• cümə axşamı, 28 mart, 14:42
  • Baku Bakı 16°C

Rəngli yuxularn yozumu

18.04.16 11:37 2694
Rəngli yuxularn yozumu
Xalq şairi Rəsul Rzanın günbəgün yaşıdım olan şeirlərini oxuyuram... Ötən əsrin 60-cı illərində yazlanlardı. İndi mən o yaşıdım şeirlərin hər misrasında, mətləbində dünyaya göz açdığım dövrün-zamanın, mühitin rəngini, nəm-nişanını, durumunu axtarıram. Hər sətir, hər misra, hər mətləb üstə böyük şairin öz təbirincə desək, gözlərim kirimiş “bükülüb qalır”:
Çəmən vardı,
Quzular, göyərçinlər vardı...
Salxım-salxım yasəmən vardı.
Əkinlər, biçinlər vardı.
...Çarhovuz başında
Gülə-gülə çiləşən
Körpələr vardı.
Üfüqdən-üfüqə
Yayılmış kədər yoxdu.
İnsanlar, evlər, çiçəklər vardı...

Hər şey keçmiş zamana aiddi. Hər misra atom bombasının acısını dadan bir yapon insanının bəşər övladına ünvanladığı məktubun mətləbini anlatmaqdadı. Bu məktub-şerin adı da “Bombardman”dı. Rəsul Rza bu şeri 1962-ci ilin oktyabr ayında qələmə alıb. Düz 54 il öncə...
Altı üstünə çevrilmiş şəhər,
Yaralı torpağa çökmüş zəhər yoxdu.
...Torpağın üfüqdən-üfüqə uzanmış
Qara tabutu yoxdu.
Torpaq, cəsədlərdən doymuş kimi
qaytarmamışdı geri
toza dönmüş binaları,
Külə dönmüş sümükləri.

Böyük şairin düz 54 il bundan əvvəl qələmə aldığı bu şeirdə səsləndirdiyi fikirlər çağdaş həyatımız üçün yenə də aktual və vacib olaraq qalmaqdadı:
İnsanlar!
Yer üzünün taleyi
Sizin əlinizdə,
insanlardadır.
Müharibə carçlarının
dilini kəsin!
Bir olmuş cinayət
Bir də baş verməsin.

Rəsul Rzanın poeziyası ruhu, məramı, missiyası ilə ümidi, diləyi bütün zamanlar üçün dipdiri, sağ qala bilən bir aləmin, bənzərsiz taleyin istedadın poeziyasıdır. Bu poeziya sevənlərini ucuz səadətdən, arpa suyunun məzəsindən, bayağı dostun təzəsindən, nadanlar təsəvvüründən kənarda durmağa təşviq edir. Bu poeziya uzaq ulduzların yaxın yolunu nişan verməkdədi, alnı açıq, gözləri etibar dolu insanların ömürdaşıdı.
Rəsul Rza poeziyası başdan-başa hər bir halıyla “Ölülər ölüb qurtarmayıb hələ” ağrısının vətəndaş təəssüfünə hesablanıb. İctimai-sosial həyatın elə bir sahəsi yoxdur ki, orada baş verən problemli məsələlər şairin sənətkar münasibətinin diqqətindən kənarda qalsın. Bu problemlərin həlli hər dəfə hansısa biganəlik, laqeydlik və heysiyyatsızlıq düyününün ağır layları altında müşkülə dönəndə R.Rzanın şeir dünyasının həssas dirənişilə üzbəüz qalır. R.Rza poeziyasının iç dünyasında böyük bir nisgilin, həsrətin yarası sızıldayır. Bu sızıltı onun hər sətrində, misrasında özünü büruzə verməkdədi. Olduqca nikbin, ilk baxışdan, yaxşı mənada, çox sərt görünən bu misralar eyni zamanda da nanə yarpağ kimi kövrəkdi, hansısa unudulmaz ağrı, təəssüf hissi ilə doludu. Və R.Rza poeziyasının bu ağrılı, təəssüflü məqamları haradasa “Yarası ağrıyır şeir balamın” şerimin yaranmasına vəsilə olduğunun fərqindəyəm:
Başı bəlalıdır, anası ölsün,
Hələ də bilmirəm, bilmirəm ki, mən
Harası ağrıyır şeir balamın...
Yarası birdimi, beşdimi biləm
Canında göynəşən saysız-hesabsız
Yarası ağrıyır şeir balamın.
Yandır göynəyimi, yarasına bas,
Göyləri yandıran onun ahıdır.
İllərin ağrısı canında gəzir,
Köksü min illərin nişangahıdır,
Yarası ağrıyır şeir balamın.
Mən hansı dərdini arayım, açım,
Köksündə hər yara bir tarix yazıb.
İçimdə hönkürür harayım, acım –
Nabələd yolçutək yolunu azıb,
Yarası ağrıyır şeir balamın.
...Nağıl çıxardann evi yıxılsın,
Evimi nağıllar yıxıbdır mənim.
Çıxıbdır başımdan ağıl, danışma.
Onsuz da bir ömür yatıb qalmışam,
Sən mənə bir daha nağıl danışma,
Yarası ağrıyır şeir balamın.

Gülayə
banner

Oxşar Xəbərlər