• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

Kulisarxası ehtiras...

31.05.16 11:26 2945
Kulisarxası ehtiras...

Kamera Teatrının məhəbbət tilsimi. Alisa Koonen və Aleksandr Tairov

Onlar haqqında deyirdilər ki, Koonen üçün sadəcə Tairov, Tairov üçün sadəcə Koonen var idi. Bu cütlüyün isə bir övladı var idi-Kamera teatrı.

Aleksandr Tairov Kamera teatrını hər şeydən öncə Koonenin teatrı olaraq yaratmışdı. Teatrın repertuarı Alisa Koonenin aktyor keyfiyyətlərinə əsasən təşkil olunurdu. Alisa isə nadir aktyorluq keyfiyyətlərinə malik idi. O, mükəmməl faciə aktrisası idi.

Alisa Koonen 5 oktyabr 1889-cu ildə Moskvada, kasıb ailədə doğulub. Onun uşaqlığının ən xoş xatirələri teatrla bağlıdır. Yay aylarında Alisa ailəsi ilə birlikdə Tver quberniyasında yaşayan xalasının malikanəsinə qonaq olurdu. Onun xalası olduqca imkanlı və teatr vurğunu idi. Öz malikanəsində tamaşalar səhnələşdirməyi sevirdi və bu tamaşalarda böyüklərlə yanaşı uşaqlar da iştirak edirdilər. Alisa xatirələrində yazırdı: ”Böyüklər vodevil və komediyalar oynayır, uşaqlar isə uşaq pyesləri və nağıllar göstərirdilər. Burada göl kənarında mən teatr həyatına addım atdım. Bir dəfə uşaq tamaşalarının birində məni Bədaye Teatrının aktrisası Mariya Petrovna Liliyanın qohumu görmüşdü və sonralar öyrəndiyimə görə Stanislavskiylə görüşərək ona "mən Streçkovanın ev tamaşasında bir qız uşağı gördüm ki, böyüyəndə mütləq sənin tələbən olmalıdır.” Bu haqda mənə Konstantin Serqeyeviç Bədaye Teatr məktəbinə qəbul olarkən danışmışdı”.

Moskva Gimnaziyasını bitirib Bədaye Teatr məktəbinə qəbul olunarkən Alisanın hələ on altı yaşı tamam olmamışdı. Hələ gimnaziyanın yuxarı siniflərində oxuyanda Alisa məhz Moskva Bədaye Teatrı ilə maraqlanırdı. Vasili İvanoviç Kaçalov isə onun kumiri idi. Moskva Bədaye Teatrında Alisa Koonen doqquz il çalışdı.

Günlərin birində Stanislavskinin dəvəti ilə MBT-yə gəlmiş dahi ingilis rejissor Qordon Kreq Alisa Koonen ilə Ofeliya rolu üzərində məşq edirdi. Gənc aktrisanın oyunu rejissoru o dərəcə heyrətləndirdi ki, o Stanislavkiyə belə bir təklif etdi: ” İcazə versəydiniz mən Alisanı özümlə İtaliya aparmaq və onun üçün İtaliyada monoteatr yaratmaq istəyirəm.” Stanislavski isə cavabında ”xanım Koonen səhnədə tək olmağı sevmir. O, sizin monoteatrda təklik və sıxıntıdan ölə bilər” deyərək bu təklifi rədd etdi. Alisa ilə vidalaşarkən Kreq ona öz şəklini bağışladı. Şəklin arxasında yazırdı: ”mənim ideal Ofeliyama, miss Koonenə. Qordon Kreq. 1910.”

Alisa Koonen Moskva Bədaye Teatrının tələb olunan simalarında idi. Lakin uğurlarına baxmayaraq 1913-cü ildə Alisa Moskva Bədaye Teatrını tərk edir və Konstantin Marjanovun təşkil etdiyi Müstəqil Teatra gedir. Bundan xəbər tutan Kaçalov Alisa ilə görüşərək ona "bu ki, pyes üçün gözəl mövzudur. Mən Çexov olsaydım sənin haqqında pyes yazardım. Yüksək səviyyəli şəhər teatrının aktrisası müdiriyyətə meydan oxuyaraq teatrı tərk etmək qərarına gəlir və mövcudluğu bilinməyən teatrla imzalanmış müqaviləni təqdim edir. Axı, Marjanovun hələ heç bir teatrı yoxdur”.

Özünün "Mənim dövrüm, dostlarım və rəfiqələrim” adlı kitabında Anatoli Marienqof Alisa Koonen və Kaçalov arasında məhəbbət macərası yaşandığını, lakin Kaçalovun öz həyat yoldaşı Nina Nikolayevnadan ayrılmadığını və ömrünü onun əri olaraq başa vurduğunu yazırdı.

Aleksandr Tairova qədər Alisanın daha bir sevgi macərası olmuşdu. Aktrisanın növbəti aşiqi o zaman Rusiyada şöhrətə malik yazıçı Leonid Andreyev idi. Andreyev Kooneni Bədaye Teatrında, özünün "İnsan həyatı” pyesinin məşqləri zamanı görmüşdü. Məşqdən sonra kulis arxasına keçən yazıçı aktirsa ilə söhbət etmiş və Alisanın ona çox gənc dünyasını dəyişmiş həyat yoldaşını xatırlatdığını söyləmişdi. Bu söhbətdən sonra onlar tez-tez görüşürdülər. Peterburqa gedərkən Leonid Alisaya məktublar yazır, Moskvaya gəldiyində isə onun bütün tamaşalarında iştirak edirdi. Alisa xatirələrində yazırdı: ”tezliklə mən anladım ki, Andreyin əldə etdiyi şöhrətə baxmayaraq, məni qarşımda, tənha və xoşbəxt olmayan bir insan var. Mən ona qəlbimdə sevgi və mərhəmət duyğuları qarışıq hisslərlə yanaşırdım”.

Moskvaya növbəti səfərlərinin birində Leonid Andreyev Alisa ilə tanış etmək üçün anasını da özü ilə gətirir. Anastasiya Nikolayevna Andreyeva əvvəlcə aktrisaya inamsız yanaşdı, sonra isə gözlənilmədən ağlayaraq ondan oğluna kömək etməsini xahiş etdi.

Həyat yoldaşının ölümü ona ağır təsir edən yazıçı əsəbləri pozulmuş, halusinasiya görməyə başlamışdı. Bütün bunlar haqqında Alisa bilir və Leonidə əlindən gələn dəstəyi verməyə çalışırdı. Lakin bir gecə yarısı Leonid depressiv bir vəziyyətdə Alisanın qaldığı evə gəlir. Alisa bu anı belə xatırlayır: "atam qapını açdı və Andreyevi qapıda görüb təəccübləndi. Andreyev həyəcandan xırıldayan səslə, atamdan məni çağırmasını xahiş edirdi. Atam Leonidə bu hərəkətin düzgün olmadığını, belə vəziyyətdə gənc xanımın evinə gəlməyin ədəbsizlik olduğunu anlatmağa çalışırdı. Nəhayət o, Leonidin çıxıb-getməsinə nail oldu. Bu əhvalatdan sonra mən Leonidlə çox çətin söhbət etdim və ona dedim ki, mən sizin istedadınızı və xeyirxahlığınızı yüksək dəyərləndirirəm, lakin sizin həyatınızın bir parçası ola bilmərəm”. Vidalaşarkən Leonid Andreyev Alisaya "mən bir daha sizə əzab verməyəcəm” söylədi.

Konstantin Aleksandroviç Marjanov nəhayət ki, teatra sahib olub truppanı bir yerə toplayanda Alisa Koonen Müstəqil Teatra gəlir. Marjanov onu gənc rejissor Aleksandr Yakovleviç Tairovla tanış edir və bildirir ki, teatrın ilk tamaşasının quruluşu ona tapşırılıb. "Bu qəfil xəbər məni mat qoydu. Məgər mən heç kimin tanımadığı gənc rejissorla işləmək üçün Bədaye teatrını tərk etdim? Əyalətə getsəydim daha yaxşı olardı” Alisa Koonen xatirələrində yazırdı. Ancaq zaman ötdükcə Koonen fikirlərində yanıldığını anladı Tairovla işləmək maraqlı idi. Tamaşanın premyerası isə tamaşaçılar və teatr cəmiyyəti tərəfindən maraqla qarşılandı. Ancaq təəssüf olsun ki, Marjanovun Müstəqil Teatrı cəmi bir il mövcud oldu. Teatrın fəaliyyətini sonlandırması ilə Aleksandr Tairov özünün Kamera teatrını təsis etdi. Ostrovskinin "Meşə” pyesində deyilir ki, "teatr yaratmaq üçün hər şeydən öncə aktrisaya ehtiyac var”. Tanrı aktrisanı Tairova hədiyyə etmişdi, o aktrisanı ki, Aleksandr Tairov Kamera teatrını məhz onun üçün yaratmışdı - Alisa Koonen. Teatrın truppasını isə sabiq Müstəqil Teatrın gənc aktyor və aktrisaları təşkil edirdi.

Teatr tarixçiləri yazırlar ki, Kamera teatrının özünü proqramı var idi. Teatr o dövr mövcud olaq bütün cərəyanları inkar yolunu tutmuşdu. Rejissor öz aktyorları-həmfikirləri ilə yeni teatr dili, yeni teatr janrı yaratmağı qarşısına məqsəd qoymuşdu. Tairov teatrla ədəbiyyat və musiqi, məkan və təsviri sənət arasında sanki yeni bir əlaqələr sistemi qurmuşdu.

Alisa Koonen qeyri-adi, faciəvi qadınları təsvir etməyə çalışırdı. Özünün və Tairovun ideyalarını təcəssüm etdirərək o, səhnə danışığını və plastikasını daha da təkmilləşdirmişdi. Aktrisa qəfil intonasiya və jestlərdən qaçır, hər şey onda dəqiq və ölçülü olurdu.

Kamera teatrının fəaliyyəti öz axarında davam edirdi. Teatr cəmiyyəti ona yad olan rejissor ideyasını qəbul etməyə çətinlik çəksə də, yavaş-yavaş bu teatrın öz tamaşaçıları ortaya çıxırdı. Həqiqi qələbəni isə teatr rus şairi İnnokenti Anneskinin faciəsi əsasında səhnələşdirilmiş "Famira Kifared” tamaşası ilə əldə etdi. Tamaşa canlı bomba təəssüratı yaratdı və hətta yeni teatrın rəqibləri də onun uğurunu qəbul etməyə məcbur oldular. Sonra növbə Oqyusten Ejen Skribin "Adrienna Lekuvrer” pyesin səhnələşdirilməsinə gəldi. Fransız yazıçısı Jan Rişar Blokun sözlərinə görə Tairov və Koonen bu pyeslə möcüzə yaratdılar. Onlar melodramanı faciəyə, Skribi isə Şekspirə çevirdilər. Növbəti tamaşa Oskar Uayldın ”Salomeya” pyesi oldu. İncəsənət tarixçisi Abram Markoviç Efros bu tamaşa haqqında yazırdı: ”Cəsarətin və riskin böyük təcrübəsi. Teatr hələ bu qədər irəli getməmişdi. Və nəhayət Aleksandr Tairov Jan Rassinin "Fedra” faciəsini tamaşaya qoymaq qərarına gəldi. Alisa Koonen xatırlayırdı: "qəzetlərdə Kamera teatrında "Fedra” faciəsinin səhnələşdiriləcəyi barədə xəbərlər birmənalı qarşılanmadı. Əksəriyyət gənc teatrın belə bir tamaşanın öhdəsindən gələ biləcəyinə inanmırdı. Ancaq premyera gerçəkləşdi. Mən özümdə deyildim. Zalda tam sakitlik hökm sürürdü. Tamaşa bitdikdən sonra da sakitlik davam edirdi, heç kim alqışlamırdı. Biz pərdə arxasına keçdikdə birdən zalda uğultu qopdu, alqışlardan qulaq batırdı. Biz yenidən səhnəyə çıxıb təzim etdikdə bütün zal ayağa qalxdı”.

Ümumi və uğurlu yaradıcı birlik tezliklə Tairov və Koonen arasında şəxsi münasibətlərə çevrildi. Ancaq bu münasibət xüsusi romantika və ehtiras ilə seçilmirdi. Tairovun ailəsi-yoldaşı və qızı, Koonenin isə prinsipləri var idi: "azad olmaq istəyirsənsə sənə yaxın olan insanla heç vaxt bir dam altında yaşama”. Tairov Alisanın prinsiplərinə hörmət edirdi, lakin tale tezliklə onları bir dam altına saldı və bunun nəticəsi olaraq onların məhəbbəti 35 il ömür sürdü.

Kamera Teatrı Moskvada sevimli teatrlardan birinə çevrildi. 1923, 1925, 1930-cu illərdə gerçəkləşən qastrol səfərləri isə teatra dünya şöhrəti qazandırdı. Dahi rejissor teatrını inqilabi çərçivədən çıxartmağı bacardı. İnqilabçılar bir qayda olaraq yeniliyi sevmirdilər, onlar teatrın repertuarını ciddi nəzarət altında saxlayırdılar ki, burjuaziya təbliğatına yol verilməsin.

Tairov səhnəyə qoymaq üçün xarici dramaturgiyaya müraciət edirdi. Lakin tezliklə problemlər meydana gəlməyə başladı. Teatr təkcə xarici pyesləri səhnələşdirə bilməzdi, sovet dramaturgiyası isə Tairovu cəlb etmirdi. Fəqət partiya və hökümətin tələbi qalib gəldi. Tairov bir neçə sovet pyeslərinə quruluş versə də, bu uğursuz nəticələndi. Vəziyyəti Vsevolod Vişnevskinin "Nikbin faciə” pyesinin tamaşası düzəltdi. Sovet tənqidçiləri yazırdılar ki, "tamaşa sovet səhnəsində inqilabın novator zirvələrindən birini fəth etdi”. Alisa Koonen tamaşada Komissar rolunu uğurla ifa etdi.

Təəssüflər olsun ki, Sovet Rusiyası ideoloji təbliğatlara üstünlük verirdi. 30-cu illərdə siyasi cəhətdən hökumət maraqlarına cavab verməyən "formalist teatr”a qarşı mübarizə aparılırdı. "Mübarizlər” 1936-cı ildən başlayaraq planlı şəkildə Kamera teatrına hücum etməyə başladılar.

Teatr "Boqatırlar” nağıl-parodiyasını tamaşaya qoydu. Musiqili-əyləncəli tamaşa seyirçilərin xoşuna gəldi və böyük uğur qazandı. Lakin az müddət sonra "Pravda” qəzetində tamaşanın güya anti-xalq məqsədlərinə xidmət edən mahiyyəti haqqında yazı dərc olundu. Bu yazı sanki digər mətbu orqanlara bir siqnal idi və bu andan etibarən mətbuatda açıq-aşkar Kamera teatrına hücum xarakterli yazılar meydana gəldi.

1937-ci ildə Tairovun Kamera teatrı ilə Xlopkovun realist teatrının bir kollektivdə birləşdirilməsi haqqında qərar qəbul olundu. Bu birləşmə məcburi idi və hər kəsə aydın idi ki, həddən ziyadə realist olan Xlopkovun teatrı Tairovun teatrını yox edəcək. Ancaq Mədəniyyət Komitəsinin rəhbərliyinə qaniçən Kerjençevin yerinə intelligent Xrapçenkonun təyin olunması ilə Kamera teatrı məhvdən xilas edildi.

1940-cı ildə Qustav Floberin kitabı əsasında "Madam Bovari” tamaşasının premyerası oldu. Tənqidçilərin yekun rəyinə əsasən bu tamaşa Aleksandr Tairovun rejissorluq fəaliyyətinin zirvəsini təşkil edirdi. Alisa Koonen üçün Emma Bovari xüsusi dəyərə malik bir obraz idi. Çox illər keçdikdən sonra da Koonen bu tamaşanın hər səhnəsi xatırlayırdı: "Biz tamaşanı Moskvada ilk sezonda yüz iyirmi beş dəfə anşlaqla oynadıq. 1941-ci ilin yaz aylarında biz Leninqrada qastrol səfərinə getdik, lakin burada "Madam Bovari”ni cəmi on bir dəfə oyanaya bildik. Böyük Vətən Müharibəsinin başlaması ilə kollektivi Moskvaya qaytardılar, buradan isə Balxaş şəhərinə getdik”.

1945-ci ildə Kamera Teatrının 30 illiyi təntənəli surətdə qeyd edildi və Aleksandr Tairov Lenin ordeni ilə təltif edildi. Fəqət 20 avqust 1946-cı ildə Mərkəzi Komitənin qərarı ilə xarici dramaturgiyanı qadağan edən və teatrları yaxşı ilə pisin mübarizəsindən bəhs edən, konfliktsiz sovet pyeslərinə üstünlük verməyi tələb edən qətnamə qəbul olundu ki, bu da Kamera teatrına tamamilə yad idi. İdeallar uğrunda mübarizə 1949-cu ildə Kamera teatrının bağlanması ilə nəticələndi. Teatrın son tamaşası "Adrienna Lekuvrer” oldu və o pərdələrini 1949-cu ilin mayında əbədi qapatdı.

Teatrın qapanmasından sonra Koonen və Tairov birlikdə bir il yaşadılar. Tairovun sayıqlama ilə başlayan xəstəliyi zaman keçdiklə dəliliklə özünü göstərməyə başladı. Həkimlərin diaqnozu dəhşət idi-beyin xərçəngi. 25 aprel 1950-ci ildə dahi rejissor vəfat etdi.

Müasirləri deyirdilər ki, Alisa Koonen taleyin bütün zərbələrinə antik qəhrəman kimi dözdü, sovet dövrü isə bu qadının dözümünü sınamaq üçün əlindən gələni etdi. Alisa Koonen Tairovun ölümündən sonra 24 il yaşadı və 1974-cü ildə gözlərini bu dünyaya yumdu. Ölümündən bir neçə il əvvəl Alisa Koonen "Həyat Səhifələri” adlı kitab yazmışdı ki, bu kitab da Aleksandr Tairov və birgə övladları - Kamera teatrının xatirəsini yaşatmaq məqsədi daşıyırdı.

Hökmdar Zamanın təsiri ilə Koonen və Tairov cütlüyündən geridə çox az şey qalıb. Madam Bovarinin paltarı, bir neçə tamaşa eskizi, və s. Ancaq ən əsası zamana tabe olmayan məhəbbət əfsanəsi bu gün də - yaşayır və yaşayacaq.

Niyaz Ceferov

teatrşünas

banner

Oxşar Xəbərlər