• cümə axşamı, 25 aprel, 05:58
  • Baku Bakı 19°C

Leyli və Məcnun - 3

25.04.16 10:57 3912
Leyli və Məcnun - 3
Məcnunun ruhi saflaşması onun real və ötəri həvəslərdən, empirik tələblərdən azad olub eşq aləminə dalması və sırf ruhi mövcudluq tapmasıdır. Məcnunun bir aşiq kimi formalaşması onun tədricən sırf ruhi bir varlığa çevrilməsi prosesi ilə bağlıdır. Məcnunun Bağdadlı Salam və Zeydlə müqayisəsində bu məsələyə toxunduq. Məcnunun yeməyə münasibətini açıqladıq. Daha bir misalla bu məsələni yekunlaşdırmaq olar. Dayısı Səlim Amiri Məcnunun görüşünə gələndə onun vəziyyətini görüb soruşur ki, insan da yeməksiz yaşaya bilərmi? Məcnun ona belə cavab verir:
Düzünü istəsən, mənim ürəyimin qidası
Sübh çağının nəsimidir.
Yeməməkdən vücudum sarsılmış,
Yemək qüvvəm (iştaham) ölmüşdür.
Hər külək ki, dilbərin ətrini gətirir,
Şübhəsiz ki, mənə can gətirir (183).

Burada Məcnunun real varlıqdan ruhi varlığa çevrilməsi, azuqə təmənnasından azad olub “ürək qidası”, “dilbərin ətri”, yəni eşqlə kifayətlənməsi öz əksini tapmışdır. Məcnun tədricən öz real varlığından azad olub ruhi varlığa çevrilmişdir.
Məcnunun dünyayla əlaqəsinin kəsilməsinə gəlincə, bu vəziyyət ağrılı və uzun bir proses kimi təsvir olunur. Məcnunun dünyadan və insanlardan təcrid olunması elə ilk günlərdən başlanır. Leylini sevdikdən sonra bütün dünya, dostlar-yoldaşlar onun gözündə bir heçə çevrilir. O, yalnız Leyli haqda düşünür. Nəhayət, məktəbi və dərsi tərk edir. Məcnun küçələri, bazarı, çölləri qəmli və ağrılı dolanır, sızıntılı qəsidələr oxuyur. Adamlar isə onu daşa basır, “Məcnun, Məcnun” deyə qışqırırlar. Elə faciə də buradan başlayır – Məcnun eşqinin mühitin təfəkkürünə sığmamasından. Burada Məcnunun mənəvi gücü özünü büruzə verir. O, cəfakeşliklə bütün təhqirlərə dözür. Bu məqamda Nizami “Məcnun eşqinin necəliyi barədə” söz deyir, onu “göz yaşı tökənlər ordusunun sərkərdəsi”, “taxtsız-tacsız Keyxosrov”, “qərib könlüqırıq” adlandırır.
Nəticəsiz elçilikdən və uğursuz Kəbə səfərindən sonra Məcnunla mühitin münaqişəsi daha da kəskinləşir. Leylinin qohumları Məcnunu öldürməyə qərar verirlər. Atası oğlunu xilas etmək üçün onun dalınca səhraya gedir, oğlunu tapıb ona yalvarır ki, evə qayıtsın. Məcnun kölgə kimi atasının ayaqlarına döşənir, yalvarıb üzr istəyir:
Lakin nə etməliyəm ki, mən üzüqara
Öz xoşumla bu çöllərə düşməmişəm (88).

Atası Məcnunu evə aparır. Lakin o, evdə çox qala bilmir, yenə səhraya üz tutur, doğma atasından üz döndərir.
Nofəlin Məcnuna kömək etməsi təşəbbüsü də baş tutmayandan sonra o, öz dostunu da tərk edir. Son ümidi boşa çıxır və Məcnun dünyayla tam əlaqəsini kəsməli olur. Qarı və Məcnun əhvalatında Məcnunun dünyadan və mühitdən tam təcrid olunması məsələsi öz əksini tapır. Leylini bir də görmək arzusu ilə Məcnun dilənçi sifətilə onun qapısına gəlir, sonra da zənciri qırıb çöllərə qaçır. Bertels haqlı olaraq Məcnunun zənciri qırıb çölə qaçmasında rəmzi məna görür – aşiqin mühitdən tam ayrılması rəmzi. Bundan sonra Leyli İbn Salama ərə verilir. Məcnun yalnız Leylinin xəyalı ilə yaşayır.
Məcnun öz Leylisindən tam ayrı düşür. Bundan sonra onun üçün ağır itkilər, ölümlər silsiləsi başlanır. O, əvvəlcə atasını, sonra da anasını itirir. Yarsızlığa yetimlik də əlavə olunur. Məcnun tam mənada tək qalır. Onun atası və anası ilə vida görüşləri çox təsirli və realistcəsinə təsvir olunmuş səhnələrdir. Hər şeydən əvvəl obrazların daxili aləmi, onların psixologiyası çox realist boyalarla təsvir olunur. Atasının Məcnuna dediyi sözlərə fikir verək:

Nə qədər ki, mən ayaqdan düşməmişəm,
Gəl evində yerini isit!
Qoy əcəl çatıb öldüyüm anda,
Bilim ki, yerimi tutan adam var (146).

Məcnun isə elə vəziyyətdəydi ki, onun gözünə nəinki ata-anası, heç özü də görünmürdü. Dünya onun nəzərlərində mənasız bir şeyə çevrilmişdi. O, özünü belə unutmuşdu.
Yadımdan çıxan təkcə atam deyildir,
Yadımın özü belə vücudumdan çıxmışdır (147).

Oğlundan ayrıldıqdan sonra ata çox yaşaya bilmir. Bir nəfər Məcnuna onun atasının ölüm xəbərini gətirir, tənələr edərək onu məzəmmət edir: “Utanmaz adamsan, sənə eyib olsun” deyə onu töhmətləyir. Məcnun atasının qəbri üstə gəlir, göz yaşları içində deyir:
Mən özüm öz əməlimdən xəcalətəm.
Sənin nəsihətin yadıma düşəndə
Varlığımdan fəryad qopur.

İnsanlardan əlini üzmüş Məcnun vəhşilərlə ünsiyyət tapır, ulduzlarla söhbət edir, onlardan öz dərdinə imdad istəyir. Görəndə ki, onlar da “öz zirvələrindən qaçırlar”, o, üzünü Allaha tutur.
Dedi: Sən ey pənahgahım olan!
Səndən başqasına niyə pənah aparım? (165).
Mənim torpağım sənin əlindən su alıb (yoğrulub),
Mən xarab olmuşa bir nəzər sal!
Öz allahlıq mərhəmətindən elə et ki,
Mənim qaranlıq gecəm işıqlansın! (166).

Nizami öz qəhrəmanını ruhi işgəncələrdən və çaşqınlıqlardan keçirib, nəhayət, onu ilahi bir hikmətə yönəldir.
Sonra Məcnunun anası ilə vida görüşü səhnəsi və ananın ölümü təsvir olunur. Səhrada oğluyla görüşən ana balasının işgəncələrinə dözmür. Ana oğlunun yaralarını sarıyır, onun ayaqlarından tikanları çıxarır, əllərini onun quru vücudunda gəzdirir və balasının ağrılarını öz ürəyində duyur, göz yaşı axıdıb saçlarını cəngə ilə yolur. Bütün vəhşilər, quşlar belə axşamlar öz yuvalarına qayıdır, sən də evimizə qayıt deyə ona, oğluna yalvarır. Bu səhnə təsirli olduğu qədər də realistcəsinə təsvir olunmuş səhnədir. Hisslərin, həyəcanların realizmi göz qabağındadır.
Ana oğulsuz qayıdır və bu ayrılığa dözməyib dünyadan köçür. Ana da Məcnun eşqinin qurbanı oldu. Bundan sonra Məcnunu dünyayla bağlayan yeganə bir məxluq Leyli idi. Leyli varkən Məcnun yaşayacaqdı. Leylinin ölümündən sonra Məcnunun yaşaması qeyri-mümkün olacaq. Ata-ana itkisinə dözən Məcnun Leyli itkisinə dözə bilməyəcək. Çünki Leylini itirmək Məcnun üçün öz ilahisini itirmək deməkdir.
İbn Salamın vəfatı Məcnun eşqinin və Məcnun xarakterinin təkamülündə yeni mərhələ oldu. Belə görünə bilər ki, aşiqlərin yolundakı əngəl yox olur və onların bir-birinə qovuşmasına daha heç kəs və heç nə mane ola bilməz. Lakin bu belə olmadı. Məcnun eşqi vüsalı inkar etdi. Zeyd İbn Salamın ölüm xəbərini gətirəndə Məcnun buna həm sevindi, həm də kədərləndi. Sevindi ki, Leylisi azad olub. Kədərləndi ki, ölüm deyilən şey bir gün də onun özü üçün olacaq.
Leyli də öz növbəsində vüsal arzusu ilə yaşayır, qəmdən, qüssədən azad olub Məcnunu arzulayırdı. Lakin tale Leylini Məcnundan əbədi olaraq ayırmışdı və bunun da baiskarı Məcnun eşqinin özü idi. O eşq elə bir həddə çatmışdı ki, vüsal ehtiyacı aradan götürülmüşdü, sırf ruhi eşqin göylərində Məcnun ruhu öz Leylisinə qovuşmuşdu. Real vüsal bu ali ruhi vüsalın önündə çox bəsit və miskin görünürdü.
Məcnun Leylisinin onu görüşə çağırmasını eşidəndə əvvəlcə sevincindən bihuş oldu, “bir dövrə vurub, yenə də oturdu” (224), sonra vəhşilərin müşayiəti ilə Leylinin qapısına gəldi. Məcnunun gəldiyini eşidən Leyli çadırdan bayıra yüyürüb sevgilisinin ayaqlarına döşəndi. Məcnundan elə bir fəryad qopdu ki, halsız yerə sərildi. Hər ikisi huşsuz halda yol üstə düşüb günortayacan qaldılar. Zeyd onları gülab və ənbərlə huşa gətirdi. Leyli Məcnunun əlindən tutub öz çadırına apardı. “Yüz sevinc və nazla onu oturtdu. Ruh oxşayan vəsli ilə əzizlədi” (225). Görənlər heyrətdə qalmışdılar ki, eşqin saflığından vəhşilər Məcnuna ram olmuşdu.
Ürəkləri yanıqlı iki yar bir-birinə sarındı,
Bir gecə-gündüz bu vəziyyətdə qaldılar.
Bu özündə deyil, o özündən getmişdi.
Qərəz (təmənna) quşu aradan uçmuşdu (227).
Mən özüm kiməm, məni nə adlandırırlar?
Sənin kölgəndən savayı məni nə tanıyırlar?
Mən özümü heç hesab edirəm,
Heç kəsliyimdən heçə oxşayıram.
Sənə könül vermiş adama o vaxt əl uzatdın ki,
O, artıq özü əldən getmişdi (229).

Məcnun görəndə ki, bıçaq sümüyə dirənib, ali eşqi həyat nəşəsinə qurban verməlidir, başını götürüb səhraya qaçdı. Eşqini fanilikdən xilas etmək üçün Leylini tərk etdi. Onun üçün xəyali eşq real vüsaldan əziz oldu. Məcnun eşqi elə bir səviyyəyə çatmışdı ki, aşiq öz ali ruhi vəziyyətini yerdəki gerçək vüsala və məişət səadətinə dəyişə bilməzdi. Leylini ilahi səviyyəsindən övrət səviyyəsinə endirmək Məcnun üçün mümkün deyildi. Ruhi aləmin sakininə çevrilmiş Məcnun real dünyaya, ailə münasibətlərinə qayıda bilməzdi. Özünü bir ruh kimi dərk etmiş insan artıq bəsit bir vücud kimi yaşamaq istəməzdi. Öz ilahisinə qovuşmuş ruh öz vücuduna qayıda bilməzdi. Budur Məcnunun Leylidən imtina etməsinin səbəbi. Burada Məcnun eşqi öz zirvəsinə çatır. Eşq burada əbədiləşir. Ona görə də Məcnunun vüsaldan imtina etməsinin səbəbi haqqında söz deyən görkəmli alim, akademik Məmməd Cəfərin aşağıdakı fikri ilə razılaşmaq çətindir. Alim yazır: “yaxşı diqqət etsək, görərik ki, Məcnun uzun müddət – 30 il çəkdiyi mənəvi və cismani əzablardan sonra, səhhətini, sağlamlığını, hətta kişilik qüvvəsini belə itirməsi, “tük kimi incəlməsi”, “xəyali surət” halına düşməsi, öz “taqətsizliyindən” utanıb, sarsılıb yenidən səhralara üz tutması onun faciəsinin kulminasiyasıdır”. Məcnunun “kişilik qüvvəsinin” itməsini təsdiq etmək olar və poemanın mətnindən bunu təsdiqləyən sitatlar da gətirmək olar. Lakin əsas səbəb Məcnunun “kişilik qüvvəsində” deyil. Məcnun bütün vücudundan, real varlığından kənara çıxmış və sırf ruhi mahiyyət kəsb etmişdir. Ərlik missiyasından imtina etmək də məhz bu səbəbdəndir. Sevənlərin ölümündən sonra isə ruhun əbədi həyatı başlanır. Ona görə də qəhrəmanların ölümü bir labüdlük kimi ortaya çıxır.
Əvvəlcə Leyli dünyadan köçür. Yarının ölüm xəbərini eşitcək Məcnun xəncər yarası almış kimi yerə sərilir. Leylinin ölümü Məcnunun sonuncu itkisi idi. Onu dünyayla bağlayan yeganə məxluq Leyli idi. Leylidən sonra Məcnunu dünyada saxlaya biləcək qüvvə yox idi. Leylinin qəbri üstə Məcnun deyir:
Sən getdin, bu xarabadan xilas oldun,
İrəm məclisinə əyləşdin.
Mən də bu zənciri açan kimi
Bir neçə gündən sonra yanına gələrəm (243).

Onsuz da Məcnun dünyayla əlaqəni çoxdan kəsmişdi. Ölüm tədarükünü o, çoxdan görmüşdü. İndi isə köç məqamı yetişmişdi. Məcnun ruhunu bu dünyaya bağlayan yalnız onun öz vücududur. Məcnun ruhu bu bağdan da xilas olur.
Məcnun onsuz da Leylisiz yaşayır, yalnız onun xəyalı ilə kifayətlənirdi. Onda belə bir sual ortaya çıxır: niyə Məcnun Leylinin ölümündən sonra da onun xəyalı ilə yaşamağa davam etmədi? Niyə Leylinin ölümü onun xəyalını Məcnunun əlindən aldı? Çünki Məcnunun təfəkkürü sırf simvolik təfəkkür idi. Onun ilahi təsəvvürü real əsasa söykənməli idi. Simvolik təfəkkürdə ilahi özü ruhi varlıq kimi dərk olunsa da real əsasa söykənməlidir. İslama qədərki bütpərəstlik məhz bu cür simvolik təfəkkür formasıdır. Burada bütsüz ilahini duymaq mümkün deyildi. Təkallahlılıq isə, o cümlədən, islami təfəkkür romantik təfəkkür forması kimi ilahini real təməldən ayrı, sırf ruhi varlıq kimi təsəvvür edir. Bütpərəst Məcnun bütsüz, yəni Leylisiz yaşaya bilməzdi. Bütpərəstlik həyata, mövcudiyyata bağlılığın bir formasıdır. Bütpərəstin ilahiyə ehtiyacı var. Bu ehtiyac onu sitayişə gətirib çıxarır. Lakin o reallıqdan ayrıla bilmir, onun ruhu varlığa bağlıdır, ona görə də o, bütdən yapışır, ondan qopa bilmir. Bütpərəsti yalnız ölüm gerçəklikdən ayırıb ruhi aləmə aparmağa qadirdir. Ona görə də Nizami təsəvvüründə həyatı sevmək bütpərəstlikdir, ölümü sevmək isə Allahpərəstlikdir. Nizaminin insanları ölümə səsləməsində bir anlaşılmazlıq və ya paradoks yoxdur.
Sən axı dünya həbsxanasındasan!
Bir yol axtar, yolu bilirsən axı! (249).
Dünya həmişəlik sənə qalmayacaq!
O şey ki, sənə qalmayacaq, ona pərəstiş etmə (250).

Məcnun eşqdə uzun sürən, ağrılı-acılı, ələmli-nəşəli bir ruhi saflaşma yolu keçdi. Onun ruhu tədricən bütün “zəncirlərdən” azad oldu. Leylidən sonra onun itirəcəyi bircə şey qalmışdı, o da öz varlığı idi. Məcnun tədricən öz varlığından da çıxır: diriykən quruyub qaxaca dönür, öləndən sonra isə ətindən-qanından ayrılır, Leylinin qəbri üstündə onun ağ sədəfə oxşayan sümükləri qalır ki, onu da Leylinin qəbrinə qoyurlar. Sümüklərin təmizliyi zərdüştlərdə ruhun saflaşması, işığın qaranlıq üzərində qələbəsidir.
Bundan sonra Məcnun ruhunun müstəqil, azad və əbədi həyatı başlanır ki, bu da axirətdə davam edir. Yerdəki ruhi işgəncələr cənnətdəki ruhi nəşəyə əsas yaradır və yol açır. Budur Nizaminin insan və onun həyatı haqqındakı islami təsəvvürlərin yekunu.
Beləliklə də, Nizami yaradıcılığındakı insan konsepsiyasının təkamülündə Məcnun obrazı xüsusi yer tutur. Bir şəxsiyyət kimi o, Xosrovdan daha kamil insandır ki, bu kamilliyin də əsasında fərdin daxili ziddiyyətlərdən azad olması durur. Məcnun ruhi saflıq dərəcəsinə, ruh əhli rütbəsinə yetişmiş insan kimi Nizaminin insan idealına daha yaxındır. Lakin “Leyli və Məcnun” poemasında şairin insan idealı hələ öz bədii ifadəsini tapa bilməmişdir. Poemadan poemaya Nizami öz idealına doğru çətin və əzablı bir axtarışlar yolu keçir. Bu yolun növbəti mərhələsi “Yeddi gözəl”dir.

Məmməd QOCAYEV
banner

Oxşar Xəbərlər