AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hüseynbala Mirələmovun yaradıcılığında Qarabağ mövzusu

Hüseynbala Mirələmovun yaradıcılığında Qarabağ mövzusu

25 Aprel 2016, 10:06 2674
Qarabağın azadlığı uğrunda mübarizə mövzusunda maraqlı əsərlər yazan yazıçılarımızdan biri də Hüseynbala Mirələmovdur. Ədib öz əsərlərində milli birliyimizi, azərbaycançılıq və itirilmiş torpaqlarımızın azad olunması ideyalarını ön plana çəkir.
H.Mirələmovun “Dağlarda atılan güllə”, “Vicdanın hökmü”, “Xəcalət”, “Güllələnmiş heykəllərin fəryadı” əsərlərinin hər birində Vətən həsrətinin, Vətən yanğısının ağrı-acıları insanlara çatdırılır.
Hələ 2001-ci ildə çap olunan “Şuşa teatrı” adlı kitabında teatrşünas Yaqub Əlioğlu yazırdı: “Öz-özümə düşündüm, görünür, nə vaxtsa, Qarabağın faciəli tarixinə dair pyes-xronikalar yazılacaq və bu dram əsərləri başqa teatrlarla yanaşı, həm də Şuşa teatrının səhnəsində oynanılacaqdır”.
Çox keçmədi ki, teatrşünasın arzuları çin oldu. Yazıçılarımız Qarabağ mövzusunda pyeslər yazmağa başladı. Bu mövzuda ən çox qələm işlədən yazıçılardan biri də Hüseynbala Mirələmov oldu və yazıçının əsərləri ölkəmizin bir sıra teatrlarında tamaşaya qoyuldu: “Xəcalət” pyesi “Yaddaş ağrısı” adı ilə (2004) Gənc Tamaşaçılar Teatrında, “Vicdanın hökmü” (2004) Gəncə Dövlət Dram Teatrında, “Güllələnmiş heykəllərin fəryadı” (2004) Şuşa Dövlət Musiqili Dram Teatrında, “Xəcalət” (2006) Akademik Milli Dram Teatrında, “Vicdanın hökmü” (2015) Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşılara təqdim olundu.
“Xəcalət” əsəri 24 il bundan əvvəl ermənilər tərəfindən Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən sonra, öz isti yurd-yuvalarından didərgin düşərək Bakıda inşası yarımçıq qalmış xəstəxana binasında yaşayan Vətənin ailəsindən bəhs edir.
Uşaqlıqdan bir yerdə böyümüş Vətən və Murad Qarabağ savaşına da birgə getmiş, amma sonradan onların həyat yolları ayrılmışdır. Atəşkəs haqqında müqavilə imzalanandan 10 il sonra dostlar yenidən görüşürlər. Amma necə? Bu on il müddətində Vətən torpaq həsrəti ilə yanıb-yaxılmış, Murad isə Qarabağ döyüşü zamanı əldə etdiyi sərmayə ilə var-dövlət qazanmışdır. İndi iki dost arasında vətənə, torpağa münasibətdə fkir ayrılığı yaranıb. Vəziyyətləri ağır olduğu üçün Vətən oğlunu aparıb şəhərdəki internat məktəblərinin birinə qoyur. Qızı Gülyaz isə onlarla qalır. O da buradakı şəraitsizlikdən, rütubətdən xəstəliyə tutulur.
Əsərin konfliktini Vətən ilə Murad arasındakı mövqe və baxış fərqləri təşkil edir. Kim haqlıdır? Qarabağ savaşında canını qurban verməyə hazır olan, amma xəstə qızına dərman pulu tapa bilməyən Vətənmi? Yoxsa bu savaş hesabına varlanan, torpağının, yurdunun azadlığını xarici ölkələrin köməyində axtaran Muradmı?
Gənc Tamaşaçılar Teatrında Bəhram Osmanovun quruluşunda “Yaddaş ağrısı” adı ilə tamaşaya qoyulan “Xəcalət” əsərinin premyerası 7 noyabr 2004-cü ildə oldu. Qarabağ mövzusunu ön plana çəkən rejissor tamaşanın əvvəlində Vətənlə Atasının dialoqunu verir. Köməksiz olanda ölmüş anasını dəfn etmək istəyəndə atası Ötərxanın ruhu ona güc verir. Qeybdən gələn səs ona deyir:” Nəyi gözləyirsən, ay oğul? Əlli tərpən, tapşır ananı torpağa. Torpaq insandan etibarlıdır. İnsan əlacsız qalanda yerindən, yurdundan çıxır, amma milyon ildir ki, dağ-daş öz yerində-yurdundadır. Sən arxayın ol ki, torpaqda əmanətə xəyanət yoxdur”.
Bəhram Osmanovun tamaşada obrazların səciyyəsinə və ampulasına uyğun aktyor seçimi etmiş, ümumi ansambl yaratmağa nail olmuşdu. Bəstəkar Sərdar Fərəcov tamaşanın bədii dəyərini artırmağa kömək edən musiqi parçaları yazmış, rəssam Elman Babayev hadisələr eyni yerdə cərəyan etsə də, məişət, memarlıq və təbii təsvirləri cazibədar bir şəkildə tamaşaçıya çatdırmaq üçün ən kiçik elementləri belə qabarda bilmişdi.
Aktyor Azər Mirzəyev torpaqlarımızın qorunması ücün yığılan pul ilə özünə biznes quran Muradın xəcalət çəkməyən iç üzünü özünəməxsus ustalıqla açıb göstərirdi. Rafiq Hüseynov isə Vətənin bəzi anlarda çılğınlıq etməsinə baxmayaraq, nə demək istədiyini tamaşaçılara hərəkətləri ilə açıqlayırdı. Şəfəq Əliyeva-Fərqanə, Yasin Qarayev-Kürənvə Nuranə Əhmədova-Gülyaz obrazlarını tam özününküləşdirərək canlandırırdılar.
2004-cü ildə Şuşa Dövlət Musiqili Dram Teatrında Nazir Rüstəmov “Güllələnmiş heykəllərin fəryadı” əsərinə öz əlavələrini edərək baxımlı bir tamaşa ortaya qoydu.
Tamaşaya maraqlı tərtibat verən quruluşçu rəssam Valeh Məmmədovun yaratdığı Cıdır düzü fonunda Şuşa qalasının divarları görsənirdi. Bir az yuxarıdan asılmış ekranda isə Şuşanın gözəllikləri əks olunurdu.
Bu əsərdə dahi şəxsiyyətlərin ruhları çox narahatdırlar, ruhlar qəbirlərdən çıxıb təlaş içində vətən, torpaq üçün fəryad edirlər. Aktyor truppasına gəlincə, Xurşid Banu Natəvan-Şükufə Musayeva, Pənahəli xan-Məmməd Məmmədov, İbrahimxəlil xan-Zahid Mehdiyev, Üzeyir Hacıbəyli-Nazir Rüstəmov, Bülbül-Yadigar Muradov, Ağabəyim ağa-Mətanət Eres, Gövhər ağa-Aybəniz Əhmədova, Molla Pənah Vaqif-Rasəf Mehdiyev, Mir Möhsün Nəvvab-Azad Məmmədov, Nadir şah-Etibar Cəfərov, Fətəli şah-Nazir Rüstəmov, Ağaməhəmməd şah Qacar-Azad Məmmədov və b. tarixi şəxsiyyətlərin dolğun obrazlarını yaradaraq, möhtəşəm bir tamaşa nümayiş etdirirdilər.
Azad Məmmədovun seçdiyi “Şuşam, ay Şuşam”, “Bir anadır, bir Vətən”, “Şuşanın dağları”, “Qarabağ şikəstəsi” və digər mahnılar tamaşaçıda az da olsa xoş ovqat yaratmaqla, onu tamaşa boyu çəkdiyi ağrı-acıdan azad edirdi.
Tamaşanın sonunda isə prezident İlham Əliyev cənablarının dilindən “Qarabağ azad olunacaqdır!” bəyanatını eşidən tamaşaçıda sabaha bir ümid yaranırdı.
Akademik Milli Dram Teatrı 16 iyun 2006-cı ildə dramaturqun “Xəcalət” əsərini tamaşaçılara təqdim etdi. Bu, əməkdar incəsənət xadimi Bəhram Osmanovun əsərə verdiyi ikinci quruluş olsa da rejissor tamamilə fərqli bir tamaşa ortaya qoya bilmişdi. Tamaşanın bədii tərtibatını əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatını xalq artisti Səyəvuş Kərimi vermişdi.
Pyesə dramaturqun qoyduğu “Xəcalət” adı çox doğru və yerində işlənib. Torpaqlarımızın 20%-dən çoxunun işğal olunduğu, milyonlarla insanın qaçqın düşdüyü bir vaxtda xalqımızın heç nə olmamış kimi şad-xürrəm yaşaması bizim üçün xəcalətdir.
Bu gün də teatrın repertuarında olan “Xəcalət”ə hər dəfə baxarkən tamaşa məni öz ardınca apara həmin illərə aparır, səhnədə göstərilən uçuq-sökük xəstəxana binası Laçından gəldiyimiz ilk vaxtları gözümün önündə canlandırır. Göz yaşlarımı axıda-axıda baxdığım tamaşada səhnə tərtibatı: divardan asılmış tar, sinıq-sökük stol və stullar məni ağrılı-acılı günlərimizə qaytarır.
Rəssam İsmayıl Məmmədovun dekorasiyası hərəkət etdikcə arxa tərəfdə yanmış, kül olmuş ocaqlarımızı, evlərimizi görürük. Bu da tamaşaçını torpaqlarımızı azad etmək üçün səfərbər olmağa çağırır.
Mənə və tamaşaçılara ən çox təsir edən səhnə Kürənin araq içdikdən sonra Muradın səxavətindən danışdığı, hətta Fərqanənin bu gün Muradın yanına gəlib ondan Vətənə iş düzəltməsini xahiş etdiyini dediyi səhnədir. Bu xəbəri eşidən Vətən böyük sarsıntı keçirir. Onu da deyim ki, həm Vətən (xalq artisti Nurəddin Mehdixanlı), həm Murad (xalq artisti Ramiz Novruzov), həm Fərqanə (əməkdar artist Mətanət Atakişiyeva) həm də Kürən (əməkdar artist Ələsgər Məmmədoğlu) bu epizoda çox təbii oyun nümayiş etdirirlər.
“Xəcalət” tamaşası bu gün də aktuallığı, bədii-estetik dəyəri ilə diqqəti cəlb edir. Akademik Milli Dram Teatrı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması işində mühüm əhəmiyyət kəsb edən bu tamaşanı dəfələrlə xarici ölkələrdə nümayiş etdirib. “Xəcalət” tamaşası Özbəkistan, Türkiyə, İran, Serbiya, Polşa, Bolqarıstan, Ruminiyada keçirilən festivallarda iştirak edərək mükafatlara layiq görülüb.
Sumqayıt Dövlət Musiqili Dram Teatrırının təcrübəli rejissoru Namus Şirməmmədovun 11 fevral 2015-ci ildə quruş verdiyi “Vicdanın hökmü” tamaşasında torpaq azadlığı problemi qabardılırdı.
Bu əsər bizi 90-cı illərə aparır. Tamaşanın əvvəli bir tikə çörək pulundan ötrü Rusiyanın bir çox şəhərlərinə səpələnən insanların həyatından bəhs edir. Rəhim müəllim Azərbaycanın rayonlarından birində yaşayan anasına və yetim qalmış balalarına kömək etmək üçün Rusiyaya gedir. Rusiyada Raqozin bazarının rekerti olan Qara Fedya ilə qarşılaşır. Rəhim Fedyanın ad günündə onun (Fedya) əlaltısı olan erməni Aşotu bıçaqla vurmaq istəyir. Bıçaq Aşotu qorumaq üçün özünü irəli verən Fedyaya dəyərək onu öldürür.
Bundan sonra Rəhim Bakıda baş verən 20 Yanvar faciəsini eşidərək öz Vətəninə dönür. Qarabağ uğrunda döyüşlərə qatılan Rəhim (Nabil Xanlarov) erməni silahlılarının komandiri olan Aşotla yenidən qarşılaşır. Aşot (Dağlar Rüstəmov) burada da öz məkirli niyyətlərindən əl çəkməyərək bir azərbaycanlı kişini və onun qızını əsir götürür. Tamaşanın sonuna yaxın atanın gözlərini çıxarıb güllələyən Aşot qıza təcavüz etmək istəyərkən Rəhim onun köməyinə gələrək Aşotu güllələyir və özü də qəhrəmancasına həlak olur. Nabil Xanlarov torpaq azadlığı uğrunda şirin canından keçən fədakar oğulların obrazını yaradır.
Namus Şirməmmədovun tamaşaya verdiyi bu quruluşda Qarabağın harayını, iniltilərini xalqımıza çatdıra bilir. Aktyorlar Rəhim müəllim-Nabil Xanlarov, Firudin (Qara Fediya)-Mətləb Şəfərli, Güllü-Kifayət Burziyeva, Aygün-Vəfa Qurbanova, Aşot-Dağlar Rüstəmov, Akop-Cavanşir Eyyubzadə, Karon-Elmir Mehdiyev dramaturq Hüseynbala Mirələmovun reallıqlara söykənən bədii təxəyyülünü yüksək səviyyədə bədii səhnə hadisəsinə çevirməyi bacarırdılar.
Rəhimin anasının tamaşanın sonunda əsgər paltarı geyib səngərdə oğlunu əvəz edəcəyini deməsi, əslində fəryad yox, bütün analara bir haraydır ki, “oğullarınızı Vətənin müdafiəsinə hazırlayın, düşmənin kim olduğunu onlara başa salın, ermənilərin əsrlər boyu türklərə bəslədiyi nifrəti, məkri unutmayın”.
Hüseynbala Mirələmovun Qarabağ mövzusunda yazdığı pyeslərin tamaşaları xalqımızı səfərbər edərək, öz torpaqlarımızı erməni faşistlərinin əlindən almağa səsləyir. Eyni zamanda bu tamaşalar mənəviyyatımızı zənginləşdirməklə yanaşı, tarixi yaddaşımızın oyanışına və möhkəmlənməsinə xidmət edir.

Məlahət Ağayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru