• cümə axşamı, 18 aprel, 04:44
  • Baku Bakı 15°C

Teatrlarımızın repertuar siyasəti...

25.04.16 11:03 2976
Teatrlarımızın repertuar siyasəti...
Hesab edirəm ki, dramaturgiyamızın və teatrlarımızın müasir səviyyəsini, inkişaf tendensiyalarını, ilk növbədə repertuar müəyyənləşdirir, hətta deyərdim ki, təmsil edir. Lakin, ən müşkül və mübahisəli məsələ də elə repertuar problemidir. Hər bir teatr konkret zamanda öz repertuar siyasətində tamaşaçı zövqü və tələbi ilə hesablaşmalıdır; eyni zamanda, bu zövqün daha kamilləşməsinə, estetik və intellektual müasirliyinə nail olmağa çalışmalıdır. Burada tamaşaçının milli xarakteri, milli zövqü də nəzərə alınmalıdır. Teatr belə professional yüksəklikdə dayana bilmədikdə, nə yolla olursa-olsun, vəziyyətdən çıxmaq xatirinə ən aşağı səviyyəli tamaşaçıların zövqünə (zövqsüzlüyünə!) uyğunlaşmalı olur, repertuara yüngül, bayağı əsərlər daha çox yol tapır. Zövqlər tərbiyə olunmaq əvəzinə, korlanır, teatrın ali estetik missiyası ucuz əyləndiricilik səviyyəsinə endirilir.
Bu gün teatrların repertuarlarına nəzər yetirdikdə şahidi oluruq ki, teatrlarımız gənc dramaturqlara o qədər də geniş meydan açmayıb. Belə ki, teatrlarımızın repertuarında klassik əsərlərə və xarici ədəbiyyata daha çox müraciət olunur. Belə olan halda ortalığa maraqlı bir sual çıxır. Bəs, görəsən teatrda repertuar seçimi necə aparılır? Nə üçün rejissorlar gənclərə müraciət etmirlər? Bəlkə dramaturqlarımız qeybə çəkilib, peşəkarlıq səviyyələri qənaətbəxş deyil? Bütün bunlara cavab tapmağa çalışdıq.
Sumqayıt Dövlət Dram teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov bizimlə söhbətində bildirdi ki, bu gün dramaturqların sayı çox azdır: “Biz Firuz Mustafanın, Əli Əmirlinin və Hüseynbala Mirələmovun əsərlərinə müraciət etmişik. Onların yazdıqları əsərlər gündəmin əsas mövzusunu əhatə edir. Ola bilər ki, gənc dramaturqlarımız var, ancaq onların yazdıqları qəbul olunmur. Müasir dramaturqlardan Kamran Nəzərlinin, Şəmistan Nəzərlinin əsərləri teatrımızda öz səhnə həllini tapdı. Hazırda Rəhman Əlizadənin “Sabah çoxdan başlanır” əsəri səhnələşdirilir. Çalışırıq ki, həm klassik, həm müasir, həm də Qərb dramaturqlarına müraciət edək. Deyə bilmərəm ki, müasir dramaturqlara müraciət etmirik. Balansı qorumağa çalışırıq”.
İl ərzində repertuara 4 tamaşa daxil olursa onun 2-si müasirdirsə, bunu böyük nailiyyət kimi qəbul edən F.Məhərrəmov deyir ki, hər mövsümün əvvəlində teatrın yaradıcı heyəti ilə birlikdə bədii şuranın iclası keçirilir: “Onlara ilin əvvəlində bildirilir ki, filan tarixdə bədii şuranın iclası keçiriləcək. Ona qədər əsərlərlə tanış olurlar. Bədii şura üzvləri ilə birlikdə iclasda əsərlər müzakirə edilir. Onlar təhlil olunduqdan sonra teatrın bədii siyasətinə, aktyor potensialına uyğun gələn əsərlər səhnələşdirilir. Elə olur ki, əsərlər aktyorlar tərəfindən seçilir. Bəzən də plandan kənarda hazırlanan tamaşalar daha uğurlu alınır”.
Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov isə gənc dramaturqların keyfiyyətli dram əsərləri yazmamağından şikayətləndi: “Müasir əsərlərlə çox nadir hallarda rastlaşırıq. Hesab edirəm ki, teatrda rejissorla müəllifin fikirləri üst-üstə düşməlidir. Dramaturgiya çətin bir sahədir. Dramaturgiyadan yazanlarımız da çox azdır. Cavan vaxtımdan bu günə qədər dövrümüzün gənc dramaturqları ilə işləmişəm. Hətta əvvəllər Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Vidadi Babanlının şah əsərlərinin əsasında tamaşalar hazırlamışam. İndi də Elçin, Əli Əmirli, İlqar Fəhmi ilə çalışıram. Gənc Tamaşaçılar Teatrında çox sayda gənc yazarlarla müzakirələr aparmışıq. Bizim teatrda gənc yazar Pərvinin “Dəcəl keçi” tamaşası səhnələşdirilib. Uşaq tamaşası olmasına baxmayaraq kifayət qədər uğur qazanıb. Teatr rəhbərliyi olaraq gənc yazarlarla dəfələrlə diskussiya aparsaq da hələ ki, ortada elə bir layihə yoxdur”.
Tarixən Azərbaycanın mükəmməl dramaturgiyaya malik olduğunu deyən B.Osmanov indiki gənc yazarların lazımi mövzuları tuta bilmədiklərindən narazılıq etdi: “Dram yazmaq sizə asan gəlməsin. Hər kəs bu məsuliyyəti üzərinə götürə bilmir. Yazarların çoxu da ədəbiyyata nəsrlə gəlirlər. Mənə elə gəlir ki, onların çoxunun filologiya təhsili belə yoxdur. Ədəbiyyatı o qədər dərindən bilməyən şəxsə böyük səhnə necə həvalə olunsun? Onların pyeslərini oxuyanda şüardan başqa heç nə görmürük deyə onları qəbul edə bilmirik. Hesab edirəm ki, Elçin, Əli Əmirli, Əjdər Ol, İlqar Fəhmi kimi dramaturqlar varsa bu bizə kifayət edir”.
Rejissor deyir ki, mütəmadi şəkildə Gənc Tamaşaçılar Teatrında müxtəlif dövrün dramaturqlarına və eyni zamanda xarici ədəbiyyata müraciət olunur: “Dramaturq teatrı sevməlidir, teatral olmalıdır. Başqa cür əmələ gəlmir. Mən evdə oturum deyim ki, əsərim səhnələşdirilmir, bu, düzgün deyil. Adi qonşu Gürcüstanı götürək, sovetlər dönəmində də, indi də onlarda barmaqla sayılan dramaturq var. Gürcüstan teatrı 100 ildən artıqdır fəaliyyət göstərir. Öz klassik nəsri əsasında hazırlanan tamaşalar üzərində yaşayır və bu da onlara bəs edir. Eynən bizdə də onun kimi. Çalışdığımız dramaturqlar bizə bəs edir. İndiyədək dram əsərindən korluq çəkməmişik”.
Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova isə deyir ki, müasir dramaturqlarımız olsa da onların sayı çox azdır. O deyir ki, Avropada yeni dramaturqları tanıtdırırlar, onların əsərlərinə müraciət edirlər: “Bizim gənc dramaturqlarımız demək olar ki, yox səviyyəsindədirlər. 1-2 gənc dramaturq var ki, onlar yenilik etməyə çalışırlar və yavaş-yavaş tanınırlar. Dünya teatrı prosesində, dünyanın müxtəlif ölkələrindən və müxtəlif dillərindən onların ünvanlarına pyeslər daxil olur. Hətta teatrların özlərinin tərcümə mərkəzləri var. Tərcümədən sonra ən yaxşı pyesi seçib onu səhnəyə hazırlayırlar. Dünyada bu proses çox inkişaf edib. Azərbaycan Dövlət “YUĞ” teatrı bir neçə dəfə buna cəhd edib. Vaxtilə Vaqif İbrahimoğlu dramaturqlara sifariş verirdi və onun əsnasında tamaşalar hazırlayırdı. O, Afaq Məsud, Kamal Abldulla ilə işləyirdi”.
Gənc rejissor deyir ki, teatrın repertuar planını özü təklif edir. Bildirir ki, repertuar planı baş rejissorun səlahiyyətindədir: “Repertuarı seçərkən teatrın direktoru və rejissorlarla məsləhətləşirəm. Həmin əsərlər nazirliyə göndərilir, təsdiqlənilir və səhnə həllini tapır. Azərbaycan teatrında repertuar seçimi belə gedir. Mən rejissor dostlarımın da fikrini nəzərə alıram”.
Yazıçı-dramaturq Elçin Hüseynbəyli öz açıqlamasında bildirdi ki, o, teatrların mütəmadi şəkildə yerli müəlliflərə müraciət etmələrinin tərəfdarıdır: “Teatrların repertuar planlarına müdaxilə etmək istəmirəm. Yəqin ki, onlar gənc dramaturqlara etibar etmirlər. Bəlkə klassiklərə ona görə tez-tez müraciət edirlər ki, onlar səhnələşdirilmiş əsərlərdən də nəsə öyrənirlər. Bunun müxtəlif səbəbləri ola bilər. Yerli dramaturqlar, içi mən qarışıq yerli dram əsərləri yazmağa az meyl edirik. Düşünürük ki, belə əsərlər yazmağın heç bir mənası yoxdur. Düzdür, mən o qədər də narazılıq etmirəm. Müxtəlif teatrlarda əsmərlərim səhnə həlli tapıb. Əsərlərim festivallarda da iştirak edib. Çox istəyərdim ki, teatrlarda yeni dramaturqların da əsərlərinə yer verilsin. Əgər bir adam dram əsəri yaza bilirsə, heç olmasa ona əsər sifariş vermək olar. Çox istəyərdim ki, mövzular, süjetlər çox vaxt teatrlar tərəfindən sifariş verilsin. Belə olanda əsər daha tez ərsəyə gəlir, roman deyil ki, aylarla, illərlə oturub yazasan. Pyesi bir aya da yazıb bitirmək olar. Mən “İmperator” və “Adəm və Həvva” pyesimi üç günə yazmışam”.
Dramaturq deyir ki, heç kimin müraciət etmədiyi mövzulara müraciət edilsə, daha maraqlı olar: “Mən də hesab edirəm ki, klassikaya bu qədər yer vermək çox da düzgün deyil. Düzdür, klassikaya yer verilməlidir, onun üzərindən xətt çəkmək olmaz. Lakin teatrların repertuarlarında ən azı 50 faiz müasir dram əsərləri yer tutmalıdır. Ola bilsin ki, digərlərindən zəif olsun. Amma müasir dramaturqların əsərləri repertuara salınmırsa, onlara ögey münasibət bəslənirsə, etimad göstərmirlərsə, onda Azərbaycan müasir dramaturgiyası necə inkişaf edə bilər? Azərbaycan dramaturgiyasının inkişafı isə klassikadan deyil, müasir dramaturqlardan asılıdır. Onları da həvəsləndirmək üçün əsərlərini səhnələşdirmək zəruridir”.
Yazıçı-dramaturq Kamran Nəzirli isə hesab edir ki, teatr repertuarı səhnə sənəti ilə auditoriyanın münasibətlərini reallaşdıran bir vasitədir. Amma bu vasitə təkcə bizdə yox, elə dünyada da teatr-cəmiyyət-mədəniyyət əlaqələri sisteminin bügünkü tələblərinə cavab vermir: “Teatr-tamaşaçı münasibətləri, teatr-müəllif-repertuar münasibətləri, teatr-aktyor münasibətləri... bunlara kompleks şəkildə yanaşmaq lazımdır. Teatrın sosial funksiyasının zəifləməsini, müasir texnologiya və kommunikasiya problemlərini də nəzərə alsaq, deyə bilərik ki, bizim teatrlarımızın repertuar seçmək və onu reallaşdırmaq gücü bir o qədər də yoxdur. Bilirsiz, axı teatrın əsas və çox sadə bir missiyası da var: maarifləndirici missiyası! Əlbəttə, əyləncə də lazımdı, amma bizə bu gün daha çox maarifçilik lazımdı ki, dünyayla ayaqlaşa bilək. Həqiqət budur ki, repertuarlar o qədər köhnə və yaxud zəif olur ki, tamaşaçı zaldan yarımçıq çıxır, ya da tamaşadan sonra özü ilə heç bir xoş təəssürat aparmır. Teatr əslində tamaşaçını öz arxasınca aparmalıdır. Bunun üçün repertuar düzgün seçilməlidir”.
Dramaturq qeyd etdi ki, teatrlarlarımızda güclü aktyor və rejissor potensialı var. Yaxşı əsərləri yaxşı da oynayırlar: “Çox təəssüf ki, bəzən teatr inzibatçıları elə “ölü müəllifləri” və onların min il bundan qabaq yazdıqları əsərləri tamaşaya qoyurlar ki, onlar müasir tamaşaçını maraqlandırmır. Yaxud bir klassik əsəri dəfələrlə tamaşaya qoyub nümayiş etdirirlər və səbəbini soruşanda da, deyirlər ki, müasir əsər yoxdur, ya da səhnə əsərləri yazılmır. Düzü, mən buna inanmıram. Bizdə kifayət qədər səhnə əsərləri var və bu gün də yazılır. Sadəcə rejissorlarımız, bu işlə məşğul olan teatr inzibatçılarımız özlərinə əziyyət verib axtarmırlar. Mənim son üç-dörd ildə Lənkəran Dövlət Dram Teatrında və Sumqayıt Dövlət Dram teatrında iki əsərim- “Şeytan işığı” və “Narkoman” pyeslərim oynanılıb. Bu əsərləri respublikanın xalq artisti, rejissor Kamran Quliyev səhnələşdirib. İnanın, bu əsərlər nümayiş olunanda tamaşa salonları bu gün də dolu olur. İnsanlar var ki, bu tamaşalara dəfələrlə baxıblar və yenə də baxmaq istəyirlər. Təvazökarlıqdan uzaq olsa da deməliyəm: çünki repertuar düzgün seçilib, mövzu aktualdır, güclü rejissor işi və aktyor ansamlı var. Amma təəssüf ki, bizim əsərlərə çatanda səhnənin texniki vasitələrlə təchiz edilməsi müşkülə dönür. Axı bu da şərtdir. Dekorasiya, geyim, işıq... Ötən illərin birində mən Milli Dram Teatrının səhnəsində bir tamaşaya baxdım, uzaq əsrlərdə yaşamış hansısa bir müəllifin əsərini qoymuşdular. İnanın, o tamaşaya axıradək baxa bilmədim, zəif, bəsit bir əsər idi! Amma səhnə elə mükəmməl, elə cah-cəlalla bəzədilmişdi ki, gəl görəsən. Təkcə işıqlandırma və geyimə bir ətək pul xərcləmişdilər... Belə şeyləri başa düşmürəm. Özgə əsərlərə külli miqdarda vəsait xərcləyirlər, heç effekti də olmur, bizimkilərə çatanda... pul yoxdur! Buna görə də repertuar məsələsi ciddi məsələdir və düşünürəm ki, bu işlə mütəxəssislər məşğul olmalıdır”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər