• şənbə, 20 Aprel, 11:59
  • Baku Bakı 14°C

Ruhun yansıtdıqları

12.05.15 06:16 1997
Ruhun yansıtdıqları
Ruhu ruhuma yaxın, düşüncələri düşüncələrimə doğma olan Nurullah Gəncin “Ruhumdan yansıyanlar” adlı albom-kitabına Erhanın yazdığı ön sözdə belə deyilir: “Nurullah bəyin üç dərinliyini ifadə edən albomun giriş səhifəsində iki-üç cümləlik yer almaqdan böyük bir məmnunluq duyuram”.
Eyni düşüncə və münasibət ucalığından boylanıram Nurullah Gəncin çoxçeşidli fəaliyyət səhnəsinə. Bilirəm ki, həm əhatəliliyə malik elm adamı, həm də kamil estetikdi. 1960-cı ildə dünyaya gəldiyi Ərzurumun Xorasan bölgəsini göz önünə gətirəndə məşhur “Əsli və Kərəm” dastanından mənə yaxşı tanış olan qitənin unudulmaz misraları şimşək kimi çatıb keçir yaddaşımdan:
Ərzurumun gədiyinə varanda,
Gördüm dədə, burum-burum qar gəlir...

Bəlkə də Ərzurum gədiklərini soyuğa tutan, qara bələyən rüzgardan iltiması olaraq ilk şeir kitabının adını “Çiçəklər üşüməsin” qoyub Nurullah bəy. Bəlkə də o böyük sevdalı aşıq Kərəmin mənəvi varisi olmasının yüzdə-yüz təsdiqi olaraq bir özgə kitabının adını “Eşqim üsyandır mənim” qoyub. Arxasınca da gəlir “Siyah gözlərinə məni də götür”, “Hüznün laləsidir dünya”, “Gül və mən” kitablarının unudulmaz isimləri, “Türkülər kədər oldu”, “Yollar dönüşə gedir”, “İntizar” romanlarının doğma təəssüratları.
Bunları yazıram, gözlərim önünə gəlir gözəlimiz Ankarada ünlü şair Nəcib Fazil Qısakürək adına mədəniyyət mərkəzində düzənlənən şeir şöləni və Samsunda İlesamın təşilatçılığı ilə keçirilən şeir gecələri... O şeir şölənlərinə bir çox tanınmış şairlərlə bərabər Nurullah bəylə mən də dəvətli idim. Əvvəldən sona qədər sözümüz-söhbətimiz ortaq mədəniyyət abidələrimizdən, ortaq adət-ənənələrimizdən, Türk düşüncəsinin kos-kocalığından oldu. Onu hər sözündən, kəlməsindən bir qardaş olaraq duydular.
Heç unutduğum olmadı Nurullah bəyin içdən və təfəkkür-düşüncə bütövlüyündən, kamilliyindən qaynaqlana-qaynaqlana gələn yatımlı danışıq tərzini. O səsdə qədimdən-qədim bir bir dost-doğmalıq, simsarlıq və həyanlıq, eyni zamanda heyranlıq var. O səsdə ruhi sakitliyin şəkillənməsi qıpır-qıpırdı. Hər məqamında, intonasiya, ifadə süslənməsində elə bil ki, mənim özümün:
Ruhumdan yer üzünə bir cahandı yansıyan,
Bəzən dərdə mübtəla və nihandır yansıyan.

Azərbaycanın görkəmli şairi Nizami Gəncəvi əsrlərin o üzündən səslənirdi ki, nailiyyətin, uğuru hünər, istedad yox, tale, bəxt həll edir...
Həmin o gözəlim taleyin, bəxtim qismətindən iş elə gətirdi ki, mən növbəti dəfə Nurullah Gənclə bizim Bakı şəhərindəki Rəşid Behbudov adına Mahnı Teatrında görüşəsi oldum. Nurullah bəy canı bir, qanı bir olan Azəri qardaşlarına Türk dünyasının tükənməz sevgi salamlarını gətirmişdi. Bu sayğım səsimin, sözümün sehriylə süslənmişdi. Yatımlı səsi, fikri, düşüncəni büsbütün saran məntiqli fikirləri, səmimi şeilrəi salamı ovsunlamışdı. Hər kəs nəfəsini içinə çəkərək dinləyirdi. Dinlədikcə qürur məni boğurdu. Türk fəlsəfəsinin ərdəmli, dərindən-dərin məna yükü onun dilindən kəpənək qanadlı zərifliyi ilə salona sirayət edirdi.
Elə zənn edirdim onun dost-doğma səsi, nəfəsi
Gah günəşlə buluşur, gah bahar mövsümündə,
Gah səmadan yerə bir qətrə candır yansıyan.

Həmin gecə Rəşid Behbudov adına Mahnı Teatrının divarları, qədim sütunları elə bil ki, daşdan, suvaqdan yox, özündə mistik bir ab-havanı cəm edən pünhan ruhdan, doğmalıq münasibətindən hasilə gəlmişdi. O yaraşıqlı salon bütöv bir Türk birliyinin ana qucağı kimi açılıb da qalmışdı. Elə hey düşünür, düşünürdüm ki:
Hörümçək hansı ağın peşindədir bilinməz,
Ağı zəhər olana baldırandır yansıdan.

Sonra mən dərin ehtiram və maraqla Nurullah Gəncin “Ruhumdan yansıyanlar” adlı albom-kitabında təqdim edilən şeri misralarına, hər fikrə, mətləbə uyğun olaraq da sərgiləmək foto-şəkillərə nəzər yetirməyə başladım. Və büsbütün real, gerçək həyatım o biri – daha qudsal, pünhan arasında qərarlaşan gördüm özümü.
Bu kitab-albomun hər şeydən əvvəl səhifələri bol işıqlıdı, ruha, düşüncəyə dirilik gətirir. Qorxu və xof adlı çalardan uzaq, çox uzaq bir dünya hər varaq başından sənə əl edir. Elə hey bir ucdan səslənir:
Təkrarı yox zamanın bu roya evremində,
Hər kəsə bir xəyaldır və bir andır yansıdan.

Bu səsləniş “İşığın qəlbində”n, “O tənha gözəllik”in bətnindən keçib gəlir, deməli, ilk vərəqdən, səhifədən bütöv bir gül-çiçək aləminə batıb qalırsan. Gül də çox tanışdı, üstdə arı da! Qoşa əkizlərdi güllər elə bil. İlk səhifələr boyu gül gülü necə də salamlayır gör. Və mənə elə gəlir ki, bu güllər adi rəsm əsərləri qəlbimin dərinliyindən “ustadına eşq olsun, əlinə, gözünə və qəlbinə sağlıq” nidaları kıpır-kıpır qaynaqlanır.
“Suların aynasından” yer baxır, göy baxır, çay axıb keçir. “İşığın qolları”na qənşər. Bütün duyğularımdan “Ay gedən, ay gedən, əylən” səslənişi çıxıb da keçir hər dəm.
Xatırlayıram. Yadıma salıram Nurullah bəyin “Siyah gözlərinə məni də götür” şerini. Bir özgə vaxtdı, tam fərqli fikir çalarlarıyla bir arada illər öncəsi mən özüm də öylə bir şeir yazmış, “Ölüm, gözlərində dəfn elə məni” deyə könlümün istəyini şeirə, sözə vermişdim. O gözəlim səslənişlə Nurullah Gənclə eyni ruhdan, eyni yaşantıdan gəldiyimizin fərqində olmuşam həmişə sanmışam ki, bir atanın, bir ananın övladları kimi dost-doğmayıq... Bir yandan da bu işıqlı, duyumlu fotoların könlümə-gözümə həkk etdikləri... Hər cizgi bir həyat hekayəti kimi, hər naxış, hər sima bir dünya misli. Gah özümü bu rəsmlərdə, gah bu rəsmləri özündə bulur, arayır, axtarırsan. Hərdən də bütün varlığınla bu şəkillərin yerinə olmaq istəyirsən. Bilirsən ki, hər biri riyadan, təmənnadan uzaqdı, daha çox işıqdandı, nurdan, paklıqdandı ət-qanları.
Tanınmış şəxsiyyətlərdən birinin sözüdür ki, dahi insan ən xırda, kiçik işində belə dahidi. Yəni onun üçün adi, ötəri bir iş yoxdu. Təbii ki, hər bir istedadlı insan seçilmişlərdəndi və bu seçilmiş insanların fəaliyyətinə daxil olan hər nə varsa hamısı xüsusi dəyərə, çəkiyə malikdi. Bu sıradan Nurullah Gəncin təqdim etdiyi fotoşəkilləmələrin hər biri əbədi bir anın yaddaşlarda davamlı olaraq əkslənməsinə xidmət edir. Damlada ümman anlamı olaraq heç unudulmur. Adam bu fotolarlın təqdim etdiyi doğmalığa sarınır, ruhu bir olur və elə bir yandan xatırlamağa çalışır ki, byu sifət haradan belə tanışdı ona, bu təbəssüm hansı xoş dəqiqəni yada salır, bu baxış kimdən qalan yadigardı belə?
“Başı parə-parə, dumanlı dağlar” fotosunu götürək... Əlbəəl indi düşmən tapdağında qalan Kəlbəcər, Laçın dağları göz önünə gəlir. Unudulmaz bir doğmalıq, tanışlıq çəkir adamı. Ürəyin alt qatından unudulmaz Məmməd Arazın misraları boy göstərir.
Yönü bəri baxan dağlar,
Mənim sizdə nəyim qaldı?
Ürəyimi yaxan dağlar,
Siz dönmədiz, dönən döndü.
... Bir də o gənc yola çıxa,
Boylana bir alaçığa.
O qız səhəng ala, çıxa,
Könlümə nə güman döndü?!

Göz gəzib-gəzib də gəlib dayanır “Birlikdən birlik doğar” fotosunun üzərində. Qibtə ediləsi bir mənzərə sərgilənib. Beş göyərçin eyni bir nöqtədən dən dənləməkdədi. Bir quşun dən dənləməsi həyat adiliyi olaraq elə də diqqət çəkməz. Fotoda təsbit edilən mənzərə isə bütövlükdə birlik fəlsəfəsinin, sülh, əmin-amanlıq simvolu olaraq unudulmazdı. Nurullah bəyin duyan gözü bu məqamı əldən verməyib. Bu sadə, gözəlim foto bütöv bir kitabın anlatdığı mənanı yansıdır özündə.
Eyni düşüncələrlə göpz yetirib “Fələyin çəmbərində” fotosuna nəzər salıram. İllərin qırışı yol açan bir üz... Siqara tüstüsü dumana bənzər... Xoş bir arxayınlıqla ölənlərin xatirəsinə dalan şəxsin durumu elə bir ucdan “mənə yaxın otur, gör nə var könlümdə, ay atam oğlu” səslənişi edir... O baxış, o duruş çəkir könlümü...
Bu hal “Ah, yorğun xatirələrdə” davam edir. Çayı süzülməmiş boş armudu stəkandan, masaya doğru əyilmiş qamətdən, məcnunanə pərişan saç-saqqal çox mutlu keçmişin peşinə düşmüş ləpirçi kimidi. Sanki hər künc-bucaq, hər ağac arxası, hər kol arası inadlı bir baxışla aranır, axtarılır, əldən verilmiş vaxtdan, baxtdan bir nəm-nişan aranır.
Bu inadlı axtarış anına yumorlu, xoş bir gülüş var. “Tək diş qalmış əməkçi fotosunda”. Baxar-baxmaz ustad el aşığı Aşıq Alının söylədikləri keçir yaddaşdan:
Yığdım bu dünyanın malın-dövlətin,
Əllini aşırdım, yüzə nə qaldı.
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?!

Bu yazını başlarkən beş-on cümləylə Nurullah Gəncin könül dünyası haqqında düşüncələrimizi bölüşmək, qısaca sevgi və sayğımızı çatdırmaq istərdik. Ancaq söz-sözü çəkdi, mətləb uzandı. Baxıb gördük ki, sözügedən topluda yer alan “Tozqoparanlar” fotosu haqqında danışmağın məqamını qaçırmışıq. Bir-birinin oduna yandırılan siqaraların hekayətini dinləməmişik hələ, ötüb keçən illərin hesabını çəkən təsbehin dənələri barmaq ucunda... çevirsək, söz açaq hansı itkidən?!
Allah insaf versin Nurullah Gəncə... gör könlümüzü-gözümüzü haracan çəkib apardı... damlada dənizi görmək yolunu beş-on fotosuyla anlatdı bizə...
Əbədi bir an baş-başa, nəfəs-nəfəsə qaldıq. Düşündük. “Dünyadan bizə nə qaldı, bizdən nə qala?!”
Gülayə
banner

Oxşar Xəbərlər