• cümə, 29 Mart, 04:25
  • Baku Bakı 7°C

Cavabdehlik

25.05.15 05:30 1686
Cavabdehlik
Sənin əlin qabar-qabar,
Mənim ürəyim, onun beyni,
Hamımız eyni cür fəhləyik, qardaş,
eyniyik, eyni.

Qaçılmaz bir reallıqdı. Ancaq bütün yaradıcılığı boyunca xalq şairi Fikrət Qoca bu eyniyyətlər içindən öz fərdi düşüncəsini dipdiri, fərqli bir aləm kimi hifz edib, qoruya bildi. Bu fərqli baxış bucağından nəzər salıb, göz yetirdikcə baxıb gördü ki, əslində:
Qız qalası
Ələddinin Abşeronda
düşüb qalmış
sehrli çırağı,
Zamanın əliylə oğurlanan
tariximin düşüb qalmış varağıdı.

Fikrət Qoca ötən əsrin 60-70-ci illərində daha çox Vyetnamda, Çilidə baş verən ictimai-siyasi hadisələrdən, Argentinada doğulub, Meksikada yaşayan, Kubada inqilab edən Çe Qevaranın Volviyada qəhrəmanlıqla həlak olmasından, Lissabonda təhsil alan Amilkarın inqilabi mübarizəsindən və s. yazardı. Əslində bu mövzulara müraciət Fikrət Qoca üçün öz iç, düşüncə azadlığını qoruya bilmək fürsəti verirdi. Zamanında sistemin acı diqtəsini sinirməyə məhkum olunmuş düşüncə sahibləri bu mövzular əhatəsində öz daxili aləmlərinin dirənişini ortaya qoyurdular. Sistemin davamlı basqıları altında nəfəsi təntiyən, havası çatmayan, boğula-boğula qalan bir cəmiyyətin vətəndaşı öz mövqeyini “qızım, sənə deyirəm, gəlnim, sən eşit” anlatması zorunda qalmışdı. Çıxılmaz duruma etiraz dirənişi F.Qocanı sözügedən mövzulara dünyanın taleyi sarıdan nigaran olan bir şair-sənətkar məsuliyyətilə özünə çəkməkdə idi. O zaman Fikrət Qoca əslində dünyanın taleyindən nigaran olan bütün həmyaşıdlarının mövqeyindən çıxış edərək yazırdı ki, görəsən Amerika od tutub yansa özünü yandırarmı kiçik Kennedi? Eyni zamanda Amerikadan gəlib Sayqonu öz ayağına çəkmə kimi geymək istəyənlərin ən dəhşətli silahı olan kininə xüsusi bir dirənişlə etiraz etməyindən qalmırdı.
Zaman keçib, milyonlara insan zəkasının çabası ilə ölüb-öləziyən sistem özünün qazdığı quyuya kömülüb. Ancaq indinin özündə də Fikrət Qocanın şair-vətəndaş nigaranlığı, təlaşı öz xəbərdaredici missiyasını əzəlki məsuliyyətilə tərəqqipərvər bəşəriyyətə yansıtmaqdadı:
Yenə də Qərbdə kürəkləyirlər
hərbin kürəsini.
Yoxsa nəhəng külqabıya
Döndərmək istəyilər
yer kürəsini?

Göz yaşı ürəyinə axanların taleyinə yuxarıdan baxan Tanrının oyaq insafının yanında olub həmişə Fikrət Qoca poeziyası. Hər məqamı vətəndaş cavabdeyliyindən qaynaqlanır. Bütövlükdə, Fikrət Qocanın həyat amalı, tərcümeyi-halı bu nigarançılığın, cavabdehlik hissinin araya-ərsəyə gətirdikləridi:
Evim-avtobuslar, vaqonlar, təyyarələr,
kəndlər, şəhərlər,
Səyyarələr-dayanacağım.
Milyon kilometrlərlə yaşamışam,
Kim bilir, harda dayanacağam?

Fikrət Qoca yaradıcılığına yaxından bələd olanlar birmənalı şəkildə yaxşı bilirlər
ki, əslində bu dayanacaq dünyanın, insanın və insanlığın yanıdı. Hər ulduzu bir evin pəncərəsi qismində görən şair gözü bu ulduzların daha əbədi və möhtəşəm parlamasının istəklisidir. Bilir qaranlıq bir evdə, tində, dalanda rüşvət veriləndə, rüşvət alınanda -
Yenə biz oluruq müqəssir,
Babək yenidən düşür əsir.
Məshəti yenidən daşqalaq olur.
Nəsimi təzədən soyulur.

Məhz buna görə də şair israrlıdır ki, “axtarın, hardasa iki namərd oturub üz-üzə indi-biri rüşvət alandı, biri də rüşvət verəndi”. Fikrət Qoca bütün poetik düşüncəsi ilə yaxşıların, mərdlərin üzbəüz oturmasının istəklisi, yazarıdı. Onun üçün bu üzbəüz oturuş eyni vaxtda dünyaya gəlmişlərin bəxtinə düşən səadət, xoşbəxtlik möcüzəsidi.
Bütün həyatı boyu “deyib qurtarmamış hələ fikrini şair necə ölər-başa düşmürəm” düşüncəsi ilə yazıb-yaradan Fikrət Qoca şair ölümünə inanmamağıyla haqlıdı. Öz xalqının keşməkeşindən bir şair ürəyini alın açıqlığı, uzaqlığıyla çıxara bilənlərin aqibəti belədi. Fikrət Qoca üçün dünyanın ən böyük xoşbəxtliyi insanın özünün özünə daha yaxın, doğma olması məqamıdı. İnsanın azadlığı onun üçün məhz bu yerdən başlayır. Özü-özünü tanımayanın azadlıq qənaəti də boş xülya kimidi. Ona görə də məhz həmin hücrəyə səfərbəredici missiya F.Qoca poeziyasından küll halında keçir:
Gözləyirəm: nə vaxt böyük
bir xoşbəxtlik yağacaqdır
yer üzünə.
Nə vaxt insan
yaxın olar öz-özünə.
Gözləmişəm,
gözləyirəm,
gözləyərəm,
öləndə də ayaq üstə
Mən ölərəm, gözləyərəm.

Bu sadiqlik, sözübütövlük Fikrət Qoca varlığının başlıca ifadəçisidi. Eyni zamanda dönə-dönə təqdir etməli bir haldır ki, Fikrət Qoca poeziyası bütövlükdə təskinedici, inamverici bir poeziyadır.
Fikrət Qoca “buludların ağlamağa xəlvət yeri dənizdir” müşahidəsi, səmimiyyətilə yaddaqalan və yenidi. Dəniz içində suya həsrət çəkənlərin yanğısı ona doğmaların doğmasıdı. Ömrü dönüb yuxu olan kəslərin bu yuxunu tərsinə yozmaq əlacsızlığı yaşaması F.Qocanın ağrılı yeridi. Belə insanları ağlamağa ən xəlvət yer olaraq leysan yağışın altını seçməsinin nədənliyinə vaqif olan bir sənətkardı Fikrət Qoca. Təsəlli tapmağın xoşbəxtidi ki, dənizə düşən damcını balıq əməcək bu gecə. Ağlaya bilənlərin, ağlayıb dirilənlərin xoşbəxtliyinə uçuna-uçuna, sevinə-sevinə yazıb-yaradıb Fikrət Qoca. Özünün –özüylə bitib-tükənməyən sözü-söhbət olan şairdi o... Saf, unudulmaz və insanı hər dəfə təzələyən, yenidən dünyaya gətirən duyğuların şairi olaraq yadda qalır, oxunur:
Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boylanıb.

Ruhu ruhunda, qanı qanında olanları belə xatırlayır, belə yada salır F.Qoca. Kişi ölümünə qıymaya-qıymaya, kişi ölümünə inanmaya-inanmay yazıb-yaradır. Və bu ömrü bir şair taleyi, bəxti ilə süsləməyin xoşbəxtliyini yaşayır. Balaca bir mehdən bütün duyğularının yenidən qaynayıb-daşacağına əbədi inam hissi hər dəfə yenidən həyata qaytarır onu:
Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, canında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram...

Yaranışdan əmrə peşiman ola bilməyənlərin aqibəti belədi...
GÜLAYƏ
banner

Oxşar Xəbərlər