AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

2015-ə aparan yol araşdırma

2015-ə aparan yol araşdırma

İqtisadiyyat
06 Fevral 2013, 09:36 2651
Birinci Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinə ciddi hazırlıq gedir. Bir neçə gün əvvəl prezident İlham Əliyevin iştirakı ilə tədbirə hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirildi. Toplantıda hazırlıqla bağlı bir sıra tapşırıqlar verildi, tədbirlər planlaşdırıldı. Prezidentin toxunduğu ən ciddi məsələlərdən biri nəqliyyat probleminin həlli oldu. “Nəqliyyatla bağlı məsələlər çox vacibdir” - deyən ölkə başçısı 2000-ci ildən bu yana, demək olar ki, bütün Yay Olimpiya Oyunlarında iştirak etdiyini bildirib: “Özüm bilirəm ki, qonaqlar üçün ən böyük problem yaradan məsələ məhz nəqliyyat məsələləridir. 2000-ci ildə mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, 2004-cü ildə artıq ölkə prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə bilərəm ki, nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur. Necə ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkə başçısı kimi müxtəlif şəhərlərdə tıxaclarda qalmaq məcburiyyətində olmuşam. Bu, onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır. Adi vətəndaşları, dövlət başçılarını ən çox narahat edən məhz nəqliyyat məsələlərinin düzgün səviyyədə həll olunmamasıdır”. İ.Əliyev qeyd edib ki, gələn qonaqlar otel, qalma yeri, gəzmək kimi məsələləri əvvəlcədən həll edə bilsələr də, nəqliyyat məsələlərində bu, alınmır: “Ona görə baxmayaraq ki, son illər ərzində Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox böyük işlər görülüb, yenə də əlavə tədbirlər görülməlidir. İdmançıların və qonaqların rahatlığı üçün xüsusi bir proqram tərtib edilməlidir”. Ölkə başçısı bu məsələyə kompleks yanaşmanın vacibliyinə diqqət çəkib: “Əlbəttə, nəqliyyat parkı yeniləşdirilməlidir. Yeni avtobuslar, taksi maşınları gətirilməlidir. Bu məsələyə biz ayrıca baxacağıq. Oyunların keçirilməsinə qədər yeni yol qovşaqları istifadəyə veriləcək. Deyə bilərəm ki, bu layihələr bəribaşdan planlaşdırılıb. Biz bu layihələri xüsusilə oyunların keçirilməsi üçün nəzərdə tutmuruq. Ancaq əlbəttə ki, tədbirlərin keçiriləcəyi yerlərə rahat gəlib-getmək üçün xüsusi tədbirlər görülməlidir”.

Hansı problemlər aradan qaldırılacaq?

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, konkret təkliflər müzakirə edilir və kompleks tədbirlər planı hazırlanır. İlkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcək. Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, rəsmi heyətlərə ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin ediləcək: “Olimpiada vaxtı bu şəxsləri, həmçinin idmançıları və onları müşayiət edənləri olimpiya şəhərciyindən olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə daşınması həyata keçiriləcək. Hazırlıq dövründə bir sıra məlumatların dəqiqləşdirilməsi bu xidmətlərin daha dolğun təşkilini təmin edəcək. Belə ki, gözlənilən rəsmi heyətlərin və qonaqların, idmançıların, həmçinin turistlərin təxmini sayı, oyunların keçiriləcəyi əsas idman arenalarının dislokasiyası, rəsmi heyətlərin, qonaqların və turistlərin yerləşəcəyi otellər və digər yaşayış yerləri müəyyənləşdiriləcək. Qeyd olunan nəqliyyat xidmətlərinin təşkili məqsədilə tərəfimizdən Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair tədbirlər planının layihəsi hazırlanır və fevral ayının sonunadək təşkilat komitəsinə təqdim ediləcək”.

Namiq Həsənov: “Tədbirlər planı üç hissədən ibarət olacaq”

Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, tədbirlər planının üç əsas hissədən ibarət olması nəzərdə tutulur. Birincisi, nəqliyyat vasitələri, avtobuslar, minik və taksi avtomobilləri, metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi: “İkincisi, Bakı şəhərində nəqliyyat infrastrukturunun dəqiqləşdirilməsidir. Bura aiddir gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması. Üçüncüsü isə nəqliyyat xidmətlərinin idarə olunması və təşkili istiqamətidir. Bu istiqamətdə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bazasında olimpiya oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin və onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək qərargahın yaradılması, nəqliyyat xidməti göstərən sürücü və digər kateqoriyadan olan işçilərin hazırlanması, onlar üçün xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili və bu kontingent üzrə məlumat bazasının yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması, ictimai nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi zolaqların, hərəkət marşrutlarının və parklanma yerlərinin təşkili, görülən işlər barədə kütləvi informasiya vasitələrinə məlumat verilməsi və internet səhifələrində yerləşdirilməsi nəzərdə tutulur”.

Nazirlik sözçüsü bildirdi ki, əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir. Hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və bu işlər 2014-cü ilin əvvəllərində yekunlaşacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaq: “Həmçinin, Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şosesi bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşacaq. “Şəfa” stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcək. Sadalanan bu yollar olimpiya oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa, şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaq”. Nazirlikdən bildirilir ki, qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı dəmir yolu vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaq. Bütün bunlardan başqa, paytaxtda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin ediləcək. Mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcək. N.Həsənovun sözlərinə görə, Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac var: “Bu və digər məsələlərin həlli üçün bütün lazımı tədbirlər görüləcək”.

Həbibə ABDULLA