• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

İran-Türkiyə yaxınlaşması nə vəd edir?

10.01.14 10:35 1650
İran-Türkiyə yaxınlaşması nə vəd edir?
Regionda nüfuz uğrunda gərgin mübarizə aparan Türkiyə ilə İran arasındakı buzlar yavaş-yavaş əriməyə başlayıb. Qonşu ölkələrlə strateji münasibətlər qurmaq siyasəti yeridən İran prezidenti Həsən Ruhani Türkiyə ilə bütün sahələrdə əməkdaşlıq qurmağa çalışır. Ankarada İran xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun sözlərinə görə, ikitərəfli səfərlərlə yanaşı, İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə də razılaşma əldə edilib. Şuranın yaradılması ilə bağlı məsələlərin R.T.Ərdoğanın yanvarın sonuna planlaşdırılan İran səfərinədək həll olunacağı qeyd olunub. Nazir Əməkdaşlıq Şurasının ilk toplantısının fevral ayında, H.Ruhaninin Türkiyəyə səfəri zamanı baş tutacağını da vurğulayıb.
Maraqlıdır ki, İran və Türkiyənin regional maraqları həmişə toqquşub. Bu baxımdan ekspertlər iki ölkə arasındakı münasibətlərin səmimi olduğuna inanmırlar. Lakin görünən odur ki, adları çəkilən dövlətlər maraqlarını uzlaşdırmaqda israrlıdırlar. Bəs görəsən onların yaxınlaşmasını şərtləndirən əsas səbəblər nədir? Qonşularımız arasındakı bu yaxınlaşmanın ölkəmizə təsiri hansı səviyyədə ola bilər?
Bununla bağlı qəzetimizə açıqlama verən politoloq Fikrət Sadıqovun fikrincə, hər iki dövlət İslam dəyərlərinə sadiq ölkədir. Lakin ölkələrin birində bu dəyərlərə daha radikal, digərində nisbətən mülayim şəkildə riayət olunur. Formasından asılı olmayaraq dövlətlərin məqsədini eyni adlandırmaq olar: “Hər iki ölkənin regionda təsir gücü kifayət qədərdir. Amma yaddan çıxarmayaq ki, İrana qarşı Qərb tərəfindən sanksiyalar tətbiq olunan zaman Türkiyə BMT-də buna qarşı çıxış etmişdi və ABŞ-ı dəstəkləməmişdi. Bu səbəbdən, onları eyni məqsədə işləyən, eyni yolla gedən hesab etmək olar”.
F.Sadıqov ziddiyyətli məqamların olduğunu da xatırlatdı. Məsələn, İran Ermənistanla yaxınlıq edir və onlardan iqtisadi yardımını əsirgəmir. Türkiyə isə əksinə, işğalçı dövlətlə nə diplomatik münasibətlər qurur, nə də sərhədləri açmağı planlaşdırır: “Ziddiyyətli məqamlar olsa da, bu iki ölkənin regionda birgə maraqlarının olduğu danılmazdır. Gördüyünüz kimi, vaxtilə regionda Qərbin dayağı olan Türkiyə bu gün özü müstəqil siyasət aparır”.
Bu yaxınlaşmanın Azərbaycana mənfi təsir edəcəyinə inanmayan politoloq söylədi ki, Türkiyə olan yerdə ölkəmizin maraqlarına əks məqamlara çox güman, rast gəlinməyəcək: “Çünki Türkiyə bizim yeganə hərbi-siyasi müttəfiqimizdir. Bu dövlət bütün beynəlxalq tribunalarda bizi müdafiə edir və dəstəkləyir. Hətta, tribunada çıxış etməklə kifayətlənmir, bunun praktik addımlarını da atır. Onu da deyim ki, Türkiyə Dağlıq Qarabağ məsələsi ilə bağlı qəti sözünü desəydi və İranı bu məsələdə siyasətini dəyişməyə vadar edə bilsəydi, daha yaxşı olardı. Amma hadisələrə real yanaşmaq lazımdır. Onların regionda birgə maraqları var”.
Politoloq Fərhad Mehdiyev də Türkiyənin strateji əməkdaşlıq barədə razılaşmanı Azərbaycandan başqa Rusiya və Gürcüstanla, hətta bir ara Suriya ilə də imzalandığını xatırlatdı. Əsas məqam münasibətlərin hansı kontekstdə qurulması və davam etdirilməsidir: “Hazırda həm Avropa İttifaqı, həm də ABŞ İrana qarşı iqtisadi sanksiyaları ləğv edib. Bu məqam Ərdoğan hökumətinə İranla daha geniş iqtisadi əməkdaşlıq qurmağa imkan verir. Ümumiyyətlə, Ərdoğan hökumətinin İrana qarşı yumşaq siyasət yürütməsi heç kimə sirr deyil”.
F.Mehdiyev iki dövlət arasındakı yaxınlaşmanın Türkiyə üçün müsbət nəticə verəcəyini söylədi. Çünki ölkənin sərhəd zonalarını PKK yaraqlıları zəbt ediblər: “Həmin bölgələrdə iqtisadiyyatın canlanması sərhəd ticarətinin artmasına, terrorun azalmasına müsbət təsir göstərə bilər. Digər tərəfdən, İrana qarşı sanksiyalar götürüldükdən sonra sanki, onların ticarətlərində bir boşluq yaranır ki, Türkiyə bu boşluğu doldurmaqda öz məqsədini güdür. Məncə, İran-Türkiyə yaxınlaşmasının ölkəmiz üçün ciddi bir təsiri müşahidə olunmayacaq”.
Politoloq Qabil Hüseynli də hesab edir ki, yaxınlaşma prosesi haqqında hər iki tərəf siyasi iradə nümayiş etdirir və qarşılıqlı səfərlər başlayır. Lakin bütün cəhdlərə baxmayaraq, Türkiyə ilə İran arasında strateji müttəfiqlik məsələsi baş tutmayacaq: “Türkiyə belə bir addım atmaqla həm NATO ölkələri ilə, həm də Avropa Birliyi ilə münasibətlərini zədələyəcək. Dünyada böyük nüfuza malik olmayan və teokratik rejimi ilə özünə ciddi problemlər yaradan ölkə ilə münasibətlərin inkişaf etdirilməsi Türkiyənin əldə etdiyi demokratik nailiyyətlərə kölgə salacaq. Son dövrlər onsuz da Ərdoğan hökuməti ciddi təlatümlərlə qarşı-qarşıya qalıb”.
Müsahibimizin qənaətincə, Türkiyədə baş verən son korrupsiya qalmaqalında əsas səbəbkar kimi Amerika və İsrailin ittiham edilməsi bu dövlətin xarici siyasət orientasiyasının dəyişməsinə səbəblərdən biri kimi göstərilə bilər: “Bildiyiniz kimi, ölkədaxili münasibətlərdə Ərdoğana qarşı əhval-ruhiyyə kəskin surətdə dəyişib. Onsuz da indiyə qədər dini istiqamətdə siyasət həyata keçirən Ərdoğan hökumətinin sırf İslam siyasi sisteminə malik İranla münasibətləri ona uğur gətirməyəcək. Bu addım indiyə qədər Türkiyəni dəstəkləmiş və onu lazım olan anlarda ciddi problemlərdən qorumuş ölkələrlə münasibətlərin gərginləşməsinə də səbəb olacaq. Hesab edirəm ki, bu yaxınlaşma baş tutmayacaq. Ona görə də ölkəmizə heç bir təsiri olmayacaq”.
Azərbaycan hələ də müharibə şəraitində olduğuna görə regionda baş tutan bütün razılaşmaları diqqətlə izləyir, onun ölkəmiz üçün müəyyən fayda verəcəyinə inanırıq. Ələlxüsus razılaşmada iştirak edən ölkələrdən birinə “qardaş” deyiriksə. Torpaqları hələ də işğalda olan ölkə vətəndaşlarına ermənilərə qucaq açan dövlətlə Türkiyə hökumətinin münasibətlərinin hansı aspektdə inkişaf edəcəyini, bunun Azərbaycan üçün nə ilə nəticələnəciyini zaman, daha doğrusu, yaxın qonşularımız göstərəcəklər.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər