Yeni ildə uşaqlarımızı hara aparaq?
Dekabr
ayına qədəm qoyar-qoymaz, uşaqları bir sual düşündürür: "Tətil vaxtını necə
keçirəcəm?” Elə valideynlər də uşaqların bu sualına cavab axtarmağa
başlayırlar. Artıq mədəniyyət qurumları uşaqların Yeni il şənliyi ilə bağlı plan
hazırlayırlar. Biz də valideynlərə bu barədə məlumat vermək istədik ki,
uşaqları düşündürən əsas suala rahatlıqla cavab tapa bilsinlər. Bunun üçün mədəniyyət ocaqlarımızın "Yeni il planları”nı
öyrəndik.
"Barboskinlərin
Yeni il sərgüzəştləri”
Heydər Əliyev Sarayı hər il uşaqların Yeni il
şənliyi üçün maraqlı repertuar təqdim edir. Sarayın mətbuat xidmətinin rəhbəri
Anar Fərəczadə bizimlə söhbətində qeyd etdi ki, Yeni ildə 3 maraqlı layihələri ilə tamaşaçılarla
görüşəcəklər: "Dekabrın 25-də "Barboskinlərin Yeni il sərgüzəştləri” adlı uşaq
tamaşası təqdim edəcəyik. Burada "özəl teatr” yeni texnologiyalar,
başgicəlləndirici effektlər, rəqslər və mahnılardan istifadə etməklə maraqlı
musiqili-şou təqdim edəcəyik. Tamaşanı "Barboskinlərdə Yeni il” və
"Barboskinlər kiber məkanda” kimi hitlərin rejissorları təqdim edəcək. Kompüter
qrafikası, rəngarəng geyimlər,
ifaçıların zərif incəsənəti ilə ahənglik təşkil edən sirayətedici mahnılar
bayramın bütün qonaqlarına xoş təəssüratlar bəxş edəcək. Tamaşada sirk
artistləri və bütün uşaqların sevimli personajları olan Barboskinlər iştirak
edirlər!
Nağılın orijinal süjeti şounu Yerdəki ölkələr üzrə virtual səyahətlər
karnavalına çevirir. Qış tətilləri zamanı Barboskinlərin mehriban ailəsi Şaxta
baba səltənətində peyda olur. Füsunkar Yeni il möcüzəsi bayramına amansız
Epidemiya Oznobovna və Nasmork Virusoviç qorxu salırlar. Bütün dünyanı tutmaq
istəyən hər iki cani Şaxta babanın əfsanəvi nəqliyyat vasitəsindən istifadə
edirlər. Amma sonda onları zərərsizləşdirmək mümkün olur”.Qeyd edək ki,
sözügedən tamaşaya biletlərin qiyməti5 - 49 manat civarında dəyişir. Tamaşa iki seans olmaqla saat 12:00 və 15:00-da
başlayacaq.
"Yeni
ilin mübarək, Luntik!”
Qurumun sözçüsü deyir ki, "Yeni ilin mübarək,
Luntik!” adlı ikinci tamaşa dekabrın 27-də təqdim olunacaq: "Luntik artıq xeyli
müddətdir günəş tarlasında yaşayır və oranın bütün sakinləri ilə dostlaşmağa
vaxt tapıb. Və budur, Luntik üçün ilk qış mövsümü başlayır və onu yeni açılışlar
və tanışlıqlar gözləyir. Təbii ki, Luntikin dostları ona qışı bütün gözəlliyi
ilə görməyə kömək edəcəklər. Tamaşaçıları beş ibrətamiz qış əhvalatı gözləyir.
Əhvalatlarda onlara fəal rol verilib, axı uşaqlar qışı yaxşı tanıyırlar və
çətin vəziyyətdə kömək edə biləcəklər”.
Bu tamaşanın
da biletləri 5-49 manat civarındadır. Tamaşa iki seans olmaqla, saat 12:00 və
15:00-da başlayacaq.
"Küpəgirən
qarının hiyləsi”
Sarayda nümayiş olunacaq üçüncü proqram dekabrın 28-də
nümayiş ediləcək "Küpəgirən qarının hiyləsi” nağıl-tamaşasıdır. Yanvarın 2-3-4-də
uşaqlar üçün musiqili-əyləncəli "Qar dənəcikləri” adlı Yeni il şənlikləri
təqdim olunacaq: "Nağıl-tamaşada həmçinin, Yeni ilin sevilən personajları - Şaxta
baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni
il zarafatları ilə sevindirəcək”. "Küpəgirən qarının hiyləsi” nağıl-tamaşa iki
seans olmaqla, saat 13:00 və 16:00-da başlayacaq. 2, 3, 4 yanvar Yeni il
şənlikləri isə saat 13:00-da başlayacaq”. Biletlərin qiyməti 5- 15 manat təşkil
edir.
Kuklaçılar
"Yeni il nağılı” vəd edir
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
özünün ənənəsinə sadiq qalaraq, qarşıdakı yeni il tətilini də daimi
tamaşaçıları üçün yaddaqalan və maraqlı etməyə çalışıb. Belə ki, balacalar üçün
yeni və fərqli səhnə işləri hazırlayan teatrın yaradıcı heyəti bu dəfə onlara
unudulmaz "Yeni il nağılı” vəd edir. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə
Rüstəmova bizimlə söhbətində qeyd etdi ki, klassik və müasir yozumlu pyeslərdən
seçmələrlə səhnə həlli verilən tamaşada balacalar dünya və milli nağıl
qəhrəmanlarını bir arada görmək şansı qazanacaqlar: "Bununla yanaşı, onlar
sevimli personajlarının oyununda ibrətamiz, eyni zamanda komik hadisələri
eşidib, izləmək imkanı qazanacaqlar. Tamaşada uşaqlara paxıllıq, yalançılıq, oğurluq kimi mənfi
xüsusiyyətlərə nifrət, personajların düşdüyü komik situasiyalarla izah olunur.
Bayram əhvallı tamaşanın əsas qəhrəmanları Şaxta baba, Qar qız və uşaqların
sevimli dostu Dovşandır”.
Teatrın rejissoru Anar Məmmədovun ssenari müəllifi
olduğu və quruluş verdiyi tamaşada yaxşıların qələbəsi, dürüstlüyün zəfəri və
bağışlamağın ən üstün keyfiyyət olması diqqətə çatdırılır. Maraqlı
dekorasiyası, nağılvari tərtibatı ilə seçilən tamaşanın quruluşçu rəssamı
teatrın baş rəssamı İqbal Əliyevdir. Ritmik musiqilərlə müşayiət olunan
xareoqrafik elementlərlə zəngin tamaşada balacalar artıq onlara çoxdan tanış
olan nağıl qəhrəmanlarını da (Küpəgirən,
Qarğa, İfrit, Pirat və s.) izləmək imkanı qazanacaqlar. Tamaşada əsas rolları
teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elmira
Hüseynova, Elxan İsmayılov, Elnur Xəlilov, Cavid İbrahimov və başqaları ifa
edəcəklər.
Balacaların
Yeni il istirahətini daha da maraqlı edəcək səhnə əsəri 30 dekabrdan 8
yanvaradək hər gün dörd seans (saat
12.00, 14.00, 16. 00 və 18:00) olmaqla nümayiş olunacaq.
Gənc
Tamaşaçılar Teatrında "Qrinç”
göstəriləcək...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin qış tətili günlərində nümayiş
olunmaq üçün yeni tamaşanın hazırlanmasına start verib. "Kaspi”-yə verilən
məlumata görə Teodor Syuz Qeyzelin "Yeni ili oğurlayan Qrinç” kitabının
motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi "Qrinç” bu dəfə gənc
rejissor Elşad Rəhimzadənin (səhnə redaksiyasının müəllifi) quruluşunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
nümayiş etdiriləcək. Beləliklə, məktəblilərin qış tətili günlərində Dövlət Gənc
Tamaşaçılar Teatrının öz izləyicilərinə ən gözəl hədiyyəsi "Qrinç” ("Yaşıl
adam”) olacaq. Yeni il tamaşasının quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi
tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor
assistenti Sevda Hacışəmiyevadır.
Tamaşada Kalmıkiya Respublikasının əməkdar artisti
İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov,
Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya
Atakişiyeva, Səbinə Məmmədova, Vahid Orucoğlu, Mirzəağa Mizəyev, Natiq
Fərzəliyev, Bəhram Həsənov, Nuriyyə Əliyeva, Venera Abbasova, Könül Əbilova,
Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Nuranə Hüseynova, Ramiq Nəsirov, Yusif
Dadaşov iştirak edəcəklər.
Yeni il
tamaşası dekabr ayının 29-dan yanvar ayının 5-dək 12.00, 14.00, 16.00 və
18.00-da nümayiş etdiriləcək.
Bakı
Dövlət Sirkində "Hindistan fili və
dostları”
Bakı Dövlət Sirki də maraqlı şou vəd edir. Belə ki,
qurumun mətbuat xidmətinin rəhbəriMahirHümbətov bildirdi ki, Bakı
Dövlət Sirkində hər zaman olduğu kimi, möhtəşəm proqram hazırlanıb: "Bu il də
tamaşaçılarımıza maraqlı repertuar hazırlamışıq. Dekabrın 25-dən yanvarın 10-a
qədər "Hindistan fili və dostları” adlı proqramla çıxışımız olacaq. Bu proqrama
Macarıstanın Sirk ulduzları, Kenquri ilə boks, at rəqsləri, dəvəquşu və
meymunlar, attraksionlar, ekvilibristlər,
hava gimnastları, qeyri adi lazer
və işıq effektləri, şən klounlar olacaq.
Yeni ildə və qış tətili günlərində saat 12:00-da, 15:00-da və 19:00-da
nümayişlərimiz olacaq”.
Mahir Hümbətov qeyd etdi ki, Yeni il şousunda Şaxta
baba və Qar qızı da iştirak edəcək. Qiymətlər isə 15 manatdır. Əziz
valideynlər, yəqin ki, uşaqlarınızı maraqlandıran əsas suala cavab tapdınız.
Amma övladlarınızı yalnız bayram günlərində deyil, hər gün sevindirməyə çalışın.
Unutmayın ki, onların günlərinin əyləncəli olması yalnız sizin
əlinizdədir. Övladlarınızı bu imkandan
məhrum etməyin!
Xəyalə Rəis