• cümə, 29 Mart, 17:23
  • Baku Bakı 14°C

Azərbaycan - Rusiya biznes forumu keçirilib

14.04.14 15:33 1162
Azərbaycan - Rusiya biznes forumu keçirilib
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru - hökumətin sədri Sergey Morozovun rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat və sənaye naziri (İSN) Şahin Mustafayev ilə görüşüb. İSN-in mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, görüşdən əvvəl qonaqlar Bakı Biznes Mərkəzində təşkil edilmiş Azərbaycanın sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olublar.
Görüşdə nazir Ş.Mustafayev Azərbaycanın Rusiya, o cümlədən onun federal subyektləri ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib, qonşu Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Qeyd edilib ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir: “İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 30-dan çox, ümumilikdə isə müxtəlif sahələrdə 160-dan çox sənəd imzalanıb. Bir sıra sənədlər isə razılaşdırma mərhələsindədir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində indiyədək 13 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. ABŞ dolları investisiya yatırılıb. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi isə son 10 ildə təqribən 1 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan Rusiya ilə yanaşı, bu ölkənin federal subyektləri, o cümlədən Ulyanovsk vilayəti ilə də uğurla əməkdaşlıq edir. İqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, Ulyanovsk vilayəti ilə humanitar sahədə də əməkdaşlıq həyata keçirilir. Bu sahədə əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu var. Fondun dəstəyi ilə Ulyanovskdə orta məktəbin əsaslı təmir edilməsi humanitar sahədə həyata keçirilən əməkdaşlığın gözəl nümunəsi sayılmalıdır”.
Sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının, iş adamlarının iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsinin müzakirə olunduğu görüşdə Ş.Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və münaqişənin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu bildirib.
Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. S.Morozov Azərbaycanın Rusiyanın subyektləri, o cümlədən Ulyanovsk vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.
Sonra İSN-in dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, tikinti, konsaltinq, turizm və sair sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkətin nümayəndəsi iştirak edib.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əməkdaşlığın inkişaf etdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır: “Rusiya Federasiyasının 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiyalar fəaliyyət göstərir, 14 subyekti ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb. Son 4 ildə Azərbaycan və Rusiyanın subyektləri arasında 17 biznes forum, işgüzar görüş və sərgi keçirilib. Azərbaycan Rusiyanın Ulyanovsk vilayəti ilə də fəal əməkdaşlıq edir. 2013-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10 faizdən çox, Ulyanovsk vilayəti ilə isə 13 faiz artıb.
Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur və Azərbaycan qonşu Rusiya, o cümlədən Ulyanovsk vilayəti ilə əlaqələrin genişlənməsində maraqlıdır”.
Nazir Ş.Mustafayev keçirilən biznes forumun da Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addım olduğunu vurğulayıb.
Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru - hökumətin sədri S.Morozov Rusiya Federasiyasının digər subyektləri kimi, Ulyanovsk vilayətinin də Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Ulyanovskin iqtisadiyyatına, investisiya qoyuluşu imkanlarına dair məlumat verib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin biznes və investisiya imkanlarına, Rusiya Federasiyasının Ulyanovsk vilayəti hökumətinin sədr müavini Aleksandr Smekalin, Kənd və meşə təsərrüfatı və təbiətin istifadəsi naziri Aleksandr Çepuxin, Tikinti, mənzil-istismar və nəqliyyat nazirinin müavini Oleq Qrişın isə Ulyanovsk vilayətinin iqtisadiyyatına və investisiya potensialına dair təqdimatlarla çıxış ediblər.
Sonra AZPROMO və Ulyanovsk vilayətinin “Sahibkarlığın İnkişafı Korporasiyası” Fondu arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan-Rusiya biznes forumu iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər