• cümə, 29 Mart, 10:28
  • Baku Bakı 5°C

MƏNİM ANAM - MARİNA SVETAYEVA

28.06.16 11:27 2518
MƏNİM ANAM - MARİNA SVETAYEVA
AİLƏSİ
Marina İvanovna Svetayeva sanki tənhalar ittifaqı olan bir ailədə doğulmuşdu. Atası İvan Vladimiroviç Svetayev dahi və qərəzsiz, zəhmətkeş və maarifçi, indi dünyanın dünyəvi mədəniyyət mərkəzi sayılan, inqilabaqədərki Rusiyada ilk Dövlət Təsviri İncəsənət muzeyini yaradıcısı olub. Onun çox sevdiyi, gözəl-göyçək xanımı Varvara Dmitriyevna İlovayskaya erkən - ərinə oğul hədiyə edərək dünyasını dəyişmişdi. İvan Vladimiroviç ikinci dəfə nikaha gənc Mariya Aleksandrovna Meynlə girdi. Onun qarşısında - İvan Vladimiroviçin böyük qızı Valeriya və kiçik oğlu Andreyə - anasını əvəz etmək vəzifəsi dururdu. Qəlbində mərhum yoldaşına sevgisini dəfn etmədən, onun Mariya Aleksandrovlayla həm zahiri oxşarlığına, həm də daxili zənginliyi, fədakarlığı, ciddiliyinə vurularaq evlənmişdi.
Lakin Mariya Aleksandrovna isə kimisə əvəz etməyi bacarmaq üçün həddindən artıq özüylə burnu, gözəl dodaqları) yalnız xarakterlərində olan fərqi hiss elətdirirdi: ikinci xanımın birinci xanım kimi nəcibliyi, zərifliyi, incəliyi yox idi. Bu cür xanıma xas keyfiyyətlər, Mariya Aleksandrovna kimi kişi şəxsiyyətli, möhkəm xarakterli qadınlarda az-az rast gəlinir. Üstəlik o, anasız böyüyüb, boya-başa çatmışdı. Onu tərbiyə edən böyük ürəyə sahib isveçrəli mürəbbiyəsi elə də ağıllı xanım deyildi. Qızcığazın beyninə ancaq rəngsiz, çalarsız "ciddi qaydalar" doldura bilmişdi. Qalan hər nə vardısa Mariya Aleksandrovna özü özünə təlqin etmişdi.
İvan Vlamiroviçə ərə gələrkən o, başqasını sevirdi. Sevdiyi adamla nikahı mümkünsüz olduğundan, bütün çətinliklərə son qoymaq, sonsuz hörmət etdiyi insana və onun yetim qalmış iki uşağına gündəlik xidmət etməklə həyatını məqsədli yaşamaq, mənalandırmaq üçün ailə qurmuşdu.
Evdə, Varvara Dmitriyevnanın hələ yoxluğundan soyumamış cehizlərini gənc evdar xanım özünə uyğun rahatlıqda, qulluqçunun, birinci xanımın qohumlarının və ən başlıcası doqquzyaşlı ögey qızının fikirlərini nəzərə almadan yerbəyer etmişdi. Bu sahmanı öz ağlına, daxili səsinə görə yaratmışdı. Çünki bunun üçün heç bir təcrübəsi yox idi.
Valeriya, Mariya Aleksandrovnanı elə uşaq yaşlarından həmişəlik sevmədi. Bəlkə də onda bəzi şeyləri dərk etdisə də, qəlbində onu qəbul etmədi və heç vaxt bağışlamadı: ən başlıcası təbiətin özünün onun öz daxili təbiətinə, insani mahiyyətinə yad olması; üsyan və mütəşəkkilliyin, mübtəlalıq və təmkinin, istibdad və azadlıqsevərliyin qeyri-adi birliyi, bu cür özünə, ətrafındakılara qarşı tələbkarlıq, Varvara Dmirtiyevna sağlığında olan sevginin tam əksi olan asketizm ruhunun analığın evə yükləməsini bağışlaya bilməmişdi. Bütün bunlar o zamanlar qəbul edilmiş çərçivələrin kənarında idi. Bəlkə də Valeriya, anası Varvara Dmitriyevnanın bülbül kimi oxumaq istedadına əvəz kimi, dahi pianoçu Marina Aleksandrovnaya verilmiş istedadın bu cür qüdrətini qəbul edə bilməmişdi.
Xarakterlərinin uyğunsuzluğu axır o həddə çatdırdı ki, Valeriyanı babası tarixçi İlovayskinin başçılığı altında "ailə şurası”nın məsləhəti ilə Yekaterina "nəcib qızlar” institutuna yerləşdirildi. Orada onun çoxlu dostları oldu. Andrey isə evdə tərbiyə alırdı. Mariya Aleksandrovna ilə münasibəti yaxşı olsa da, aralarında cani-dildən yaxınlıq heç vaxt yaranmadı. Onun bu cür doğmalığa ehtiyacı yox idi. Heç Mariya Aleksnadrovna da buna meylli deyildi.
Ailənin sevimlisi, yaraşıqlı, istedadlı, müəyyən qədər ünsiyyətcil olan Andrey, bütün həyatı boyu bir azca özünəqapalı yaşadı. Ömrünün sonuna qədər nə insanlara, nə həyata açıla bilmiş, nə də ki, bütün bacarıqları və istedadı ilə özünü göstərə bilmişdi.
İvan Vladimiroviçin ikinci nikahından dünyaya gəlmiş iki qızından valideynlərinə daha çox ikinci qız – Anastasiya yaxın idi; uşaq yaşlarında o, sadə, üzüyola, Marinadan mehriban idi. Kiçikliyi və müdafiəsizliyinə görə anasına daha çox yaxın olan və daxilən onunla birgə rahatlıq tapan qız idi. Asyanı ancaq sevmək olardı. Böyük qızı Marinada isə, Mariya Aleksandrovna elə erkən yaşarlındaca özünü – öz romantizmini, öz çatışmazlıqlarını – istedadın işartılarını, özünün və üstəlik Marinanın zirvələrini və uçurumlarını görürdü. Görürdü və bu kələ-kötürlükləri hamarlamağa çalışırdı. Əlbəttə ki, bu ən gözəl səviyyədə ana sevgisinin özü idi. Lakin bu mübarizə həm də onun özündə artıq oturuşmuş, uşaqda isə hələ ki tam özünü tapmamış nələrləsə – gələcəklə apardığı çox ümidsiz bir mübarizə idi. Bu mübarizə məhz gələcək naminə idi... Marinayla mübarizə aparmaqla, o həm də Marina üçün mübarizə aparırdı. Və qəlbinin ən gizlin bir guşəsində qələbə çala bilmədiyi üçün, hətta sevinirdi də!
Marina Aleksandrovnanın qızlarının uşaq çağlarında bir-birləri ilə yola getməməsinin, sonralar, artıq yeniyətməlik dövrlərində yaxınlaşmalarının bir çox səbəbləri vardı: bu bir tərəfdən Marinanın Asyaya duyduğu uşaq qısqanclığından doğurdu. Çünki anaları Asyaya daha çox sevgi və qayğı göstərirdi. Həm də Marina özündən böyüklərlə ünsiyyətdə olmağı sevirdi. Öz ağlı, dərrakəsi ilə onlardan heç də dala qalmır və kamilliyini daha da artırırdı. Onun həm özü səviyyəsindəkilərdən, həm də özündən güclülərdən üstün olmaq iddiası vardı. Amma heç vaxt özündən zəiflərə gücünü göstərməzdi. Və nəhayətdə onun kimi inkişaf etmiş qıza, uşaq kimi müstəqil olmayan Asya çox maraqsız idi. Ancaq öz daxilindəki "məni" üstələyəndən sonra, aralarındakı iki illik fərqi dəf edərək artıq yeniyetməlik və gənclik illərindən başlayaraq Asya Marinanın dostu ola bildi. Analarının erkən vəfatı da yetim qalmış qızları bir-birinə daha da yaxınlaşdırdı.
Ömürlərinin bahar çağında bacıların müəyyən oxşarlıqları vardı – zahiri görünüşləri və xarakterləri. Əsas fərqləri isə bu oldu ki, Marina hərtərəfli olmasıyla erkən yaşlarından və həmişəlik istedadının yeganə və dərin axarına düşdü. Asiyanın istedadı və məqsədləri bir çox şaxələrə ayrıldı. Və onun daxili yanğısı bir çox səbəblərdən yatırdı. Sonralarsa bacıların həyat yolları tamamilə ayrıldı.
Atasına əbədi sevgiylə bağlı olan Valeriya, onun kiçik qızları, ögey bacılarına qarşı eyni cür münasibətlə – dostcasına, mehribancasına davranırdı. İnstitut tətilləri zamanı və oranı bitirdikdən sonra evə gələndə hər ikisini əzizləyir, sanki Mariya Aleksandrovnanın tələbkarlığını, ciddiliyi "neytrallaşdırmağa" çalışırdı. Onun da, qardaşı Andreyin də analıqlarından asılılıqları yox idi. Lakin Valeriyanın münasibətinə qarşı Asya səmimi və ona xüsusi bir bağlılıqla cavab verirdi. Marinasa bunda bir hiylə, fırıldaq duymuşdu: Valeriyanın əzizləmələrini rədd etmədən, gizli himayəsindən istifadə edərək, sanki anasına – onun qoyduğu qaydalara və həm də özü-özünə xəyanət edirdi. O, heç cürə konfet və Balerina kitabxanasından kitabların qiraətinə yox deyə bilmirdi.
Marina üçün böyük bacının mehribanlığı sadəcə bir hiyləgərlik idi. Bu, Valeriyanın analığına qarşı silahı idi, anasının qızlarına təsirini zəiflədirdi. Marina sədaqət və xəyanət, tamah və borc arasındakı dərin uçurumu anlayınca, Valeriya ilə münasibətləri pozulmağa başladı. Onun bacısına qısamüddətli və görünür, heç də dərin olmayan sevgisi tezliklə qərəzli ədavətə, daha sonralarsa düşmənliyə çevrildi.
(Valeriya çox məntiqli bir xanım idi. Və gənclik illərində Marinayla ayrılandan sonra, bir də heç vaxt onunla görüşmək niyyətinə düşmədi. Yaradıcılığıylasa ətrafdakılar onun haqda danışandan sonra, ölümünə lap az vaxt qalmış maraqlandı. Marina isə hələ bir neçə onilliklər də yaşadı. Asya, Andrey və onun ailəsiylə müəyyən distansiya saxlamaqla ünsiyyətdə idi).
İvan Andreyeviç bütün uşaqlarını eyni məhəbbətlə sevirdi. Hamısı onun üçün dəyərli idi. O, ailənin xoşbəxtliyi uğrunda əlindən gələn hər bir şeyi etsə də, mübahisələr onu kədərləndirirdi. Mariya Aleksandrovna ilə münasibətləri qarşılıqlı hörmət və xeyirxahlıq üzərində qurulmuşdu. Mariya Aleksandrovna ərinin muzey işlərində köməkçisi, həyatında çox zəhmətlər sayəsində çatdığı məqsədinə olan bağlılığını və bu səbəbdən də ev işlərindən uzaq qalmağını anlayışla qarşılayırdı. Musiqiyə yabançı qalan İvan Vladimoviçsə qadınının musiqiyə olan faciəvi bağlılığını başa düşürdü. Çünki o dövrün yazılmamış qanunlarına görə, necə istedada malik olmasından asılı olmayaq, pianoçu qadın öz otağının divarları arasında yaşamağa məcbur idi. Fortepiano musiqisinin çoxlu sayda insanlar üçün ifa olunduğu konsert zallarında, qadın yalnız dinləyici qismində iştirak edə bilərdi. Dərin və güclü istedadlı Mariya Aleksandrovna bu istedadda qapalı, susqun qalmağa və ancaq özü üçün ifa etməyə məhkum idi.
Mariya Aleksandrovna övladlarını dar dünyagörüşlü böyütmürdü: onların gözünü insana hər zaman sadiq olan əbədi təbiət möcüzələrinə açdı, uşaqlıq sevincləri, ailə bayramlarının sehriylə, yeni il yolkaları ilə sevindirir, dünyanın ən yaxşı kitablarını hədiyyə edirdi.
Dünyasını dəyişəndə qızlarının böyüməsini görə bilmədiyi üçün təəssüflənirdi. Lakin son nəfəsində dediyi sözlər bu olub: "Mənim bircə musiqiyə və günəşə heyfim gəlir".
ONUN ƏRİ. ONUN AİLƏSİ
Marinayla eyni gündə, lakin bir il sonra – 26 sentyabr 1893-cü ildə həyat yoldaşı Sergey Yakovleviç Efron dünyaya göz açmışdı. O, doqquz uşaqlı ailədə altıncı övlad idi.
Anası Yelezaveta Petrovna Durnova (1855-1910) qədim zadəgan ailəsindən, erkən yaşlarında istefaya çıxmış zabit, I Nikolaya yaxın adamlardan birinin yeganə qızı idi. O və gələcək əri – Moskva Texniki Məktəbinin dinləyicisi olan Yakov Konstantinoviç Efron (1854-1909) "Torpaq və İradə" partiyasının üzvləri idilər. 1879-cu ildə "Qara bölüşdürmə" qrupuna qoşuldular. Onlar Petrovsk-Razumovsk toplantısında tanış olmuşdular. Zadəgan cəmiyyətindən gizlin gəlmiş qarasaçlı, yaraşıqlı, gözəl qız, Yakov Konstantinoviçə "başqa planetdən gələn məxluq" təəssüratı yaratdı. Lakin sən demə onların "İnqilab" adlı yeganə planeti varmış.
Yelezaveta Petrovnanın, dövrünün inqilabi-demokratik hərəkatında vacib rol oynayan siyasi baxışları, P.A.Kropotkinin təsiri altında yaranmışdı. Onun sayəsində hələ gənc yaşlarında I Beynəlxalqın üzvü olmuş və öz həyat yolunu təyin etmişdir. Kropotkin şagirdi ilə qürur duyur, həyatındakı hadisələrdə yaxından iştirak edirdi. Aralarındakı dostluq bağlarını ancaq ölüm qıra bilmişdi.
Yakov Konstantinoviç və Yelezaveta Petrovna təşkilatın onlara tapşırdığı bütün ən təhlükəli və müşkül tapşırıqları yerinə yetirirdilər. Yakov Konstantinoviçə iki yoldaşı ilə birlikdə "Torpaq və İradə" İnqilabi komitəsinin provakator Reynşteynçün verdiyi hökmü yerinə yetirmək tapşırılmışdı. O, 26 fevral 1879-cu ildə edam olunmuşdu. Polis günahkarları heç cürə müəyyənləşdirə bilməmişdi.
1880-cı ilin iyulunda Yelezaveta Petrovna Moskvadan Peterburqa qeyri-leqal ədəbiyyatın və gizli mətbəə üçün dəzgahın daşınması zamanı həbs olunaraq, Peropavlovsk qalasında saxlanılmışdır. Heç nədən xəbərsiz olan ata üçün qızının həbsi valideyn hisslərinə və monarxiyal inamına vurulan dəhşətli zərbə oldu. Geniş əlaqələrinin köməkliyi ilə qızını zaminə buraxdıra bildi. O, xaricə qaçdı. Yakov Konstantinoviç onun dalınca getdi. Onlar oradaca nikah oxutdurub, birlikdə uzun və xoşbəxt yeddi il yaşadılar. İlk övladları Anna, Pyotr və Yelezaveta mühacirətdə doğuldular.
Rusiyaya geri dönəndən sonra Efronovun həyatı ağır keçdi: xalq hərəkatı darmadağın edilmiş, dostları həbsxanalara, yad vilayətlərə sürgünə səpələnmişdi. Polisin nəzarəti altında Yakov Konstantinoviçin ancaq sığorta agenti vəzifəsində işləməyə haqqı vardı. İşi maraqsız və perspektivsiz idi. Maaşının azlığı isə ailə saxlamağa – yedizdirmək, geyindirmək, oxutdurmaq, dava-dərmana güclə yetirdi. Yelezaveta Petrovnanın yaşlı valideynləri ayrı yaşayırdı. Və onların bu cür ehtiyac içində ömür sürməklərindən bixəbər idilər. Heç qızları da onlardan yardım istəmirdi.
Bütün gündəlik məişət çətinliklərinə, bütün ağır faciələrinə (üç kiçik övladları – Alyoşa və Tanya meningitdən, hamının sevimlisi, yeddi yaşlı Qleb anadangəlmə ürək qüsurundan dünyasını dəyişmişdi) baxmayaraq, Efronovlar ailəsində böyüklər və kiçiklər arasında qeyri-adi harmoniya vardı. Ailədə məcburiyyətə, qışqır-baxıra, cəzalandırmalara yer yox idi. Hər kəs, hətta ən kiçik nümayəndə belə azad böyüyür və inkişaf edirdi. Onlar ancaq intizama – vicdan və sevgiyə tabe olaraq yaşayırdılar.
Bu ailədə hər kəs çox nadir bir qabiliyyətə – bir-birlərini qarşılıqlı və layiqincə sevmək qabiliyyətinə malik idilər. Aralarındakı münasibətlərdən valideyn və övladlarda fədakarlıq, təmənnasız səxavət, etinalı nəzakət, birlikdə görüləcək hər bir işə qarşı canıyananlıq, məsuliyyətl hissi yaranmışdı. Bu keyfiyyət və qabiliyyətlər mənəvi borc deyildi. Hamı – böyüklü-kiçikli temperamentli, ehtiraslı və buna görə da şövqlü insanlar idilər. Sevməyi bacardıqları üçün nifrət etməyi də bacarırdılar... Lakin özlərinə hakim də ola bilirdilər.
90-cı illərin sonlarında Yelezaveta Petrovna yenidən inqilabi fəaliyyətə qayıdır. Onunla bu yolda birgə böyük övladları da addımladı. Yakov Konstantinoviç həminki vəzifəsində, həminki sığorta şirkətində işinə davam edərək "inqilabçı yuvasına" arxa-dayaq olmağa davam edirdi. Tez-tez dəyişdikləri kirayə evlərində valideynlərinin köhnə yoldaşları da, gənc dostlar da – kursistkalar (inqilabdan qabaq Rusiyada ali qız məktəbi tələbələri), tələbələr, gimnaziyada təhsil alanlar toplaşırdılar. Bıkovdakı bağ evində bəyannamələr dərc edir, partlayıcılar hazırlayır, silah gizlədirdilər.
Həmin illərin və sonrakı dövrlərin fotolarında Yelezaveta Petrovnanın cəsarətli və zərif obrazı – bəyaz saçlı, yorğun, lakin əyilməz bir qadın, dərinliyə və dərinlikdən boylanan gözləri əks olunub. Dərisinə erkən düşən qırışlar dodaqlarının kənarından axaraq, ensiz alnında cızıqlar əmələ gətirirdi. Sadə geyimi arıq cismi üçün həddindən artıq geniş idi. Yanında dayanan əridir. Onun açıq, iri sifəti, kiçik ağzı var. Aydın və parlaq gözləri, azca yuxarı dartılmış burnu var. Və onun da saçlarında erkən düşən bəyazlar, qırışlar, cizgilərdə həminki dözüm möhürü var. Və bu bənizdə də zərrə qədər olsa itaətkarlıq yoxdur.
Onlar övladlarının əhatəsindədirlər: sonralar əmək dərnəklərinin rəhbəri olacaq və Baumanın həyat yoldaşı ilə barrikadalar quracaq Anna; hökumət əleyhinə işlərinə və məhbusxanadan qaçmaq cəhdlərinə görə mühacirətdə olan və yalnız Birinci Dünya Müharibəsi ərəfəsində ölmək üçün vətənə dönməsinə icazə verilən Pyotr; anasının rəfiqəsi – Vera Zasuliçin şərəfinə adlandırılan, həyata dustaqxanalardan qədəm qoyan, hələlik ki hörüklü qızcığaz Vera; Böyüklərin dayağı və köməkçisi, kiçiklərin tərbiyəçisi Yelezaveta (sonralar Marina İvanovna Svetayeva onu "ailənin günəşi" adlanadıracaq); İnqilaba ən çətin, dolama-dolama yolla gələn və həyatını bu yolları hamarlamağa sərf edən Seryoja; Yeniyetmə çağlarında vəfat edən və ardınca anasını aparan Konstantin...
Yelezaveta Petrovnanın və silahdaş-övladlarının siyasi aktivliyi ən yüksək həddinə 1905-ci il inqilabında yüksəldi. Ardınca ailənin üzərinə çökən siyasi repressiyalar, onun ümumi taleyini başqa-başqa insanların başqa-başqa taleyinə parçaladı. Qızğın axtarışlar, həbslər, istintaq və məhbəslər, qaçışlardan hər biri üçün dəhşətli həyəcan keçirən Yakov Konstantinoviç, katorqa təhlükəsi ilə üzbəüz dayanan Yelezaveta Petrovnanı Butırokdan xilas edir. Dostlarının köməyi ilə zamin durub, xəstə və incidilmiş həyat yoldaşını xaricə göndərir. Və o heç vaxt vətənə qayıda bilmir. Mühacirətdə olarkən ərindən sonra çox az yaşadı. Ürəyinin son arxa-dayağını – kiçik oğlunu itirəndən sonra cəmi bir gün sonra vəfat etdi.
Birinci rus inqilabi dövründə Seryojanın 12 yaşı tamam olmuşdu; hadisələrin ancaq kənardan sədasını eşidən Seryoja, böyüklərə heç bir yardımının dəymədiyini anlayaraq inqilabda bilavasitə iştirak edə bilmədiyinə görə əzab çəkirdi. Böyüklər onu "uşaqlığa" uzaqlaşdırmışdılar. O uşaqlıq ki artıq yox idi, o uşaqlıq ki ailəni bürüyən ağır sınaqlar içində artıq çoxdan bitmişdi. Seryoja isə elə tez böyüməyə can atırdı. Qəhrəmanlıq göstərmək həvəsi onu bürüyürdü. Və bu qaynar hissi adi gimnaziyada adi təhsil almaqla söndürə bilmirdi. Həm də ki, təhsil və Seryojanın varlığı Yelezaveta Petrovanın gedişi ilə öz ritm və sabitliyini itirmişdi. Beşikdən doğma evinin sahmanına uyğunlaşmadan, müxtəlif təhlükəli hallara sinə gərərək gah bu, gah da başqa damın altında yaşamaq məcburiyyətində qalırdılar. Ancaq cəmi bir yayı oğlan ailəsinin digər üzvləri ilə birgə anasının yanında İsveçrədə – ona gənclik illərini və ilk mühacirəti xatırladan yerlərdə keçirmişdi.
Yeniyetməlik çağlarında Seryoja vərəm xəstəliyinə yoluxdu. Xəstəlik və anasından ötrü çəkdiyi xiffət qəlbini dağlayırdı. Anasının ölümünü ondan xeyli vaxt gözlətməli oldular. Xəbəri eşitcək susqunluğa qərq oldu. Kədər sözdən və göz yaşlarından daha böyük idi.
Yemiyetməlik və gənclik yaşlarında o, daxilən dərin qarışıq və dərin tənha olsa da, nisbətən ünsiyyətcil idi.
Bu tənhalığı ancaq Marina dağıda bildi.
Onun on səkkiz, qızınsa on yeddi yaşı olanda – 5 may 1911-ci ildə sahildə görüşmüşdülər. Qız kiçik daşlar toplayırdı. Gənc, yaraşıqlı, iri gözləri olan oğlan ona yardım etməyə başladı. Həmin o gözlərə baxaraq Marina ürəyində tutdu ki, əgər daşların arasında serdolik daşı tapıb ona hədiyyə etsə, mütləq həmin oğlana ərə gedəcək! Əlbəttə ki, Seryoja sedoliki o dəqiqə tapdı, lakin bozumtul gözlərini onun yaşıl gözlərindən çəkə bilmirdi. Çəhrayı, içəridən parlaq, iri daşı qızın ovucuna qoydu. Mariyanın ömrünün sonuna qədər qoruyub-saxladığı həmin daş, indi də salamatdır.
Seryoja və Marina 1912-ci ilin yanvarında nikaha girdilər. Onların ilk görüşü və Birinci Dünya Müharibəsinin başlanması arasındakı dövr, onların həyatındakı yeganə sakit dövr idi.
1914-cü il ildə Seryoja – Moskva Universitetinin 1-ci kurs tələbəsi sanitar qatarında feldşer kimi müharibəyə yollandı. O hey müharibəyə can atsa da, tibbi komissiya ona icazə verməmək üçün sıravi xidmətə yararsızlığına görə səhhəti ilə bağlı müxtəlif səbəblər tapırdı. Və nəhayət o, yunker məktəbinə qəbul olundu. Bu da onun sonrakı həyatına bədbəxtliklər gətirdi. Əhatəsində olduğu zabitlərin təsiri altında vətəndaş müharibəsinin əvvəllərində onu ağ qvardiyaçılara qoşdular.
Yoldaşılıq ideyasının, anda sadiqliyin yanlış başa düşülməsi, "ağ hərəkatın" artıq tənəzzülə uğramasının labüdlüyü hissi, onu dünyanın ən kədərli, səhv və əzablı yollarıyla Gelibolu və Konstantipoldan keçərək, Çexiya və Fransaya – canlı xəyalatlar kolonuna, vətəndaşlığı, bu günü, gələcəyi olmayan, çiyinlərində ancaq keçmişin inanılmaz ağır yükünü daşıyan insanların yanına aparır.
Vətəndaş müharibəsi illərində valideynlərim arasındakı əlaqə demək olar ki tamamilə kəsildi. Ancaq yalançı, əsassız şayiələr çatırdı, demək olar ki məktublar yox idi – onlarda yazılan suallar heç vaxt cavablarla üst-üstə düşmürdü. Əgər bunlar olmasaydı, kim bilir bu iki nəfərin taleyi necə olacaqdı?! Hələliksə müəmmanın bu tərəfində Marina "ağ hərəkatı” vəsf edir, yoldaşı isə o biri tərəfdən hər gün qarış-qarış, addım-addım onu pisləyirdi.
Sergey Yakovleviçin ağ qvardiyanın tör-töküntüsü ilə Türkiyədə olduğundan xəbər tutan Marina, xaricə gedən Erenburqa onu axtarıb-tapmağı tapşırır. Erenburq Sergeyi tapanda o, artıq Çexiyaya köçüb, Praqa Universitetinə daxil olmuşdu. Və Marina qərar verdi ki, ərinin yanına getsin.
Anamla ora gəldikdən sonra valideynlərim arasında gedən bir söhbəti xatırlayıram:
"... Marinoçka bu heç də tam belə deyildi", – dedi atam, əzablar içində "Qu quşu qatarı"ndan bir neçə şeir dinlədi. "Nə olmuşdu?" – "Xalqın dəstəkləmədiyi, lakin bizim zənnimizcə xalq üçün apardığımız qardaş qırğını. Biz xalqı tanımırdıq, anlamırdıq. "Biz" yox, içimizdən ən yaxşıları. Qalanları isə ancaq bolşeviklərin alıb xalqa verdiklərini onlardan geri almaq üçün döyüşənlər idi. "İnam, çar və vətən" uğrunda döyüşlər gedirdi. Elə onların nəticəsində güllələnmələr, edamlar və oğurluqlar olurdu". "Bəs qəhrəmanlar da vardımı?" – "Vardı. Lakin xalq onları qəhrəman kimi qəbul etmir. Bəlkə də nə vaxtsa qurban kimi qəbul edər..."
"Bəs siz necə, siz Seryojenka..." – "Bax bu cür: müharibə illərinin vağzalını təsəvvürünüzə gətirin – əsgərlərlə, yükdaşıyanlarla, qadınlarla, uşaqlarla dolu böyük bir stansiya. Hamı bir-birini itələyərək, dartaraq vaqonlara minməyə çalışır... məni də dartıb vaqona salırlar, üçüncü zəng, qatar tərpənir – bir anlıq rahatlıq, – şükürlər olsun sənə Allahım! Və birdən dəhşətli bir qorxu içində qatarda bir çoxlarıyla necə qorxunc yerə düşdüyünü anlayırsan. Və anlayırsan ki, bu qatarın geriyə dönüşü yoxdur, relslər dağılıb. Geriyə, əziz marinoçkam, ancaq piyada bütün ömür boyu şpalların üstüylə qayıtmaq mümkündür..."
Bu söhbətdən sonra Marinanın "Relslər üstündəki şəfəq"i yazıldı.
Atamın ömrünün qalan hissəsi şpalların üstüylə saysız-hesabsız çətinliklərdən, təhlükələrdən addımlayaraq Rusiyaya geri dönməkdən ibarət idi. O, vətənə oğulluğu ilə yox, oğlu ilə qayıtdı.
Rus dilindən tərcümə edən: Xanım AYDIN
banner

Oxşar Xəbərlər