• şənbə, 20 Aprel, 03:28
  • Baku Bakı 15°C

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yaydı

20.09.13 19:00 1339
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yaydı
Azərbaycanda son 5 ildə hər il orta hesabla bütün subyektlər üzrə 22 - 22,5 min cinayət qeydə alınıb və onların təxminən 85-90 faizinin açılması təmin edilib. APA-nın xəbərinə görə, bu haqda Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, bu hadisələrin 10 faizə qədərini ağır cinayətlər təşkil edir, qalanları isə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir:
“Müqayisə üçün qeyd etmək yerinə düşər ki, əhalinin hər yüz min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9 fakt, hədə-qorxu ilə tələb etmələr 0,3 fakt, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. Ölkəmiz əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına, eyni zamanda ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin olunmasına görə son 5 ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeni saxlayıb, əhalinin hər yüz min nəfərinə orta hesabla 250 cinayət düşür. Halbuki digər ölkələrdə bu fakt 400, 500, 1000, hətta 1000-dən də yuxarıdır. Lakin təəssüflə qeyd etməliyik ki, bəzi ölkələrlə müqayisədə respublikamızda ağır cinayətlərin bir növü kimi ailə-məişət zəminində törədilən cinayətlərin sayında nisbi artım müşahidə olunur. İntihar halları ilə bağlı isə onu qeyd etməyi vacib sayırıq ki, Azərbaycanda bu qəbildən olan hadisələrin sayı Avropanın inkişaf etmiş ölkələri və MDB iştirakçısı olan dövlətlərlə müqayisədə olduqca aşağıdır”.
Məlumatda bildirilir ki, son vaxtlar müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı şəxslərin çıxışlarında ölkədəki kriminogen durumla, xüsusən ağır cinayətlərlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Bu üzdən də Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu cinayətkarlıqla mübarizə mövzusunda yazan, kriminogen durumla bağlı danışan hər bir şəxsi daha məsuliyyətli, siyasi konyukturadan, şəxsi maraqlardan uzaq olmağa çağırır.
banner

Oxşar Xəbərlər