• cümə, 29 Mart, 18:28
  • Baku Bakı 14°C

Amaliya Pənahova: “Bu, Azərbaycan teatr tarixində bir ilk idi”

22.05.15 08:54 2271
Amaliya Pənahova: “Bu, Azərbaycan teatr tarixində bir ilk idi”
Bir neçə gün öncə, prodüser, “Full House” kino şirkətinin baş direktoru, Hindistanın məşhur rejissoru Priyadarşan sənət adamlarını və mətbuat nümayəndələrini ətrafına cəm edib, azərbaycanlı və hind aktyorlarının birgə layihəsi olan yeni “Yekun qətnamə” filmi barədə danışdı. Bildirdi ki, Azərbaycanın “MR-Pictures Pro” şirkətinin rəhbəri Rauf Mehdiyev, həmçinin filmdə rol alan xalq artistləri Amaliya Pənahova, Rasim Balayev, Həmidə Ömərova və əməkdar artist Fizuli Hüseynov da hind aktyorları ilə birgə yeni filmə çəkiləcəklər. Mətbuat konfransından sonra “Kaspi”yə müsahibə verən xalq artisti, səhnəmizin Nargiləsi Amaliya Pənahova yeni layihələrindən və yaradıcısı olduğu Bakı Bələdiyyə Teatrından danışdı.
-Amaliya xanım, necə oldu ki, belə böyük bir layihədə rol təklifi aldınız?
-Hind filmində çəkilmək mənim çoxdankı arzum idi. Hindistanın tanınmış rejissoru Priyadarşan Azərbaycanda film çəkmək istədiyini bildirdi. Sözügedən layihə Hindistan və Azərbaycan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə, gələcəkdə kino və incəsənət sahəsində müxtəlif təşəbbüslərin reallaşdırılmasına zəmin yaradacaq, təcrübə mübadiləsi üçün imkanlar açacaq. Azərbaycanla Hindistan arasında gerçəkləşəcək ilk kino layihəsi triller janrında olacaq. “Yekun qətnamə” işçi adı ilə istehsalata buraxılacaq filmin çəkilişləri avqust ayında başlanacaq. Bu filmi çəkmək təşəbbüsünü reallaşdırmaq məqsədilə Hindistanın “Full House” kino şirkəti, Azərbaycanın “MR-Pictures Pro” və onun rəhbəri olduğu “Amal Film Production” arasında razılıq əldə edilib. Bizim hər zaman Hindistan filmlərinə xüsusi rəğbətimiz olub. Əvvəllər hind filmlərinin kinoteatrlarda nümayişi zamanı zallar dolu olurdu. Bu gün bu marağı gənclərimizə aşılamaqdan ötrü görkəmli hind sənətkarları Azərbaycana gəliblər. Mən bu işdə köməklik etməyi özümə borc bilirəm. Çünki bu yaradıcılıq işini çox önəmli hesab edirəm. Bu ən uğurlu və çox yaxşı film olacaq. Biz ən son texniki vasitələrlə, ən yeni səs texnologiyaları ilə filmi çəkəcəyik. Filmin büdcəsi 4-5 milyon olacaq.
Priyadarşanın filmoqrafiyası olduqca zəngindir. Rejissor Bollivud tarixində 2-ci ən çox film çəkən rejissordur. “Kanchivaram” filminə görə Hindistanın prezidenti tərəfindən iki dəfə ölkənin milli mukafatına layiq görülüb. Film sahəsindəki xidmətlərinə görə ölkəsinin müxtəlif ali mükafatlarını alan rejissor, həm də dövlət tərəfindən təsis edilən mülki “Padmashri” ödülü ilə mükafatlandırılıb. Filmoqrafiyasında 89 film olan Priyadarşan həm də müxtəlif ölkələrdə 168-dən çox reklam çarxını çəkib. Onun filmlərində hind kinosunun canlı əfsanəsi Amitab Baççan, Şahrux Xan, Anil Kapur, Akşay Kumar, Acay Devqan və Salman Xan kimi dünyada məşhur aktyorlar rol alırlar.
Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında bu film vasitə olacaq. Hazırda Hindistanda ildə 600 film çəkilir. Bu, dünyada ən böyük göstəricidir. İnanıram ki, film azərbaycanlı tamaşaçıların xoşuna gələcək. Çünki yeni ekran əsərində həm Azərbaycanın, həm də Hindistanın məşhur aktyorları rol alıb.
-Bəs filmin sujet xətti necə olacaq?
-Ekran əsərinin süjet xətti gənc hindistanlı qızın anasını axtarmaq məqsədilə Azərbaycana gəlməsi üzərində qurulub. Filmdə azərbaycanlı aktyorlarla yanaşı Hindistanın tanınmış kino aktyoru Mohanlal Vişvanatan Nair, Aparna Nair və Sabu Siril çəkiləcək. Ekran əsərinin çəkilişləri Bakı ilə yanaşı Azərbaycanın müxtəlif bölgələrində aparılacaq.
-Deyəsən layihədə təkcə aktrisa kimi deyil, həm də təşkilatçı kimi iştirak edirsiniz?
-Bəli. Filmin prodakşn işi mənim 2013-cü ildə yaratdığım “Aman film prodakşn”a həvalə edilib. Mən bu layihənin başında dayanmışam. Məqsədimiz yeni filmlər çəkməkdir. Yarım il bundan qabaq mənə təkliflər gəldi. Onlar müştərək film çəkmək istəyirdilər. Mən dəstək oldum. Bu işin qulpundan yapışdım. Film çəkiləndən sonra sizə oradakı rolum barədə də geniş məlumat verəcəyəm.
Ancaq burada Rauf Mehdiyevin də dəstəyi var. Texniki avadanlıq, kastinqin keçirilməyi hamısı mənim payıma düşdü. İndi çəkiliş meydançasına, təşkilati məsələlərə Rauf bəy baxır.
-Rəhbəri olduğunuz Bakı Bələdiyyə Teatrında hazırda vəziyyət necədir? Əgər bu layihə ilə məşğul olursunuzsa o zaman teatr ikinci planamı keçəcək?
-Bakı Bələdiyyə Teatrında vəziyyət çox yaxşıdır. Bildiyiniz kimi, ötən il bizim teatr 18-ci mövsümündə məşhur polşalı teatr və kino xadimi, rejissor Kşiştof Zanussinin “Qadın oyunları” tamaşasının premyerasını təqdim etdi. İlk dəfə ölkəmizdə belə bir teatr layihəsi həyata keçirdik. Fəaliyyətimin 50 illiyi ilə bağlı Avropanın çox məşhur rejissoru Kşiştof Zanussi mənim baş rolunu oynadığım iki hissəli dram əsəri yaratdı. İyun ayında həmin tamaşanın geniş premyerası keçirildi. Hətta paytaxt Varşavada Polşa ictimaiyyətinin, eləcə də, Azərbaycanın oradakı səfirliyinin iştirakı ilə həmin tamaşanın premyerası baş tutdu. Bu, Azərbaycan teatr tarixində bir ilk idi. Fəaliyyətimiz yenə də onlarla davam edir. Hazırda yeni tamaşalar və yeni layihələr üzərində işləyirik. Yeni tamaşalarla qastrol səfərlərinə hazırlaşırıq.
O ki, qaldı hind filminin çəkilişlərinə, qeyd edim ki, filmin çəkilişləri bizim məzuniyyət vaxtımıza, yəni avqust ayına düşür. Bunun üçün film çəkilişləri mənim işimə heç bir maneçilik törətməyəcək.
-Teatrın təmiri gözlənilirmi?
-Əlbəttə. 24 ilə yaxındır ki, Bələdiyyə teatrı fəaliyyət göstərir. 1992-ci ilin noyabrında teatr yaradılması haqqında sərəncam verilib, dekabrın 27-də isə “Medeya” tamaşası ilə teatr öz pərdələrini tamaşaçıların üzünə açıb. Repertuarımız olduqca rəngarəng və genişdir. Bu illər ərzində “Tomris”, “Vətənə igidlər gərəkdir”, “Sönmüş ocağın ağrısı”, “Nadir şah”, “Dəli Domrul” kimi 50-dən çox tamaşa hazırlanıb. Teatrımız Azərbaycanı qarış-qarış gəzib. Eyni zamanda, Türkiyənin bütün bölgələrində olmuşuq. Çox sayda qastrol səfərlərimizlə yanaşı, Beynəlxalq Teatr festivallarında da iştirak etmişik və mükafatlar qazanmışıq. Yaxın vaxtlarda Qurban Səidin “Əli-Nino” əsəri ilə biz Azərbaycan teatr tarixində ilk dəfə Moskvada Çexov Beynəlxalq Teatr Festivalının iştirakçısı olduq, həmin festivaldan mükafatlarla qayıtdıq. Ukraynada keçirilən Beynəlxalq Teatr Festivalında birinci yerə çıxdıq. Ən gözəl qadın obrazını yaratdığı üçün aktrisamız birinci yerlə mükafatlandırıldı. Həmin festivaldan Bələdiyyə Teatrı üç diplomla qayıtdı. Bundan əlavə, Fransa, Almaniya, Rusiya, Yunanıstanda səfərlərimiz olub. Gürcüstana iki dəfə qastrol səfəri etmişik. Bu qədər uğur əldə etmişik, təmir olunduqdan sonra daha gözəl tamaşalarla yenə də qastrol səfərlərinə çıxacağıq.
-Amaliya xanım, Sizi Azərbaycan tamaşaçısına ilk sevdirən “Sən həmişə mənimləsən” tamaşası olub. Həmin tamaşaya yenidən qayıtmaq və ya onu yenidən çəkmək istərdinizmi?
- Bu, bir az utopiyaya bənzəyir. Çünki 18 yaşında qızın obrazını səhnədə ifa etmək bu gün bizə lazımdırmı? Bizim çox gözəl istedadlı gənclərimiz var ki, onlar bu obrazın öhdəsindən mükəmməl gələrlər. Amma vaxtilə Sara Bernar 12 yaşlı Janna Darkın obrazını canlandırıb. O zaman onun 70 yaşı vardı. Elə imkanlar da yox idi ki, özünü qrim ilə cavanlaşdırsın. Amma səhnədə elə oynadı ki, bədxahları da onu alqışladı. Sənətkar hər bir obrazın öhdəsindən gələ bilər. Ancaq bu mənim üçün maraq kəsb etmir. “Sən həmişə mənimləsən” tamaşasındakı Nargilə obrazı mənim üçün əfsanəyə çevrilmiş ifalardandır. Ancaq təəssüflər olsun ki, teatrlar bu əsərə müraciət edəndə heç kim mənim oynadığım obrazın yerini vermir. İstərdim ki, bu obrazım tamaşaçıların hafizəsində, yaddaşında bir əfsanə kimi qalsın.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər