AZE | RUS | ENG |


Poeziya

Poeziya
Əkbər QOŞALI

Bugün bitər, bitsin, neynək,
Sabah adlı umud olsun.
Yağış yağar, yer dirilər,
Göyündə ağ bulud olsun.
 
Öz könlündü öz işığın
Təmiz adın – yaraşığın...
Pirə dönsün damın-daşın
Yaxşı qonum-qonşun olsun.
 
Şair, alqış söyləyirsən,
Yerləyirsən, göyləyirsən.
Qələmini girləyirsən,
Dildə sözün-sovun olsun...
                                     
DİVANİ
 
Gah coşardın, gah susardın – halların hal deyildi,
Tək səndinmi bu dünyada əhdi-peyman eyləyən?..
Hər sözündən tük çəkirsən, günah çıxır birbəbir –
Sən deyildin yardan gələn sözü fərman eyləyən?..
 
Yenə də sevgidi sevgi, yenə dünyadı dünya...
Yalan səsdi, gəlir hərdən: yeni dünyadı dünya...
Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya,
O da dedi nə gec gəldin, a canı can eyləyən..?
 
Get, get, ey əli qələmli, dərdini faş eyləmə,
Hər gələnçün, hər gedənçün gözünü yaş eyləmə...
Tanrıya bağla qəlbini, qəlbini daş eyləmə,
Yenə odur, yalnız odur dərdə dərman eyləyən.
 
***
Torpağa daş basdırıq,
yazı yazarıq daşa...
Yazıya ürək,
ürəyə dərd qoyarıq –
torpağa köçüncəyədək
qalar ordaca...
Və bir gün daşa çıxar o dərd,
daşda yazı görünər,
yazıda ürək...
Beləcə, dərd dolanar dünyada:
torpaq-torpaq,
daş-daş,
yazı-yazı,
ürək-ürək...
Deyirəm,
gedim torpaq dərdimi yazım,
ürəklər daş olmamış...
 
SUYUN ŞƏRHİ
 
"...Balıq intihar edəndə quruya,
insan suya atılır...”*
əgər suya atılmadan ölsə belə,
ruhu göyə çəkilincə
cəsəd çəkilər suya.
Cəsəd də ələ gəlməsə,
yuyulmamış basdırsalar birini,
qəbri üstə su tökərlər, qəbri üstə...
Heç qəbri də olmasa...
göz yaşları töküləcək, göz yaşları...
Sənsiz olmur, gözəl adlı, gözəl su –
ya bir qabdan tökülürsən, ya gözlərdən...
Gözlərdən də yaş çıxmasa,
quruyan boğazımız bir udum suyla açılar...
Bir də macal tapa bilsək,
üzümüzə su vururuq, su...
Bir adın da aydınlıqdı,
Sən hələ bir məni dinlə:
Deyirəm ki, "su dili"ylə danışdıq bəzən:
Atıldınsa bir gözəlin yapayalın ayağına –
                                      sevgi oldun sən...
bir igidin arxasınca atıldınsa –
                                            uğur oldun,
çırpıldığın sifətlərdə... – soyuq oldun...
 
Okeansan Sakit dedik,
çay olunca, Kür dedik...
Donduğunda, buz söylədik,
Qalxdınsa, buxar dedik;
gah adi gözlə baxıb,
adına axar dedik...
Deyirəm,
kür yaşayıb, sakit ölmək mümkün ola,
ana su!
Sakit ölmək...
Ya sənə atılırıq,
ya sən atılırsan üstümüzə...
üzüsuluykən ölsəydim
bircə...
Sucan şeirim olsun...
(* - Misra Təranə Vahidə aiddir)
 
 
QIZ QALASI
 
 Qız Qalası,
                 derlər
 Qala Ürək olmaz, 
 Ürəyə qala derlər. –
 Sən Bakının ürəyisən,
 Qız Qalası, 
 Bu dünyanın ən bakirə qalasısan,
 Qız Qalası!
 Qoy sənə bir qarğış edim,
 alxış olsun –
 görüm, səni ömrün boyu qız qalasan,
 Qız Qalası..!
 O yanda da Oğlan Qala oğlan qalsın, 
 Aranızda həsrət olsun,
 ancaq sərhəd olmasın.
 Demirəm ki, dərd olmasın,
 dərd olsa da
 dərdinizi söyləməyə həmdərd olsun...
Zaman oldu  
 Ərk Qalası həmdərd oldu,
                   həm dərd oldu...
 Sən yenə də söyləyərsən
 anan Xəzər 
 dinlər sənin dərd-sərini
 Oğlan Qala zalım dinməz,
 Dillənsə də dağa deyər, 
                    daşa deyər dərdlərini.
Vay o gündən dərd ola da, 
                       ərk olmaya,
Dərd o gündü ƏRK olmaya...
Qız Qalası.


Qız Qalası,
Dərd deməkdən bəz düşübdü dilimə, bəz.
Mən gedirəm BƏZZə doğru
İşdi-şayət arar olsan
tonqal qala
ƏLİNCƏyə əl eylə,
Öz atəş diliylə 
                   cüt tonqalıyla,
ƏLİNCƏ arayar bizi
Ölüncə gəllik, 
ölüncə...
Qız Qalası...
 
ŞUBATIN SON GÜNÜ YAZILAN ŞEİR…
                              Tanımadığım rəssama...
Salam rəssam qardaş.
Dün iş odandaydım, lap təsadüfdən –
Bir irigöz gözəllə gəlmişdim,
Qüsura baxma, özün yoxkən girdik odana.
Yox, yox, heç nə götürmədik –
Baxmaq və sadəcə baxmaqdı işimiz…
 
Səni divardakı rəsmindən tanıdım –
Alt yazısından bildim, əslində –
"Özrəsm” deyə not keçmişdin. –
Daha doğrusu
"Avtoportret” yazmışdın sən
Mən belə oxudum,
İrigözlü etiraz etdi həmən:
– yenə türkçülüyün tutub, deyəsən…
Mən neçənci dəfə
türkçülük tutmur, xanıməfəndi,
o ya var, ya yox
                        dedim.
Qımışdı sadəcə
və iri gözlərini o biri şəklə takıverdi…
Nə başını ağrıdım,
Özünü gözəl çəkmisən –
damağında siqar,
gözlərində kədər
Qullabın da
kədərin tək dərindi, rəssam qardaş…
ancaq mənim irigözlümün gözündən dərin olmaz.
(Nə də qəşəng "mənim” deyirəm,
oysa nə sənin odan mənimdi, nə o irigöz…
Olmayacaq da..!)
Sonra "Gülən qız”ına baxdıq
Mənim irigözlümün təbəssümündən
kiçikdi məncə
onun üzü boyu yayılmış qəhqəhə…
ancaq xoşdu, gözəldi.
(Təbəssüm var bir dünyadı,
Gülüş var bir üzü aşmaz...)
 
Sən də at vurğunusan, qaliba,
                                     rəssam qardaş,
Hər iki şəklindən biri atdı, atlıdır, atladı…
Hələ o iki yorğun atın var ha..! –
veriblər baş-başa…
Vay, mənim halıma, vay,
neyləmisən, zalım.!?
İstədim onların yorğun doğmalığından
keçid alım söhbətə
irigözlüm
"adamlar və ağaclar” deyə bir şey söylədi nəsə
Mən
"bəlkə adamlar və atlar” deyə düzəltdim guya
önəm vermədi
öyləsinə keçdi… –
iri gözlərini süzdürərək…
 
Rəssam qardaş,
Odan nə yaman dağınıqdı –
Güclə keçirdik bir rəsmdən o birinə
Arada əlindən tutmaq istəyirdim onun,
amma nəyə yarar? –
Səssizcə çəkirdi əlini və irigözlərini…
 
Sonra "Pikasso” albomuna baxdıq –
kirli dolabdan alıb.
Mən "dolab” dedim, ancaq irigözlü
"şkaf” dedi, təbii
və xəfifcə "türkçülüyün tutdumu yenə?” dedi
mən dinmədim bu dəfə…
əlimi əlinə toxundurmuşdum o anda
dodaqlarım təpimişdi, qurumuşdu boğazım –
lap uşaq kimiydim, vallah
zira
o halımdan bildim
ona olan duyğumun adını…
 
Üzünü görmədiyim rəssam qardaş,
odandan heç nə götürmədik,
amma
yenə
bağışla bizi, könül qoyma.
Bəlkə gözümüzdə,
könlümüzdə
götürmüşük nəyisə –
o dağınıq odanın sənət nizamından…
 
Görüşmək ümidi ilə…
Bəlkə mənim şeirim də sənin odan kimi
                                          dar-dağınıqdı,
                        nə yapalım,
sənin əsərlərindən aldığımız zövq bizim,
bu şeir də sənin halalın olsun…
                                                                    
 
BİLMİRƏM
 
Mən ona hər gün aşiqəm,
O mənə… – bilə bilmirəm.
Xəyalıyla dərdləşirəm,
Özünə… dinə bilmirəm.
 
"Can” deyirəm, canım olmur,
Sevirəm, sultanım olmur;
Olmur, bə, ay canım, olmur,
Könlümdən silə bilmirəm.
 
Desin Əkbər – bu nə haldı..? –
Ağ üzə qara sevdadı…
Unutdum, doğmanı-yadı,
O gələrmi dinə? – bilmirəm…
 
 
ONDA QAFQAZ BİZİMDİ...
 
Bir vaxt Qafqaz bizimdi –
Boyum bulud döyürdü...
Kürəklərim böyükdü,
Onda Qafqaz bizimdi...
 
Adımıza ad əkdik,
nə səpmişdik – nə biçdik?
Söz bizdəydi, tək idik –
Onda Qafqaz bizimdi...
 
Ömürlər, anlar vardı,
Paşalar, xanlar vardı;
Can deyən canlar vardı,
Onda Qafqaz bizimdi...
 
Mən umutla doğuldum.
Heç umutsuz olmadım..!
Umut oldu-olmadı –
...Qafqaz bizimdi.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN