• çərşənbə axşamı, 16 aprel, 11:35
  • Baku Bakı 14°C

Teatrlarımızın ötən mövsümü

20.07.16 12:11 1853
Teatrlarımızın ötən mövsümü
Bir teatr mövsümünü də beləcə başa vurduq. Geridə qoyduğumuz mövsümdə teatr aləmində bir sıra yaddaqalan anlar, hadisələr yaşandı. Bu gün isə teatrlarımızın son bir illik fəaliyyətinə qısa nəzər yetirəcəyik. Geridə qoyduğumuz mövsümdə teatrlarımızda hansı tamaşalar hazırlandı? Teatr ictimaiyyəti ötən ili necə dəyərləndirir?
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə "Qarabağnamə” tamaşası ilə yekun vurdu. Ənənəvi olaraq teatr həm açılış, həm də bağlanış mərasimini "Qarabağnamə” tamaşası ilə həyata keçirdi. Teatrda baş verən yeniliklərdən biri də o oldu ki, 2010-cu ildən etibarən teatra rəhbərlik edən professor İsrafil İsrafilov işdən azad edildi. Xalq artisti Azərpaşa Nemətov teatrın bədii rəhbəri və direktoru təyin edildi.
Teatrdakı yaradıcılıq işlərinə gəlincə, bu mövsümdə "Müsyö İbrahim və Quran çiçəyi”, "Ölülər”, "Müfəttiş” kimi tamaşalar təhvil verildi. Sözügedən tamaşalar teatrın tarixində ən maraqlı və uğurlu tamaşalar sırasında yer aldı.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 88-ci mövsümdə pərdələrini H.K.Andersenin "Çirkin ördək balası” tamaşası ilə açmışdı. Mövsümlə əlaqədar olaraq bağlanış isə iyunun 26-da H.Mirələmovun "Miras” tamaşası ilə həyata keçdi.
Mövsüm ərzində teatrın səhnəsində maraqlı repertuar sərgiləndi. Teatr mövsümü maraqlı premyeralar, qastrol səfərləri, bol uğurlar ilə yadda qaldı. Belə ki, mövsüm ərzində teatrın səhnəsində Əjdər Olun "Biri vardı, biri yox”, "Mauqlinin yeni ili” (Yeni il tamaşası), X.Əlibəylinin "Dovşanın ad günü” (bərpa tamaşa), rus xalq nağılı əsnasında hazırlanan "Möcüzəli turp”, S.Şeydanın "Tülktü tülkü tünbəki” adlı uşaq tamaşaları öz həllini tapdı. Maraqlı repertuarı ilə daima tamaşaçıların rəğbətini qazanan teatrda böyüklər üçün daha rəngarəng repertuar hazırladılar. Bu mövsümdə biz Sevinc Elsəvərin "Ürəyində arzu tut” pyesi əsasında "Arzu və Murad”, Rövşən Ağayevin "Sonluğun sonu”, italyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi” və kalmık dramaturqu B.Basanqovun "Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri "Qohumlar” tamaşalarının premyeralarını izlədik. Həmin tamaşalar növbəti mövsümdən etibarən də teatrın repertuarında yer alacaq. Aldığımız məlumata görə, yeni mövsümdə teatrın səhnəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operasını tamam başqa bir üslubda, yeni formatda izləyəcəyik. Halbuki hər zaman "Leyli və Məcnun” tamaşasını opera şəklində izləmişik. Bunun üçün yeni mövsümü gözləmək və teatrın repertuarını izləmək qalır.
Azərbaycan Dövlət Pantomima Teatrı da mövsüm ərzində repertuarında yer alan maraqlı tamaşalarla izləyiciləri ilə görüşüb. Mövsümün sonuna yaxın teatrın yaradıcı heyəti Gürcüstan Dövlət Pantomima Teatrının yaranmasının 50 illiyinə həsr olunan Beynəlxalq Teatr Festivalında iştirak edib. Yeni tamaşaya gəlincə isə teatrın kollektivi Xalq artisti Bəxtiyar Xanızadə və əməkdar artist Nargilə Qəribovanın hazırladığı "Adajio” tamaşasını mövsümün sonuna yaxın təhvil verdi. Pantomima teatrların ən çətin janrı olduğu üçün il ərzində 2 və yaxud da maksimim 3 tamaşa hazırlanır. İl ərzində "Adajio” ilə bərabər teatrın daxilində ikinci bir tamaşa üzərində də iş gedib. Həmin tamaşa ilin sonlarına yaxın təhvil veriləcək. Bir neçə aydır ki, teatrın yaradıcı heyəti bu tamaşa üzərində çalışıb. Teatrın direktoru, əməkdar artist Elman Rəfiyev deyir ki, sözügedən tamaşa tamamilə başqa janra aiddir. O, bizimlə söhbətində bildirdi ki, teatrın yaradıcı heyəti bu tamaşa ilə də izləyicilərini heyrətləndirməyi bacaracaq.
Məlumat üçün bildirək ki, Pantomima Teatrı mövsümü sentyabrın 19-da "Pantomim buketi” tamaşası ilə açmışdı. Bu ayın 13-də "Adajio” tamaşası ilə mövsümü bağlı elan etdi. Elə sentyabrın 13-də də teatrın yaradıcı heyəti bu tamaşa ilə tamaşaçılarını salamlayacaq.
Azərbaycan Dövlət Musiqili Teatrı cari mövsümü iyulun 17-də başa vurub. Bağlanış günü dahi Üzeyir Hacıbəylinin iki hissəli "O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub. Teatrın 106-cı mövsümü çox uğurlu və əlamətdar olub. Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirdi ki, 106-cı mövsüm doğrudan da onlar üçün çox zəngin və uğurlu olub: "Mövsüm boyu ölkə başçısı cənab İlham Əliyevin müxtəlif sərəncamlarıyla böyük gülüş ustamız, əvəzsiz aktrisamız Afaq Bəşirqızı "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, baş xormeysterimiz Vaqif Məstanov, aktyorlarımız Svetlana Bulax, Əzizağa Əzizov Azərbaycan Respublikasının əməkdar artisti, truppa müdirimiz Vidadi Həsənov Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adlarına, 9 əməkdaşımız isə Prezident mükafatına layiq görülüb. Bu, bizim işimizə verilən ən yüksək, ən ali qiymətdir. Fürsətdən istifadə edib bir daha ölkə başçısı cənab İlham Əliyevə teatrımıza, ümumilikdə Azərbaycan mədəniyyətinə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. Artıq biz 107-ci mövsümə hazırlaşırıq. Nəzərdə tutduqlarımızı həyata keçirə bilsək, inanıram ki, daha böyük uğurlara imza atacağıq”.
Geridə qoyduğumuz mövsümdə teatrın səhnəsində Əli Səmədlinin "Toya bir gün qalmış” tamaşasının premyerası baş tutub. Bundan sonra Rauf Hacıyevin "Qafqazlı qardaşqızı”, Elçinin "Baladadaşın toy hamamı”, "Min bir gecə” nağılları əsasında hazırlanan "999-cu gecə” tamaşaları öz səhnə həllini tapdı.
Teatrın yaradıcı kollektivi uşaqları da nəzərə alaraq bu mövsümdə onlar üçün də maraqlı tamaşa hazırladı. Belə ki, uşaqların sevimli qəhrəmanları olan "Şəngülüm, Şüngülüm, Məngülüm”ün motivləri əsasında "Dəcəl çəpişlər” tamaşası hazırlandı.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı üçün də mövsüm məhsuldarlıqla bitdi. Bu il Kukla Teatrı öz repertuar planını tam şəkildə yerinə yetirdi. Teatrın mətbuat katibi Həmidə Rüstəmova deyir ki, mövsüm üçün nəzərdə tutulan tamaşalar uğurla hazırlanıb, tamaşaçılara təqdim olunub: "Geridə qoyduğumuz mövsümdə teatrın səhnəsində "Oyaq gözəl”, "Gözəl və bədheybət”, "Sehrli üzük”, "Ağ babanın nağılı” tamaşaları səhnə həllini tapdı. Teatrın yaradıcı heyəti nisbətən yuxarı yaş qrupunda tamaşaçıları da unutmadı. Tamaşaçıların istəyini nəzərə alaraq "Melodiya” və "Zəng” adlı tamasalar səhnə həllini tapdı”. Teatrın sözçüsü deyir ki, yeni və fərqli tamaşalara müraciət etməyə çalışıblar: "Ümumilikdə geridə qoyduğumuz mövsüm teatrımız üçün məhsuldar oldu. Tamaşaçılarımızın adət etdiyi klassik nümunələrlə yanaşı, çağdaş uşaq ədəbiyyatı nümunələrinə səhnə həyatı verən teatrımızda hazırlanan tamaşaların səhnə texnikası və quruluş həlli də müasirliklə ənənə sintezində təqdim olunur. Bu mənada biz istər dünya, istərsə də milli bədii nümunələrdə müasir tamaşaçını, dövrün uşaqlarının psixologiyasını əks etdirən nüansları önə çəkirik. Teatrımızın nəzdindəki "Oyuq” teatr studiyasının da kifayət qədər uğurları oldu. Belə ki, "Yatmış gözəl” adlı yeni səhnə işi və silsilə konsert proqramları ilə bir neçə dəfə həm teatrın səhnəsində, həm də ayrı-ayrı internat məktəbi, uşaq evlərində çıxışlar etdilər. 85 yaşını qeyd edən teatrımız yeni mövsümdə daimi tamaşaçılarına yenə fərqli və maraqlı səhnə işləri vəd edir”.
Məlumat üçün bildirək ki, yeni mövsümdən Kukla Teatrının yubiley tədbirləri qeyd olunacaq və bu münasibətlə daha çox dəvətli rejissorların quruluşları yer alacaq.
Bakı Uşaq Teatrı da geridə qoyduğumuz mövsümü məhsuldar başa vurub. Belə ki, teatrın repertuarındakı ən maraqlı tamaşaların yazarı olan Arzu Soltanın qələmə aldığı "Meymun ili” ən uğurlu tamaşalar sırasında yer aldı. Qeyd edək ki, tamaşanın rejissoru İntiqam Soltandır. Bundan başqa, teatrın səhnəsində Abdulla Şaiqin "Danışan gəlincik” tamaşası nümayiş olundu ki, bu tamaşanın rejissoru İlhamə Əhmədova idi. Teatrın repertuarına rəngarənglik qatmaq üçün klassikaya müraciət edən İntiqam Soltan Nizami Gəncəvinin "Xeyir və Şər”inə tamam başqa üslubda quruluş verdi. Mövsümün ən maraqlı uşaq tamaşalarından biri də Arzu Soltana məxsus olan "Dovşanın evi” tamaşası oldu. Bu tamaşanın da rejissorluğu İntiqam Soltana məxsusdur.
Bundan başqa, teatrın repertuarında yer almış bir çox tamaşalar da geridə qoyduğumuz mövsümdə bərpa olundu. Bunlara "Günahsız günahkarlar”, nağıl əsasında hazırlanmış "Gücümüz birlikdədir”, monqol nağılı əsasında hazırlanmış "Dələduz siçanlar” tamaşaları daxildir. Geridə qoyduğumuz mövsümdə Bakı Uşaq Teatrının yaradıcı heyəti ayda bir gün milli geyimlərlə "Canlı abidələr” layihəsi ilə yaddaşda qaldı.
Məlumat üçün bildirim ki, bu mövsüm də teatrın bina problemi həll olunmadı. Qaraçuxurda mədəniyyət evlərinin birində sığınacaq verilən teatrın səhnəsi tamaşa göstərmək üçün o qədər də əlverişli deyil. Çünki teatr səhnəsi tamam başqa üslubda hazırlanmalı və konsert səhnələrindən fərqlənməlidir. Ümid edirik ki, heç olmasa növbəti mövsümdə bu problem həll olunar.
Yeni mövsümdə teatrlarımızın yeni layihələri və maraqlı premyeraları ilə görüşmək ümidi ilə,
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər