• şənbə, 20 Aprel, 02:55
  • Baku Bakı 15°C

Qızın iki adaxlısı var

03.07.13 08:51 1611
Qızın iki adaxlısı var
Milli Şuranın dünən keçirilən iclası maraqlı məqamlarla yadda qalıb. İclasda şuranın vahid namizədinin müəyyənləşməsi ilə bağlı müzakirələr aparılıb. Şura üzvləri əvvəlcə kinorejissorun namizədliyini dəstəkləyiblər. Söz gəlib Müsavat başqanı İsa Qəmbərə çatanda isə vəziyyət dəyişib. İsa Qəmbər bildirib ki, çox mühüm qərar qəbul edilir: "Yekdil qərar qəbul etməyə yaxınıq. Milli Şura yaranmasının bir çox üstünlükləri var. Ölkənin demokratik qüvvələri, təcrübəli ictimai xadimlərlə yanaşı gənclər, inanclı kəsim bir araya gəlib. Milli Şuranın yaranmasının ən vacib cəhətlərindən biri ölkənin, dünya ictimaiyyətinin seçkilərə cəlb etməsidir”. Başqan öz çıxışında əvvəlcə bir qədər əvvəl seçkiləri boykot etməyi təklif edən müxalifətçilərin bostanına daş atıb: “Bəzi partiyalar deyirdi ki, seçkidə iştirak etmək xalqa xəyanətdir. Yanlış mövqedir. Bizim üçün vacib olan ölkədə hakimiyyətin seçki yolu ilə dəyişməsi və demokratik potensialın bir araya gəlməsidir. Vahid seçki platforması, vahid seçki qərargahının yaranmasını diqtə edir. Hələ ki, hər şey məntiqə uyğun şəkildə davam edir. Vahid namizəd məsələsi müzakirə olunanda Müsavatın rəsmi qərarları və mənim, funksionerlərin çıxışında qeyd olunub ki, siyasi liderlərdən biri deyil, intellektuallardan biri vahid namizəd ola bilər. Başqa hörmətli ziyalılarımızın da namizədliyini mümkün saymışıq”.
Bundan sonra İsa Qəmbər əsas məsələnin üstünə gəlib: “Eyforiyaya qapılmağa ehtiyac yoxdur. Vahid namizəd məsələsinin çoxsaylı müsbət cəhətləri ilə yanaşı, riskli cəhətləri də var. Bu, şəxslərə bağlı deyil. Risklərdən birini həll etdik. Öhdəliklərlə bağlı mükəmməl sənəd hazırlandı. Risklərlə bağlı kuluarlarda daim gündəmdədir ki, Rüstəm müəllim ölkəyə gələcəkmi? Biz ona inanmaq istəyirik və ümid edirik ki, gələcək. Ümid edirik ki, "100 minlik mitinq olsun sonra gələcəm", "Namizədliyim qeydə alınsın sonra gələcəm" kimi fikirlər eşitməyəcəyik. Marağımız Milli Şura ideyasının baş tutması və hədəflərə çata bilməyimizdir. İkinci risk namizədin qeydə alınması məsələsidir. Bu risk də qalır. Dostlarımız deyir ki, bu risk hamıya aiddir. Vahid namizədin qeydə alınmaması Milli Şuranın kənarda qalması deməkdir. Bu arzu istəklərimiz və bəyannaməyə ziddir. Yolu tapılmalıdır ki, heç bir vəziyyətdə Milli Şura seçkidən kənarda qalmasın".
Bundan sonra İ.Qəmbər bir daha Müsavat Partiyasının rəsmi qərarını təqdim edib: "Bizim vahid namizədimiz Rüstəm İbrahimbəyovdur. Eyni zamanda şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Məclisin prezidentliyə namizəd haqqında 4 yanvar qərarı qüvvədə qalır".
Bu qərar müxalifət düşərgəsində şok effekti verib. Xüsusilə də AXCP-yə yaxın dairələr bunu İsa Qəmbərin ehtiyat variantı kimi qiymətləndiriblər. Cəbhəçilər sosial şəbəkələrdə başqanı vuran çoxsaylı statuslar yazıblar. İclasda İsa Qəmbərin tərəfdarı olan Mustafa Hacıbyli ilə AXCP sədri Əli Kərimli arasında da mübahisə düşüb. Müsavat başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli gündəliyi əlavə edilməsi ilə bağlı təklif verib. O bildirib ki, gündəliyə mitinqlərin təşkili ilə bağlı komitənin formalaşdırılması ilə bağlı məsələ gündəliyə daxil edilsin. Ə.Kərimli isə əsəbi şəkildə bildirib ki, indiki halda günün hadisəsi mitinqlər deyil, vahid namizədin elan edilməsidir: “Hələ qurumun icra aparatı belə tam təşkil edilməyib. Bu məsələ sonrakı sessiyanın gündəliyinə daxil edilə bilər”.
EL hərəkatının təmsilçisi Eldar Namazov da İsa Qəmbərin ehtiyat namizəd kimi qalmasına qarşı çıxıb. O bildirib ki, “El” Hərəkatının Ali Məclisinin iclası keçirilib və Rüstəm İbrahimbıyovun vahid namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edilib: “Bizim qərarımız odur ki, Milli Şuranın vahid namizədi də, əsas namizədi də, ehtiyat namizədi də Rüstəm İbrahimbəyov olmalıdır”.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər