• çərşənbə axşamı, 23 aprel, 22:34
  • Baku Bakı 20°C

AMEA prezidenti hesabat verdi

18.07.13 16:32 2610
AMEA prezidenti hesabat verdi
«Bu ilin may ayında prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında aparılan əsaslı təmir işlərinin başa çatmasından sonrakı vəziyyətlə tanış olarkən dövlət başçısı qeyd etdi ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Bu fikir bu gün Azərbaycan elmi üçün ən vacib hədəfdir» bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin AMEA-nın Rəyasət Heyətində keçirdiyi mətbuat konfransında səslənib.
AMEA rəhbəri son 3 ayda akademiyada aparılan struktur dəyişikliyi, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, elmi nəşrlərin və veb resurslarının təkmilləşdirilməsi və s. haqqında məlumat verib:
«Biz ilk olaraq akademiyada struktur dəyişikliklərinə başladıq. Əsasən Rəyasət Heyəti Aparatında struktur dəyişikliklər həyata keçirdik. İnstitutlar sonrakı mərhələdir. Rəyasət Heyətinin fəaliyyəti bir qədər sönmüş hiss olunurdu. Axı, aparat baş idarədir. Onun fəaliyyəti o qədər çevik və müasir olmalıdır ki, dinamika baxımından elmin inkişafına cavab versin. Biz bəzi struktur vahidlərini ləğv etdik. Akademiyada hüquq şöbəsi, innovasiya şöbələri yaratdıq. Güman edirik ki, bu istiqamətdə elmimizi bir qədər də praktikaya yaxınlaşdıracaq”. A.Əlizadə akademiyanın Neft-Kimya Prosesləri İnstitutunun zavodunun nəzdində innovativ qurumun yaradılması təşəbbüsündə olduqlarını qeyd edib: «Biz elmin inkişafını «Azərbaycan 2020: Gələcəyə baxış» platformasına layiq olaraq inkişaf etdirməliyik».
AMEA prezidenti ölkə başçısının bugünə qədər elmin inkişafına dair bir neçə sərəncam imzaladığını diqqətə çatdırıb. Belə ki, 2011-ci ildə AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi, daha sonra bu sərəncamın davamı olaraq dövlət başçısının elmin inkişafına həsr olunan sərəncamları imzalanıb. Milli Tarix Muzeyi, Dilçilik İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Milli Ensiklopediyası haqqında və s. sərəncamların bu gün akademiyada icrası və tətbiqi həyata keçirilir.
İnformasiya olmasa

Azərbaycan Respublikasında 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq görülən işlər haqqında məlumat verən AMEA rəhbəri ölkəmizdə formalaşan «Elektron hökumət» Dövlət Proqramına elmi dəstək verildiyini vurğulayıb. AMEA-nın müvafiq qurumlarında İKT-nin tətbiqi ilə əlaqədar elmi-tədqiqat işlərinin aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu, səmərəli elmi araşdırmaların aparıldığını nəzərə çatdıram AMEA prezidenti “Əsas məsələ akademiyanın informasiyalaşdırılmasıdır” deyə qeyd edib: “Bu gün informasiya olmasa nəinki elm, təhsil, istehsalat - heç bir sahə inkişaf edə bilməz. Bu baxımdan, AMEA-da gerilik vardı. Bir çox institutlarda veb saytlar yox idi. Biz İnformasiya və Texnologiyalar İnstitutunun nümunəsindən istifadə edərək AMEA-da informasiya texnologiyalarının respublikada olan səviyyəyə qaldırmaq niyyətindəyik». Belə ki, AMEA-nın İKT təminatı ardınca innovativ nəzarət sistemlərinin yaradılması və s. istiqamətdə addımlar atılır.
AMEA prezidenti rəhbərlik etdiyi qurumun 17 dövlət proqramında iştirak etdiyini açıqlayıb: «Bu proqramlar ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi həyatının müxtəlif sferalarını əhatə edir».
Gənclərin məlum problemləri

Gənc alim və tədqiqatçılara göstərilən xüsusi diqqət və qayğıdan, onların sosial təminatının gücləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrdən danışan AMEA prezidenti hazırda akademiya əməkdaşlarının 30 faizini gənclərin təşkil etdiyini bildirib: «Gənclərin problemləri bizə məlumdur. Ən əsası, biz onları akademiyaya cəlb etmək, onları maddi-texniki baxımından təmin etmək və sosial problemlərinin həllinə çalışmaq lazımdır. İpoteka vasitəsilə gənc alimlər üçün yaşayış binalarının salınması ilə bağlı təklifimiz dövlət tərəfindən dəstəklənib. Bu yaxınlarda proqramlar realizə olunacaq».
Akademik qeyd edib ki, indiyə qədər fəlsəfə doktoru olan gənclərin tədqiqatlarına AMEA-nın maddi-texniki bazasının imkanı çatsa da, elmlər doktoru dərəcəsini qazanmaq müəyyən çətinliklər olub. “Ölkə başçısı öz fondundan AMEA-ya 10 milyon manata qədər vəsait ayırıb. Akademiyanın institutlarında maddi-texniki baza müasir tələblərə cavab verir. Hazırda prezidentə müraciətimiz əsasında akademiyaya yarım milyon manat pul ayrıldı ki, elmi dərəcəsi olan gənclərə doktorluq dissertasiyalarını qurtarmağa yardım edilsin. Onları dövlət hesabına Avropa ölkələrinə göndərdik. Artıq bir qrup gənc Avropadan qayıdıb və yeni bir qrup formalaşdırılır”.
Beynəlxalq elmi laboratoriya zərurəti

AMEA-nın beynəlxalq əlaqələrindən danışan akademik diqqətə çatdırıb ki, bu, qurumun mühüm fəaliyyət istiqamətidir: «Qloballaşan dünyada elm öz-özünə inkişaf edə bilməz. Biz beynəlxalq elmi mərkəzlərlə, institutlarla əlaqələr yaradırıq. İnstitutlarımızın, elmi mərkəzlərimizin əlaqələri olduqca genişdir. İndi isə məqsəd qoymuşuq ki, beynəlxalq elmi laboratoriya yaradaq. Proqram həyata keçirilir. Hətta, YUNESKO-nun köməyi ilə bu məqsədə nail olmağa hazırlaşırıq. Bir neçə beynəlxalq elmi laboratoriyanın yaranması nəzərdə tutulub. Bu istiqamətdə Eektron-Elm Layihəsi də həyata keçirilir”. AMEA prezidenti institutlarımızın reytinqinin öyrənilməsinin də gündəmdə duran məsələ olduğunu bildirib. “İnstitutlarımız bir qədər qeyri-bərabər inkişaf edib. Biz onların beynəlxalq sahədə hansı reytinqə cavab verdiyini aydınlaşdırmalıyıq. Artıq bu istiqamətdə komissiya işə başlayıb».
Akademik rəhbərlik etdiyi qurumun yüzlərlə qrant layihələrində iştirak etdiyini də qeyd edib. Belə ki, bu cür beynəlxalq layihələrin sayı 1000-ə çatıb. A.Əlizadə həmçinin AMEA-nın çap məhsullarının dünya səviyyəsinə cavab verməsi üçün çalışacaqlarını da bildirib.
Akademik elmin büdcədən maliyyələşdiyini qeyd edən AMEA prezidenti dövlətin elmin inkişafına daim qayğı göstərdiyini qeyd edib: «Bu, hər ölkədə belədir. Çünki elm dövlətin himayəsi olmadan inkişaf edə bilməz. Amma bu, o demək deyil ki, elm yalnız o büdcəyə əsaslanaraq inkişaf etməlidir. Elm özü də vəsait qazanmalıdır. Müstəqillik dövründən sonra əksər institutlar özləri-özlərinə vəsait qazana biliblər. Çünki bizim o qədər yüksək səviyyəli elmi ekspertlərimiz var ki, onların iştirakına xarici ölkələr də ehtiyac duyur. Digər tərəfdən, bizim şirkətlərin bizə ehtiyacı var. Məsələn, “Azərsu, AMEA və Biznes” üçlüyü böyük milyonlar gətirəcək. Bu cür yollarla vəsait daxil olur və həm alimlərin maaşları artır, həm də elmə oradan dəstək verilir.
AMEA tərəfindən aparılan elmi ekspedisiyaların aşağı səviyyədə olmasına da toxunan A.Əlizadə bununla bağlı xüsusi komissiyanın yarandığını bildirib: “Elmi ekspedisiyaların bərpası, onların əsasnaməsi, maliyyələşməsi və sığortalanması məsələləri orada əksini tapmalıdır”.
Magistratura mütləq olmalıdır

Elmin və təhsilin inteqrasiyasını AMEA-nın ən vacib amillərindən hesab edən A.Əlizadə Azərbaycan elminin beynəlxalq elmə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi ilə görülən işlərdən söhbət açıb: “Həyat göstərdi ki, elm təhsilsiz inkişaf edə bilməz. Bu məsələlər vaxtında qabarıq şəkildə qoyulmayıb. Mən magistratura məsələsini Geologiya İnstitutunda da qaldırmışdım. Onda bu, alınmadı. Zaman hər şeyi müalicə edir. Biz onda başqa yol seçdik - tələbələri dərhal akademiyanın institutlarına işə qəbul etdik. Tələbələr tədqiqatlarda iştirak edir və öz mövzularını akademiyanın mövzuları ilə uyğunlaşdırıb diplomlarını müdafiə edirdi. Belə bir yanaşma ümumiyyətlə, diplom müdafiələrinin ab-havasını bir az dəyişdi. İkinci addımımız isə baza kafedraları yaratmaq oldu. Mən hiss etdim ki, tədris proqramları müasir səviyyəyə cavab vermir və elmdə əldə edilən yeni metodik yanaşmalardan geri qalır. Tələbələri həmin metodik yanaşmalara uyğunlaşdırmaq həmin baza kafedralarında mümkün oldu». AMEA prezidenti qeyd edib ki, elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi və s. məqsədlə AMEA institutlarının nəzdində baza kafedralarının yaradılması nəzərdə tutulub. Akademik həmçinin gələcəkdə AMEA-nın İstedadlı Gənclər Liseyi və AMEA-nın Universitetinin yaradılması ilə bağlı planlarının olduğunu da diqqətə çatdırıb: «Akademiyada həm alimlərin elmi nəticələrinin səsi gəlməlidir, həm də tələbələrin. Dünya elm təcrübəsində bu cür universitetlər mövcuddur. Həmin təcrübədən istifadə edib onun ən yararlısını Azərbaycana tətbiq etmək olar. Magistratura da həmin universitetin nəzdində olmalıdır”.
AMEA-da magistratura pilləsinin yaranması ilə bağlı danışan akademik bunu zamanın tələbi kimi dəyərləndirib: “AMEA-da magistratura mütləq yaradılmalıdır. Magistratura akademiyanın müəssisələrində yaradılarkən biz ora qəbulda seçim aparacağıq. Orda çoxsaylı tələbələr olmayacaq. Düzdür, biz hələ onun formasını işləməliyik. Magistrlər magistratura pilləsində oxuyarkən, elmi laboratoriyada işləyərkən elmlə vəhdət yaranar və onlarda elmə həvəs artar. Ümid edirik ki, elə gənclərimiz tapılacaq ki, elmimiz onları maraqlandıracaq. Onlar laboratoriyaya gəlib orada namizədlik müdafiə edəcəklər”. AMEA prezidenti artıq magistratura təhsili ilə bağlı təklifin Prezident Administrasiyasına ünvanlandığını və dəstək alındığını da bildirib.
Yeni institutlar yaradılacaq

AMEA prezidenti həmçinin akademiyada yaranacaq yeni institutlar haqqında da məlumat verib. Belə ki, yaxın gələcəkdə yaranacaq vacib elmi qurumlar sırasına Neft İnstitutu və Müasir Siyasət İnstitutu daxildir.
Akademiyanın bəzi institutlarında direktorların icraedici vəzifələrdə olmasına gəlincə AMEA prezidenti həmin vəzifələrə direktor qəbulu üçün elanın bugünlərdə veriləcəyini bildirib: «Akademiyada direktor vəzifəsi müsabiqə yolu ilə tutulmalıdır. Güman edirəm ki, bununla bağlı seçkiləri payızda həyata keçirəcəyik».
Mətbuat nümayəndələrinin suallarını cavablandıran AMEA prezidenti qurumun doktoranturaya qəbul planı ilə bağlı danışaraq bu il müvafiq olaraq rəqəmin bir qədər aşağı salınmasından ötrü sifariş etdiklərini bildirib: «Qəbul ənənəvi şəkildə və payızda keçiriləcək». Akademik alimlərin yataqxanası ərazisində tikilən yaşayış binası ətrafında yaranan söz-söhbətə də aydınlıq gətirib: «Orda inşa edilən binanı inşa edən firma AMEA ilə müqavilə bağlayaraq yataqxanada yaşayan akademiya həmkarlarının ailələri həmin binaya köçəcək. Boş mənzillər qalacaqsa bir qismi Bakı İcra Hakimiyyətinin nəzarətində olacaq. Hər halda bölgülər akademiyanın tam nəzarəti altında aparılacaq».
Tədbir çərçivəsində AMEA-nın korporativ üslubunun tətbiqinin əhəmiyyətini özündə əks etdirən sərgi nümayiş etdirilib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər