• cümə, 29 Mart, 01:33
  • Baku Bakı 7°C

Bu, sizin qəzetinizdir

30.01.15 10:02 1504
Bu, sizin qəzetinizdir
«Gənclik qəzeti»nin əziz oxucusu, ömrünün təravətli, çoşğun dövrünü yaşayan gənc dost, bu gün sənin adını verdiyimiz, sənə ünvanladığımız qəzetin 1 yaşı olur. Qəzet içində qəzet yaradaraq qoca «Kaspi» üzünü sənə tutdu. Bu vaxta kimi Azərbaycanda məhz gənclərə yönələn çox az sayda mətbuat orqanı olub. Onların sırasında bizim «Gənclik qəzeti»nin də yerini görə bilirsinizsə, nömrələrini səbirsizliklə gözləyirsinizsə buna görə sizə təşəkkür edirəm.
Bilirəm, qəzet lazımi yerlərə çatmır, onu bölgələrdə yox, elə Bakının özündə belə tapıb oxumaq böyük səbr tələb edir. Onu da bilirəm ki, bu, heç də kağız mətbuata marağın azalması ilə bağlı deyil, bunun səbəblərini yalnız subyektiv mülahizələrlə əsaslandırmaq olaq, yəni Azərbaycan reallığı… Oxusanız da, oxumasanız da bu, sizin qəzetdi.
Bir il ərzində əsas işimiz qəzetin səhifələrində Azərbaycan gəncinin simasının görünməsinə çalışmaq olub. Bunun üçün əlimizdən gələni də edirik, gəlməyəni də.
Nə olsun ki, «Gənclik qəzeti»ndə nazirlərin müsahibələri getmir, heç balaca məmurlara da yaxın düşmək olmur. Əvəzində «UĞUR HEKAYƏSİ» rubrikasında dayı, əmi hesabına deyil, öz gücünə – savadına, istedadına görə karyera qurmuş gənclərin səsi gəlir.
Nə olsun, fikir müxtəlifliyi azalıb, əvəzində «POLEMİKA» rubrikasında sözü olan gənclər istədikləri mövzular ətrafında fikirlərini bildirə bilirlər.
Gənclərin az qala xəstəlik səviyyəsində maraq göstərdikləri «ŞOU-BİZNES»i də unutmuruq, hər sayımızda mədəniyyətimizin istedadlı isimlərini təqdim edirik.
Yataqxanalardan tutmuş universitet bufetlərinə, çayxanalardan tutmuş kitabxanalara qədər gənclərin ayaq basdığı bütün məkanlardan «REPORTAJ»lar veririk.
«AİLƏ»lərə gedirik, gənclərin məişət qayğılarını da yadımızdan çıxarmırıq.
Bəs «SADƏ PEŞƏ ADAMI» rubrikası necə, ürəyinizcədirmi?
Böyük həyat yolu keçmiş şəxsiyyətlərin gəncik illərinə səyahət edirik, onlar həvəslə danışırlar «MƏN GƏNC OLARKƏN»ə.
«İDMAN» sahəsində nailiyyətlər əldə etmiş vətən övladlarının uğurlarına sevinirik, hər sayımızda iki səhifə ancaq buna həsr olunur.
Hələ bütün bunlar hamısı deyil, yeni ideyalarımız, yeni təşəbbüslərimiz də olacaq. Hər həftənin cümə günləri görüşünüzə gələn «Gənclik qəzeti»nin materialları «Kaspi»nin saytında ayrıca bölmədə yerləşdirilir və çox sevinirik ki, ən çox oxunan yazılar da bu bölmənin payına düşür.
Əziz dost, istərdim biləsiniz ki, bu işin arxasında cüzi də olsa, maddi həvəsləndirmə gözləməyən balaca yaradıcı kollektivin böyük əməyi dayanır. Necə deyərlər, qəhrəmanları tanımaq lazımdır: bütün nömrələrin məsuliyyətini daşıyan Lalə Musaqızı, imzasına yaxşı bələd olduğunuz Aygün Əziz, şou əhlinin bütün sirlərini faş edən Xəyalə Rəis, qəzetdə işlərinin çoxluğuna baxmayaraq idman səhifələrini hazırlanmasının məsuliyyətini öz üzərinə götürən İlham Quliyev, jurnalistlərimizin yazdıqlarını maraqlı dizaynda sizə təqdim edən İlham İsmayılov, gözündən bir səhv də yayınmayan korrektorumuz Qurban Təbiətoğlu və bir də bu sətirlərin müəllifi.
Görürsünüz, biz çox deyilik. Əziz dost, əsas odur siz - oxucularımız, əməyimizi qiymətləndirənlər çox olsun. Bir daha yazının sərlövhəsini xatırladıram – «Bu, sizin qəzetinizdir», bizi tək qoymayın.
Natiq Məmmədli
banner

Oxşar Xəbərlər