• cümə axşamı, 25 aprel, 17:35
  • Baku Bakı 23°C

2014-cü il teatrlarımızın yaddaşında necə qaldı?

29.12.14 10:56 1638
2014-cü il teatrlarımızın yaddaşında necə qaldı?
Bir ili də beləcə yola salırıq. Bu münasibətlə aparıcı teatrların rəhbərləri ilə əlaqə saxlayıb 2014-cü ili necə yola saldıqlarını xəbər aldıq. Aldığımız cavablardan məlum oldu ki...
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Akif Məlikov: “2014-cü ildə ilk olaraq Niyazinin “Rast” baleti səhnəyə qoyuldu. Daha sonra Cakomo Puççinin “İl Tabaro” (“Plaş”) operası 2014-cü ildə teatrın ən uğurlu beynəlxalq layihələrindəndir. Covanni Perqolezinin “Qulluqçu-Xanım” operası da geridə qoyduğumuz ilin maraqlı operettalarındandır. Tamaşanın özəlliyi ondadır ki, onun quruluşunu teatrın aparıcı solisti, əməkdar artist, Prezident mükafatçısı İnarə Babayeva vermiş və özü də tamaşada baş rolu ifa etmişdir. Daha sonra bir-birinin ardınca F.Əlizadənin “İntizar”, A.Pyatsollanın “Məhəbbət tanqosu” baleti, V.A.Motsartın “Fiqaronun toyu” operası, C.Verdinin “Otello” operası nümayiş olundu. Qeyd etmək lazımdır ki, bütün yeni quruluşlar uğurlu olmuş və hazırda teatrın repertuarında möhkəm yer tutur.
Teatrın qastrol səfərlərinə gəlincə isə bu, cari ildə bir qədər də rəngarəng keçib. Belə ki, teatrın vokal truppasının solistləri və gənc dirijor Əyyub Quliyev Astanada TÜRKSOY-un Beynəlxalq layihəsi çərçivəsində Qazaxıstanın görkəmli bəstəkarı Erkeqali Raxmadiyevin “Alpamıs” operasının tamaşasında iştirak ediblər.
Teatrın simfonik orkestri Almaniyada keçirilən “Qut İmmlinq” opera sənəti festivalının Böyük final konsertində – “Qrand-Final”da orkestr Avropa, Asiya və Amerika qitəsinin müxtəlif ölkələrindən dəvət edilmiş ən parlaq vokal ulduzları ilə birlikdə çıxış edərək böyük uğur qazanıb. Teatrın balet truppası Fransanın Paris və Strasburq şəhərlərində F.Qarayevin “Qobustan kölgələri” baletinin tamaşası ilə çıxış ediblər. H.Əliyev Fondu xətti ilə baş tutan bu qastrol tamaşası Azərbaycan balet sənətinin Avropada parlaq nümayişinə çevrilib”.
Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov: “2014-cü ilin əsas teatr hadisəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən III Bakı Beynəlxalq Teatr Konfransıdır. Akademik Milli Dram Teatrı 2014-cü ildə də öncəki illərdə olduğu kimi əsas fəaliyyətini “Azərbaycan teatrı 2009-2014-cü illərdə” Dövlət Proqramı çərçivəsində qurmağa çalışıb. 2014-cü il Akademik Milli Dram Teatrı üçün son dərəcə məhsuldar olub. Bir il ərzində teatrda S.Bekketin "Kreppin son lent yazısı", G.Dumbadzenin “Gecə qonağı” (“Məqam” adı ilə), V.Zuyevin “Sülh göyərçini” (“Mən, biz...” adı ilə), Y.Şvartsın “Kölgə”, B.Nuşiçin “Nazirin xanımı”, H.Cavidin “Topal Teymur” (“Əmir Teymur” adı ilə), V.Səmədoğlu “Generalın son əmri”, E. de Filipponun “Silindr”, Y.Oğuzun “Nadir şah” əsərləri tamaşaya hazırlanıb. “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası tamaşaçıların ixtiyarına verilib.
2014-cü ildə məşqləri başlanan L.de Veqanın “Hiyləgər məşuqə”, G.Anarqızının “Təhminə”, A.Krımın “Keçmişdən zəng”, İ.Əfəndiyevin “Mənim günahım”, R.Əlizadənin “Laləli düzən” tamaşalarının 2015-ci ilin ilk aylarında tamaşaçılara təqdim olunması planlaşdırılır.
2014-cü il ərzində Akademik Milli Dram Teatrında həmişə olduğu kimi görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə də xüsusi diqqət yetirilib. Yekunlaşmaqda olan il ərzində teatrda M.Mərdanovun 120, V.Səmədoğlunun 75, R.Təhmasibin 120, A.Cavadovun 120, M.Dadaşovun 90 illik yubiley tədbirləri keçirilib. Akademik teatr 2014-cü il ərzində 3 nüfuzlu beynəlxalq teatr festivalında iştirak edib. Teatrın kollektivi Türkiyənin Adana şəhərində Sabançı Beynəlxalq Teatr Festivalında (30 aprel – 3 may) M.F.Axundzadənin “Lənkəran xanlnın vəziri” əsəri əsasında hazırlanmış tamaşa ilə, Konyada mütəmadi şəkildə düzənlənən “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalında (4-14 may) və Gürcüstanın paytaxtında keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalında (1-4 oktyabr) “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə uğurla çıxış edib.
Teatrın 2014-cü ildə həyata keçirdiyi ən uğurlu tədbirlərdən biri də Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı “Məktəb və teatr” layihəsidir. Layihə çərçivəsində teatrın yaradıcı heyətinin məktəblilərlə görüşlərinin təşkili, məktəblilərin tamaşalarda iştirakı, tamaşalardan sonra yaradıcı heyətlə birgə müzakirənin təşkil olunması və bu qəbildən olan bir sıra tədbirlər nəzərdə tutulur.
Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev: “2014-cü il Musiqili Komediya Teatrının da ömür tarixçəsinə yeni, həm də unudulmaz məqamlar, yaddaqalan premyeralarla yazıldı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsaslı təmirə dayandırılan Azərbaycan Dövlət Musiqili Teatrında təmir, yenidənqurma və bərpa işləri başa çatdı. Bundan başqa, illərdən bəri yaddaşlarda Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi yaşayan teatrın adının dəyişdirilməsi də kollektivin yaradıcılıq fəaliyyətinə ciddi təsir göstərdi.
2014-cü ildə kollektiv yeni yaradıcılıq əzmi ilə, yeni qüvvə ilə və çox maraqlı repertuarla tamaşaçılarla görüşə gəldi. Ötən il bizim ilk tamaşamız xalq artisti, rejissor İranə Tağızadənin hazırladığı “Bu bizik - Musiqili Teatr!” adlı 2 hissəli burlesk oldu. Mart ayının 10-da pərdələrimizi məhz bu tamaşa ilə açdıq. Bu, 104 yaşlı kollektivin yaradıcılığına bir növ baxış oldu, teatrın təqdimatı xarakterini daşıdı. Açılış mərasimi həm də Milli Teatr Gününə təsadüf etdiyindən teatrda əsl bayram təntənəsi oldu. Yola saldığımız ilin teatrımız üçün maraqlı olan daha bir yaradıcılıq uğuru R.Heydər və O.Kazıminin «Qızıl toy» əsəri sayıla bilər. 2014-cü ilin teatr uğuru sayıla biləcək tamaşası isə illər boyu repertuarda özünə möhkəm yer tutan "O olmasın, bu olsun" operettası oldu.
Bu il teatr balaca tamaşaçılarını da sevindirib. Belə ki, teatrın rus truppasının iştirakı ilə oktyabr ayının 25-də H.K.Andersenin “Düyməcik” nağılı əsasında hazırlanmış “Düyməcik” tamaşasının premyerası keçirilib. Hazırda kollektivimiz daha bir uşaq tamaşasının təqdimatı ərəfəsindədir. Bu dəfə onlara yeni il töhvəsi olaraq “Yatmış gözəl və yeddi cırtdan” tamaşası təqdim olunacaq.
Bu il teatr həmçinin respublikamızın müxtəlif bölgələrinə qastrol səfərləri edib. Kollektiv Xaçmazda, Şəkidə, Salyanda, Qubada, Şirvanda, Masallıda maraqla qarşılanıb”.
Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdər artist Mübariz Həmidov: “2014-cü il bizim teatr üçün yaddaqalan hadisələrlə zəngin olub. Onlardan birincisi “Lineyn trilogiyası”- bizə xeyli uğur gətirdi. Oktyabrda həmin tamaşada yer alan 3 əsərdən birini dünya üzrə ilk dəfə keçirilən Martin MakDonaxın festivalında nümayiş etdirdik və “Yalqız Qərb” tamaşası festivalın prezidentinin xüsusi mükafatına layiq görüldü. 2014-cü ildə xaricə qastrol səfərlərimiz az olmadı. Belə ki, Həştərxan Gənc Tamaşaçılar Teatrında iki tamaşa ilə çıxış etdik. Kalmıkiya Milli Dram Teatrındakı çıxışlarımız da çox uğur qazandı. Bizim tamaşalarımız o qədər çox bəyənildi ki, mən və teatrın baş rejissoru Bəhram Osmanov “Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adları ilə təltif olunduq. Aktyorlarımızın bir çoxu Kalmıkiya Respublikasının mədəniyyət nazirliyinin fəxri diplomları, teatr xadimlər ittifaqının fəxri diplomları ilə təltif olundular. Sentyabrın əvvəllərində rejissor laboratoriyası fəaliyyətə başladı. Burada Rusiya Federasiyasının təxminən 10-12 teatrının baş rejissorları və rəhbərləri rejissor laboratoriyasında 3 gün müddətində iştirak edərək təcrübələrini bölüşdülər. Onlarda Azərbaycan teatrı haqqında müsbət fikirlər formalaşmışdı. Bu yaxınlarda Bəhram Osmanov Kalmıkiya Milli Dram Teatrında Əli Əmrlinin “Sevən qadın” tamaşasına quruluş verib.
Bu il həmçinin AMEA-nın Ədəbiyyat İnstitutu və “Hədəf” nəşrlər birliyinin təşkilatçılığı ilə 100 pyesdən 10-u seçildi. 10 pyes kitab halında çap olundu. Tədbirin təntənəli mükafatlandırması bizim teatrda keçirildi. Birinci yerə layiq görülən əsər bizim teatrda səhnələşdiriləcək. Əsər Xocalı faciəsinə həsr olunub. Bu, gənc yazar Sevinc Elsevərin “Arzu və Murad” adlı əsəridir. Biz artıq onu repertuara daxil etmişik. 2015-ci ildə hazırlayıb təhvil verəcəyik. Hazırda bizim teatrda “Hədəf” nəşirlər birliyinin dekabrın 1-dən yanvarın 15-nə qədər aksiyası keçirilir. Aksiya «Tamaşaya bax, kitab qazan» adlanır. Bu aksiya artıq öz nəticəsini verir. Belə ki, “Hədəf” nəşriyyatından kitab alan şəxs kitabla bərabər tamaşaya da kupon əldə edir. Hesab edirəm ki, bu da teatr üçün bir yenilikdir. Bu il «Qırmızı papraq», «Sarıköynəklə Valehin nağılı», bəşəriyyət üçün bir bəlalı mövzu olan narkomaniya əleyhinə dövlət proqrammı çərçivəsində «Ağ ölüm» tamaşalarını təhvil verdik”.
Sumqayıt Musiqili Dram Teatrının direktoru İslam Həsənov: “2014-cü ildə Batumi və Kutaisiyə qastrol səfərimiz oldu. Bu şəhərlərdə tamaşalarımız böyük maraqla qarşılandı. Bu il Ukraynadan rejissor dəvət etdik. Qoqolun “Ölü canlar” əsəri əsnasında Arkadi Neftalyuk “Çiçikovun sərgüzəşti” tamaşasına quruluş verdi. Əziz Nesinin «Öldür məni can-ciyər» əsərinə Firudin Məhərrəmov quruluş verib. Biz repertuar üçün çalışırıq. Eyni zamanda laboratoriya tamaşalarımız da olur. Tamaşaçılar müxtəlif səviyyəlidir. Onlar hamının zövqünü oxşamaya da bilər. Bizim tamaşalarımız iki yerə bölünüb – repertuar və laboratoriya tamaşaları. Hüseynbala Mirələmovun «Vicdanın hökmü» tamaşası, Əhməd Orucoğlunun «Açarı itirənlər», yeni il üçün «Qış sərgüzəştləri», xalq nağılları əsasında «Üç qardaş», bunlar repertuara işləyən tamaşalardır. Növbəti ildə qismət olarsa, Bolqarıstandan rejissor dəvət etmişik, o, Şekspirin «Otello» tamaşasına quruluş verəcək. Ümid edirik ki, çox maraqlı bir tamaşa olacaq. Növbəti ildə M.F.Axundzadənin «Hacı Qara» tamaşasına quruluş verməyi düşünürük”.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə: “Başa çatmaqda olan il A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı üçün də məhsuldar, sənət uğurları, yeni-yeni tamaşaların sevincləri ilə uğurlu il olub. Ümumilikdə isə Azərbaycan Dövlət Kukla Teatrı yeni tamaşalar, teatr festivalı və qastrollarla zəngin bir mövsüm yaşayıb. Yola saldığımız ildə dörd yeni tamaşa ilə uşaqların görüşünə gəlmişik. Rusiyadan dəvət etdiyimiz rejissor Eduard Qaydar və rəssam Tatyana Melnikova rus xalq nağılı “Qoğal”ı fərqli yozumda təqdim etdilər. Yapon xalq nağılları əsasında “Kim daha güclüdür?” (rejissor Anar Məmmədov, rəssamı Rəvanə Abbasova) hazırladığımız tamaşa da maraqla qarşılandı. Bundan başqa teatrımızın baş rejissoru Qurban Məsimovun hazırladığı "Şou çanta trio və...” tamaşası da bu il balaca tamaşaçılarımızın ixtiyarına verildi. Bununla yanaşı rusdilli tamaşaçılarımızın da marağını nəzərə alaraq “Qoğal” tamaşasını rus bölməsi üçün də hazırlanmışıq.
Teatrın uğurlu premyeralarından biri də tam yeni yozumda hazırlanan “Tıq-tıq və Taq-tağın nağılı”dır. Abdulla Şaiqin hər kəsin yaxşı tanıdığı “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” adlı tamaşa özünün ideya yükü, səhnə estetikası və kukla tamaşalarına məxsus yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edə bildi.
Son olaraq isə dekabrın 24-də Azərbaycan xalq nağılı “Sehrli üzük”ün motivləri əsasında teatrın istedadlı gənc rejissorlarından olan Anar Məmmədovun səhnələşdirməsində hazırlanan eyniadlı tamaşanı tamaşaçıların ixtiyarına verdik.
Kukla teatrı olaraq mütəmadi beynəlxalq festival və müsabiqələrə dəvət alırıq. Bu il Hindistanın Nyu Dehli şəhərində keçirilən “İşara” beynəlxalq kukla teatrları festivalında iştirak etdik. Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşdi. Festival üçün teatrın baş rejissoru Qurban Məsimovun müəllifi olduğu “Chanta trio &...” tamaşası hazırlanmışdı. Tamaşa böyük rəğbətlə qarşılandı və daha sonra həmin səhnə əsəri ilə Rusiyanın Kurqan vilayətində keçirilən “Uçuş arzusu” festivalında da iştirak etdik”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər