“Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilib
Bu gün Zaqatalada İqtisadiyyat Nazirliyinin
təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin
nümayəndələrinin və sahibkarların iştirakı ilə "Regionların inkişafı və ixrac
sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, iqtisadiyyat
nazirinin müavini Sahib Məmmədov Azərbaycan
Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin
daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və
onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən
islahatlar barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan
yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət
növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi
sənədinin verilməsi, sahibkarların hüquqlarının daha da gücləndirilməsi ilə
bağlı Apelyasiya Şuralarının yaradılması, yerli istehsalın dəstəklənməsi və
ixracın təşviqi üçün tədbirlərin həyata keçirilməsi, regionlarda ailə təsərrüfatlarına
dəstək məqsədi ilə "ABAD” mərkəzlərinin
yaradılması ilə bağlı mühüm qərarlar qəbul edilib. İxracın
stimullaşdırılması dövlət başçısının həyata keçirdiyi iqtisadi strategiyanın
mühüm istiqamətlərindəndir və bu sahədə imzalanmış fərman və sərəncamlar qeyri-neft
sektorunun inkişafına dəstək olmaqla, ixracın genişləndirilməsində əhəmiyyətlidir.
Diqqətə çatdırılıb ki, bu gün keçirilən tədbir çərçivəsində
nümayiş olunan rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici
bazarlarda "Made in Azerbaijan” brendi ilə təşviqi istiqamətində İqtisadiyyat
Nazirliyi və AZPROMO tərəfindən kompleks tədbirlər görülür.
Zaqatala
rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə sahibkarlığın inkişafı ilə
bağlı Zaqatalada görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat
verib, belə tədbirlərin sahibkarların maarifləndirilməsi baxımından
əhəmiyyətini vurğulayıb.
Konfransda həmçinin, Kənd Təsərrüfatı Nazirliyi,
Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi, "Ərzaq məhsullarının tədarükü və təchizati” ASC, beynəlxalq biznes
assosiasiyaları və yerli şirkətlərin nümayəndələrinin təqdimatları dinlənilib.
Sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalı və emalının
stimullaşdırılması, qeyri-neft məhsullarının ixracının artırılması, ərzaq məhsullarının
keyfiyyətinin yaxşılaşdırılması, dövlət sifarişi ilə ərzaq məhsullarının satın
alınması istiqamətində görülən tədbirlər barədə geniş müzakirələr aparılıb.
Sonra tədbir iştirakçıları regionlarda fəaliyyət
göstərən və ixracyönümlü məhsul istehsal edən 20-yə yaxın şirkətin iştirakı ilə
təşkil olunmuş sərgi ilə tanış olublar.