• cümə axşamı, 25 aprel, 13:54
  • Baku Bakı 23°C

Məntiqi seçim

27.05.16 10:45 1117
Məntiqi seçim
Baş ofisi Londonda yerləşən "The Business Year” dünyanın müxtəlif bölgələrini, o cümlədən Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkətdir. "The Business Year” ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına xidmət edir və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir. "The Business Year” şirkəti 2011-ci ildən Azərbaycanla da əməkdaşlığa başlayıb və ölkəmiz haqqında altı xüsusi buraxılış hazırlayaraq yayıb. Jurnalın hər bir nömrəsində həmin ilin bütün sahələrini əhatə edən inkişaf salnaməsi yaradılıb. 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev "Dünyada ilin prezidenti” seçilib və "The Business Year” jurnalı tərəfindən bu mükafat dövlət başçısına təqdim edilib. Sonuncu dəfə "The Business Year” şirkəti Prezident İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı” seçib. Nəşrin "Azerbaijan-2016” buraxılışında isə Azərbaycan Prezidenti İlham Əliyevin "Çoxqütblü dünyaya doğru” mövzusunda IV Bakı Qlobal Forumunun rəsmi açılışındakı nitqi, ayrı-ayrı dövlət və hökumət başçıları ilə müsahibələr, bu il Bakıda təşkil olunacaq "Formula-1” Avropa Qran-prisinin və Dünya Şahmat Olimpiadasının hazırlıq mərhələlərinə həsr olunmuş materiallar, habelə Azərbaycanın dövlət qurumlarının, yerli və ölkəmizdə fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin müsahibələri də əksini tapıb.
Qeyd olunanlardan da göründüyü kimi, müxtəlif regionlarda sosial-iqtisadi prosesləri izləyən və təhlil edən jurnal Azərbaycanın hərtərəfli inkişafına güzgü tutaraq, hazırladığı xüsusi buraxılışlarda ölkəmizin reallıqlarını bir daha dünyaya çatdırıb. Belə bir nüfuzlu jurnalın Azərbaycan Prezidenti İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı” seçməsi də təsadüfi deyil. Ona görə ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə sosial-iqtisadi, hərbi-siyasi gücünə, nüfuzuna görə Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilə bilib. Məhz onun qətiyyəti, iradəsi və uzaqgörən siyasəti nəticəsində ölkəmiz 2008-ci ildə yaşanan dünya iqtisadi böhranından hiss edilməyəcək qədər az itkilərlə çıxdı, həyata keçirilən regional inkişaf proqramları, iqtisadi layihələr sayəsində Azərbaycan iqtisadiyyatında tərəqqi davamlı xarakter aldı. Beynəlxalq aləmdəki nüfuzu, etibarlı tərəfdaş kimi özünü doğrultması, sabitlik məkanı olaraq tanınması Azərbaycana bir sıra mühüm tədbirlərə ev sahibliyi etmək imkanını da yaratdı. Buna ən bariz nümunə kimi Avropa məkanında və dünyada ilk hadisə sayılan Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsini göstərmək olar. Belə bir mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan dünyaya barış, sülh mesajları çatdırdı. Ümumilikdə Azərbaycan beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etmək, təşkilatçılıq bacarığını ortaya qoydu.
Azərbaycan beynəlxalq humanitar tədbirlərə də ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə dəstək göstərir. "Mulktikulturalizm ili”nin élan olunduğu 2016-cı ilin mart ayında Azərbaycan paytaxtında "Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun keçirilməsi buna sübutdur. Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentləri, həmçinin 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndənin iştirak etdiyi Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilib. Bununla yanaşı, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə çıxarılıb, mühüm qərarlar qəbul edilib. Aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda isə 195 ölkə və 26 beynəlxalq təşkilat nümayəndəsi iştirak edib. "İnkluziv cəmiyyətlərdə birgəyaşama; Çağırış və məqsəd” şüarı altında baş tutan üç günlük Forum ərzində Bakıda 40 tədbir keçirilib, çoxsaylı müzakirələr aparılıb, dünyaya mühüm mesajlar verilib.
Azərbaycan dünyada sülhün bərqərar olmasının da tərəfdarı olduğunu nümayiş etdirir, dövlətlərin ərazi bütövlüyünün qorunması, münaqişələrin beynəlxalq hüquq və normalar çərçivəsində sülh yolu ilə həlli prinsiplərini müdafiə edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də bu prinsiplər əsasında həll olunacağına böyük ümid bəsləyir. Məhz buna görədir ki, Azərbaycan öz ərazi bütövlüyünü hərb yolu ilə bərpa etmək gücündə olsa da, sülh danışıqlarına üstünlük verir. Bu istiqamətdə yürüdülən siyasət cari ilin aprel ayının əvvəlində cəbhə xəttində yaşanan gərginlikdən sonra dünyaya daha açıq mesajla çatdırılıb.
Bundan əlavə, Azərbaycanın qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində də əhəmiyyətli rol oynayır. Ölkəmiz "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması, beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilməsi istiqamətində də ciddi addımlar atır. Bütün bu səylər qarşıdan gələn illər ərzində yalnız Azərbaycanın iqtisadi gücünü artırmayacaq, eyni zamanda bütün regionun inkişafına xidmət göstərəcəkdir. Azərbaycanın bir sıra transmilli layihələrə dəstək verməsi, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan "Şahdəniz-2”, TANAP və TAP layihələrinin həyata keçirilməsində aktivlik göstərməsi də eyni amala xidmət edəcək məsələlərdəndir. Əlbəttə ki, sadalananlar Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, gələcəyə hesablanan, Azərbaycanın və regionun inkişafına ciddi təsir edən, ümumilikdə bəşəriyyətə töhfə verən siyasətin göstəricisidir. O baxımdan, "The Business Year” şirkəti tərəfindən Prezident İlham Əliyevin 2015-ci ildə "Dünyada ilin adamı” seçilməsi Azərbaycan reallıqlarının beynəlxalq aləm tərəfindən müsbət qiymətləndirilməsi kimi də qəbul etmək olar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər