• cümə, 19 Aprel, 19:53
  • Baku Bakı 24°C

İSGƏNDƏRNAMƏ

20.06.16 10:40 2334
İSGƏNDƏRNAMƏ

Peyğəmbərlik İsgəndərin həyatının və bir insan kimi onun yüksəlişinin son mərhələsidir. Allahın elçisi İsgəndərə peyğəmbərlik verilməsi xəbərini gətirir. Allahın əmrilə o, dünyanı dolaşıb insanları məhəbbətə dəvət etməli, onları pis yoldan çəkindirməli, ölkələri qəflətdən ayıltmalı, dünyanı şər qüvvələrin felindən qurtarmalı və Allah yoluna dəvət etməli, yatmışları oyatmalı və əqlin üzündən pərdəni götürməlidir. Bu işdə o, yalnız öz gücünə yox, həm də Allahın köməyinə arxalanmalıdır.

Allahın əmrilə İsgəndər peyğəmbərlik səfərinə çıxır. Bu yolda böyük çətinliklər görünür və ona görə də İsgəndər Allahdan möcüzə istəyir. İsgəndər yaxşı bilir ki, dəniz kimi inci ilə dolu olanların, yəni varlıların, başı və beyni özləri ilə dolu olur. Onlar Allahlıq iddiası ilə yaşayırlar. Onlara necə badalaq gəlmək olar ki, bu mənəmlik ədası onların başından çıxsın. Suruş xəbər gətirir ki, işıq və zülmət Allahın əmrilə İsgəndərin ixtiyarına verilir; işıq həmişə ondan qabaqda, zülmət isə ondan arxada olacaq, o hamını görəcək, onu isə heç kəs görə bilməyəcək. Bu möcüzənin vasitəsilə İsgəndərə onun əmrinə itaət edənlərə o ziyadan işıq saçmaq, onunla cəngə girənləri isə zülmətə qərq etmək imkanı verilir.

İsgəndərə verilən ikinci möcüzə bütün xalqların dillərini və bütün xalqların da onun yunancasını tərcüməsiz başa düşməsidir. İsgəndərlə münasibətdə dünya xalqları dil ayrılığı cəzasından azad olur və öz əzəli vəziyyətlərinə qayıdırlar. Beləliklə, peyğəmbər İsgəndər öz fatehlik, filosofluq səlahiyyətlərinə və öz insanlıq gücünə bir də ilahi gücü, ilahi səlahiyyətləri əlavə etmiş olur. İlahi qabiliyyətə malik insan kimi peyğəmbər İsgəndər fateh və filosof İsgəndərdən güclü və səlahiyyətli olur. O, özündə insani və ilahi iradəni birləşdirməklə bir insan kimi yeni keyfiyyətlər kəsb edir, yeni zirvəyə çatır. Bununla belə ilahi möcüzələrlə silahlanmış İsgəndər insani möcüzələrdən, yəni bilik və elmlərdən imtina etmir. O, səfərə Allahın bəxş etdiyi "Böyük kitab”dan ("Sidri-Əzəm”dən) başqa bir də filosofların ona verdiyi "Nəsihətnamələr”i götürür. Buraya Ərəstunun, Əflatunun bir də Sokratın nəsihətləri daxildir.

Ərəstunun nəsihətlərindən: Öz peyğəmbərliyinlə qürrələnmə. Allahdan qorxana həmişə səadət nəsib olur. Düşməninin nəslini kəsmə. Qardaşı qardaş günahı üçün cəzalandırma. Qoyunu qoyun, keçini keçi ayağından as. Alçaqları, zalımları ucaltma. Özünü bağ gülü kimi bəzəmə. Xəzinə ağır yükdür, ondan onu paylamaqla azad olmaq olar. Pul od kimidir, onu bir yerə yığmaq yox, dağıtmaq gərəkdir. Qarınqululuq qorxaqlıq yaradır. Yad yerdə şərab içmə. Sərkərdələrini gündə iki dəfə qonaq elə. Bəxti gətirənlə döyüşə girmə. Sənə edilən pisliyi də, öz elədiyin yaxşılığı da unut. Zəifliyini heç kəsə bildirmə. Şəri özündən, xeyri Allahdan bil.

Əflatunun nəsihətlərində n: Daim biliyə can atmaq şah üçün vacib şərtdir. Şaha daim düşmən olan iki şey var: biri aşpazdır ki, dadlı xörəklərlə şahı qarınqululuğa öyrədir, digəri də gözəl qadındır ki, onu hövsələsizliyə öyrədir. Dünya məşuqə adlı bir əjdahadır. İki qarımış qız – biri gözəllikdən, o biri çirkinlikdən ərə gedə bilmirlər. Yuxu və ölüm bir-birinə çox oxşayır. Yemək-içməyin varsa, çox çalışıb-çabalama. Çətinə düşsən yalnız səbir elə.

Sokratın nəsihətlərində n: Yolunda bəbir varmış kimi həmişə ehtiyatlı ol. Dostundan uzaq gəzmə. Simic olma. İnsan gərək yeməyin əsiri olmasın. Şirin dil müdriklərə xas olan xüsusiyyətdir, kobudluq isə nadanlığın əlamətidir. Torpaq kimi sükunətə hazır ol. Qatillik və oğruluqdan başqa bütün günahları bağışlamaq olar. Tabeliyində olanlarla çox yumşaq rəftar eləmə.

İsgəndər peyğəmbər kimi yeni səlahiyyətlər, yeni imtiyazlar, yeni imkanlar qazansa da köhnələrindən, yəni şahlıq və filosofluq imkanlarından da imtina etmir: o özü ilə yüz min pəhləvan və bir neçə müdrik filosof da götürür. İsgəndərin peyğəmbərlik səfərinin məqsədi dünyanı sehrlərdən və şərdən qurtarmaqdır. Ona görə də o, təkcə ölkələr və şahlıqlara yox, həm də dağlara, çöllərə, dəryalara səfər edir. Şər qüvvələrin varlığı hələ dünyanın qeyri-kamilliyindən xəbər verir. İsgəndərin bir peyğəmbər kimi əsas missiyalarından biri məhz dünyanı təzələmək, onu şər qüvvələrdən təmizləməkdir. Bir peyğəmbər kimi İsgəndərin gördükləri işlər bunlardır: dəryada yaşayan Qəssasə adlanan qara ilanın öldürülməsi ki, bu ilanı görən o saat canını tapşırarmış; sahilin parlaq daşlardan təmizlənməsi və onlardan məbəd tikilməsi – bu daşları görən kəs özünü gülməkdən saxlaya bilməz və gülməkdən nəfəsi kəsilərmiş; Nil çayının sahilindəki cənnət kimi gözəl yerin sirrinin öyrənilməsi – o yeri görən geri qayıtmazmış; vəhşi adamlar yaşayan səhrada İsgəndərin onları zülmətə qərq etməsi və beləliklə onlardan yaxa qurtarması; Şəddadın qəsrini və qızıl kümbəzini İsgəndərin ziyarət etməsi; ilan kimi kərtənkələ yeyənlər və suyun nə olduğunu bilməyənlər diyarında İsgəndərin vəhşiləri dinə və ayinə hidayət etməsi; başa sitayiş edənlər diyarında xalqın yeni dinə döndərilməsi; almazlı dərəyə səfər və ilanlıqdan almazların çıxarılması; münbit torpaqlı məmləkətdə cavan əkinçi ilə görüş və oğlanın İsgəndərə xidmətdən imtina etməsi; su basmış, bəhərdən düşmüş, zalım hökmdarı olan məmləkətə səfər – ölkənin zülmkar şahdan azad edilməsi və İsgəndərəbad şəhərinin bina edilməsi; İsgəndərin Qəndəhər şəhərinə səfəri və Qəndəhər bütxanasını ziyarət etməsi; valehedici nəğmələrlə yolçunu yoldan saxlayan pərilər yaşayan dəniz sahilində İsgəndərin müvəqqəti məskən salması; İsgəndərin dəryaya səfərə çıxması və Şir ağzı adlanan burulğanın sirrinin açılması; allahlıq iddiası ilə yaşayan hökmdarın ölkəsinə səfər və xalqın dəhşətli dəniz gurultusundan xilas edilməsi; yəcuclar deyilən vəhşi xalqın basqınının qarşısını almaq üçün İsgəndər səddinin tikdirilməsi; nəhayət, İsgəndərin ədalətlilər ölkəsinə səyahəti. Burada İsgəndərin peyğəmbərlik səfəri sona yetir. Bu yolda İsgəndərin rast gəldiyi hadisələri iki (müsbət və mənfi) qrupa bölmək olar. Onlardan birincisiibrət, ikincisi isə tənqid üçün lazım olan hadisələrdir.

Bu mənada İsgəndərin sonuncu iki səfəri çox mənalı və məzmunludur: onlardan biri yəcuclar ölkəsinin, ikincisi isə ədalətlilər diyarının təsviridir. Bu iki diyar, bu iki məkan və bu iki xalq bir-birinin tam əksidir. Biri antiideal, o biri ideal dünyadır; biri Allahı tanıyanlar, o birisi allahsızlar diyarıdır; birində vəhşilik və ədalətsizlik hökm sürür, o birində zahidlik və ədalət bərqərar olmuşdur; biri div təbiətli, o biri mələk xislətlidir; biri cənnət kimi könülaçan, o biri cəhənnəm kimi cansıxıcıdır; biri insanlıq adına bir ləkə, o biri isə insanlıq adına bir şərəfdir.

Yəcuclar ölkəsinə İsgəndər qızmar yay günündə çatır. İlin bu fəslinin müəllif tərəfindən seçilməsi heç də təsadüfi deyil – isti və qızmar səhrada bir cəhənnəm nəfəsi duyulur. Yəcuclar diyarını cəhənnəmçöl adlandırmaq olar. İblis xislətli bu xalq Allahı tanımır, dinsiz yaşayır. Bu səbəbdəndir ki, onlar dəmir ürəkli, almaz caynaqlı divlərə bənzəyirlər, qudurmuş qurd kimi davranırlar. Onların bədənləri başdan ayağa tüklə örtülüdür. Biri öləndə mini doğulur. Yəcuclar səhrada bitən acı toxumlu otdan yeyib bihuş halda yatarlar, yalnız ay bədirlənəndə qurdlar kimi tərpəşib ayılar, durub əllərinə keçəni yeyərlər. Ay yarı olanda iştahaları azalar. Yəcuclar ölkəsinə hər il buluddan bir əjdaha düşər, onlar o əjdahanın qanını içib, ətini yeyər və bundan bihuş olarlar. Onlardan ölən olanda onu da yeyərlər. Ona görə də yəcucların qəbiristanlığı yoxdur. Onlar qonşularına hücum edər, onların mal-qarasını talayarlar. İsgəndər yəcuclara qarşı zor işlətmir. Bir peyğəmbər kimi o, gücdən bir vasitə kimi imtina etmişdir. Ona görə də haqsızlıq və şərlə rastlaşan İsgəndər onlardan uca və keçilməz divar vasitəsilə qorunmağı məqbul hesab edir. Sədd burada az qala rəmz mənası kəsb edir. Sədd arxasında qalan yəcuclar dünyadan və millətlərdən təcrid olunmuş bir şər qüvvə kimi dəyərləndirilir. Bu adamyeyənlərin insanlığa və dünyaya heç bir aidiyyatı yoxdur. Onlar yalnız bir antiteza, bir əkslik kimi lazımdırlar ki, onların fonunda insanlığın nə olduğunu təyin etmək asan olsun. İsgəndər dünyanı və xalqları yəcuclar kimi vəhşilərdən təcrid edib onları başqa səmtə, başqa nümunə arxasınca aparmaq istəyir. Ona görə də o, bu yerləri tərk edib, heç kəsin tapa bilmədiyi bir ölkəyə tələsir – yəcuclar çölündən ədalətlilər şəhərinə, cəhənnəmçöldən cənnətşəhərə.

Nizaminin utopik dünyası sayılan bu ölkənin təsviri haqqında mövcud elmi ədəbiyyatda çox yazılıb. Əsərin bu hissəsi bəlkə də "İsgəndərnamə”nin ən geniş təhlil olunmuş hissəsidir. Lakin əksər tədqiqatçılar bu epizodu sırf sosial planda, ideal cəmiyyət, ideal ictimai münasibətlər nümunəsi, hətta az qala kommunizmin özünün təsviri kimi qiymətləndirmişlər. Əvvəldən səhv qoyulmuş suala, sonda səhv cavab tapılmışdır: Nizaminin axtardığı şey ideal cəmiyyətdirsə, deməli, ədalətlilər ölkəsi də həmin ideal cəmiyyətin nümunəsidir. Əgər Nizaminin axtardığı idealı biz kamil insan hesab ediriksə, onda ədalət diyarı kamil insanlar diyarıdır, onların ölkəsi isə kamil insani münasibətlərin nümunəsidir. Burada Nizami heç bir ictimai quruluşdan, heç bir ədalətli şahdan danışmır. Ümumiyyətlə, bu ölkədə heç bir bürokratik icra aparatı və ictimai idarə sistemi yoxdur. Bütün nailiyyətlərin və bütün bərəkətin əsasını təşkil edən amil bu ölkənin insanları və onların mənəvi kamilliyi, dindarlığı, allahpərəstliyidir. Bar və bəhərdən bu diyar cənnətə bənzəyir. İsgəndər bu ehtişamın səbəbini soruşanda, ona belə cavab verirlər: biz fağır və mömin bir xalqıq, həqiqət və doğruçuluqdan bir tük qədər belə kənara çıxmırıq, Allaha xoş getməyən əməllərdən uzağıq, düşmənçilik Allahın sınağıdır – biz Allahın əmrindən çıxmırıq. Deməli, bu ideal dünyanın bünövrəsi din və iman üzərində qurulub. Allahın əmrilə yaşayanlara nə ədalətli şah, nə ədalətli quruluş, nə də peyğəmbər lazımdır. Ona görə də İsgəndər bu insanları, bu ölkəni görəndən sonra öz peyğəmbərlik səfərini bitmiş hesab edir. Bu ovqatı, bu yolu və adəti görəndə İsgəndər məəttəl qaldı və öz-özünə dedi: bu sirdən ibrət götür, bundan sonra mən dünyanı dolaşmayacağam, bu adamlardan öyrəndiyim mənə bəsdir, dünya bu adamların səbəbinə var olmuşdur, onların sayəsində dünya əzəmətlidir. Əgər bu həyat yoludursa, onda bizim tutduğumuz yol nədir? Əgər bunlar insandırlarsa, onda bəs biz nəyik? Allah bizi ona görə dağa-daşa salıb ki, gəlib bunları görək, bəlkə vəhşi vərdişlərdən bezib, bu müdrik insanların adətini öyrənək. Əgər bu xalqı mən əvvəldən tanısaydım, dünyanı dolaşmazdım, dağların qoynunda oturub Allaha ibadət edərdim, bunların inamından başqa inamım olmazdı. Belə bir allahpərəstliyi və imanı görəndən sonra İsgəndər öz peyğəmbərliyindən əl çəkir, o, sevincək bu ölkədən birbaşa Ruma qayıdır. Bu barədə Y.Bertels yazır: "İndi o, (İsgəndər – M.Q.) yer üzündə görməli ən yaxşı nə vardısa görmüşdü və onun səfəri davam etdirməyinə artıq ehtiyac yox idi”. Bu, İsgəndərin Ruma üçüncü və sonuncu qayıdışıdır: birinci dəfə o, Misir səfərindən Ruma müzəffər bir cahangir kimi qayıdır; ikincidəfə o, zülmət diyarına dirilik suyu dalınca səfərdən sonra, yəni uğursuz səfərdən sonra qayğılı və fikirli qayıdır; üçüncü dəfə o, peyğəmbərlik səfərindən sonra dünyada nail olduqlarından imtina edərək, qəlbində yalnız Allah eşqi ilə qayıdır. Misirdən İsgəndər çoxlu mal-dövlət, xəzinə gətirmişdi, sonrakı səfərlərdə bu mal-dövlət bir neçə qat artmış oldu və o, dünya sahibinə çevrildi. Zülmətdən İsgəndər sehrli bir qara daşla və açılması vacib olan çoxlu suallarla qayıtdı. Bu yol onu gətirib elmə, filosofluğa çıxardı. Cənnətşəhərdən İsgəndər Allaha dərin inam və məhəbbətlə qayıtdı, gözünü dünya malından çəkib təkcə Allaha sədaqətlə qulluq etmək yolunu seçdi. Bu yolun sonu Allahla birləşmək oldu ki, o da İsgəndərin ölümündə baş verir. İsgəndərin ölümü bir növ məntiqi sonluq və qaçılmaz labüdlük kimi ortaya çıxır.

Buradan belə bir nəticəyə gəlmək olar ki, ideal cəmiyyət ideal insanların birliyindən, onların mənəvi münasibətlərindən yarana bilər. Deməli, kamil insan, kamil şəxsiyyət öz-özlüyündə bəşəriyyətin son məqsədi olmasa da kamil cəmiyyətin yarana bilməsi üçün əsas şərtdir. Bütün xilqət kamillik səviyyəsinə çatmalıdır ki, ideal bəşəriyyət yarana bilsin. Bunun da yeganə yolunu Nizami insanların dinə və Allaha tapınmasında görür. Zümrüd Quluzadə haqlı olaraq yazır ki, "Nizamiyə görə insanın mənəvi kamilləşməsi cəmiyyətin mənəvi kamilləşməsinin rəhnidir, lakin birinci ikincinin kamilliyi zamanı özünə tam imkan tapır”. Bu fikrin ikinci hissəsini tarixi materializm fəlsəfəsi baxımından birinci hissənin məntiqi davamı və müəllifin əlavəsi kimi qəbul etmək olar. Beləliklə də, İsgəndərin bir peyğəmbər olaraq axtardığı və tapdığı ilk növbədə kamil insanlar və ədalətli mənəvi insani münasibətlər oldu. Peyğəmbərliyin özü də burada təkamülün məqsədi kimi deyil, vasitə kimi çıxış edir və ümumən insanların mənəvi-ruhi kamilləşməsinə xidmət edir. Burada Y.Qarayevin çox doğru olan bir fikrini qeyd etmək yerinə düşərdi. Alim yazır ki, Nizami utopik dünyası "Hər baxımdan Avropa ictimai utopiyasına bənzəyən xalis dünyəvi rasional ictimai utopiya deyil, o həm də insan ürəyinə "ilahi selin” axmasıdır, daxilimizdəki Allah səltənətidir”.

Məmməd QOCAYEV

banner

Oxşar Xəbərlər