələrdə ticarət evləri yaradılır, ticarət-ixrac
missiyaları həyata keçirilir. Sənayenin inkişafına xidmət edəcək belə
addımların daha böyük effekt verməsi üçün bu istiqamətdə xarici mediada reklam
kampaniyalarının aparılması, yeni ixrac bazarlarına çıxışın təmin edilməsi,
logistika mərkəzlərinin yaradılması da başlıca vəzifələrdən biridir. Bütün qeyd
olunan prioritet sahələr üzrə bu günə qədər görülən işlər, Prezident İlham
Əliyevin səsləndirdiyi konkret faktlar, apardığı təhlillər onu deməyə əsas
verir ki, cari il də Azərbaycanın müasir tarixində uğur və inkişaf ili kimi
yadda qalacaq.
Ərturan
İSMAYIL