• cümə axşamı, 25 aprel, 13:23
  • Baku Bakı 23°C

2013-cü il prezident seçkilərinin qalibi Yeni Azərbaycan Partiyasının sədri olacaq

18.09.13 08:28 1379
2013-cü il prezident seçkilərinin qalibi Yeni Azərbaycan Partiyasının sədri olacaq
Ölkəni idarəetmək həm çətin, həm də şərəfli vəzifədir. Çətinlik idarəetmə elminin mürəkkəbliyindədir. Texniki və texnoloji sistemlərin idarəedilməsindən fərqli olaraq, cəmiyyəti, insan qruplarını, onların istək və arzularına uyğun istiqamətdə idarə etməyin xüsusiyyətləri var.
Belə ki, ölkə əhalisinin hər biri öz aqibətinin, ailə, milli qrup və bütövlükdə təmsil olunduğu millətin taleyi barədə düşünür, xoşbəxt gələcəyini istəyir. Dinclik, əmin-amanlıq, sülh şəraitində irəliyə getməyi, nəsil artırmağı, normal məişət şəraiti diləyir.
Dövr elədir ki, hər adam cəmiyyətin, dövlətin idarəedilməsində fəal iştirak etməyə çalışır. İstəyir ki, ölkə qayda-qanunları, idarəçilik sistemi onun yaşayış tərzinə əngəl yaratmasın, ölkədə ədalət, düzlük hökm sürsün. Digər ölkələrlə dostluq, mehriban qonşuluq, sərbəst ticarət mühiti bərqərar edilsin. İlham Əliyev bu istəkləri uğurla həyata keçirir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, işğalçı erməni hərbi bölmələrinin qeyd-şərtsiz Dağlıq Qarabağdan və ona bitişik rayon və şəhərlərdən çıxarılması, bir milyondan artıq qaçqın və məcburi köçkünün dədə-baba yurdlarına qaytarılması, dağıdılmış yüzlərlə kənd və şəhərin bərpası, insanlara normal yaşayış şəraitinin yaradılması və digər həyati vəzifələrin yerinə yetirilməsi Yeni Azərbaycan Partiyasının, onun lideri İlham Heydər oğlu Əliyevin qarşıdakı illərdə yerinə yetirəcəyi günün ən aktual, həyati vəzifəsi sayılır.
Azərbaycanın qloballaşan, hərtərəfli inteqrasiya prosesi gedən dünyada layiqli yer tutması üçün indiyə qədər çox iş görülüb. Qarşıdakı 5-10 ildə görüləcək işlər daha çoxdur.
İlham Əliyevin rəhbərliyi ilə hazırlanan, 2013-2020-ci illəri əhatə edən dövlət proqramlarında bütün bu məsələlər əksini tapmışdır. Respublika prezidentliyinə iddialı olan şəxslərin heç birinin nə belə proqramları, nə xalqın istəklərinə uyğun ideyaları hələ ki, yoxdur. Əsaslandırılmış, inandırıcı, xalqı qane edəcək ciddi fikirlər əvəzinə, konyuktiv, şəxsi xəyal kimi verilən vədlərə isə inam yoxdur. Namizədlərin əksəriyyəti də, məhz, belə vədlərdən kənara çıxa bilmirlər. Onların həyatda qazandıqları, topladıqları bacarıq və təcrübə də fikirləri, vədləri kimi çox cılızdır.
İlham Əliyev əhaliyə son 10 ildə dövlətin gördüyü, hökumətin həyata keçirdiyi böyük inkişaf barədə hesabat verir. Görüləcək daha əzəmətli problemləri izah edir. Özlərini İlham Əliyevə bərabər tutmaqla, görünməyən, olmayan işlərdən nə danışacaqlar?! Onların vədlərinə kimlər inanacaq? Özləri gileylənib, özləri də eşidəcəklər.
Bu gün Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya xalqa arxa duran, düzgün yol göstərən, ağıllı təkliflər irəli sürə biləcək partiyanın olmaması da hamıya, o cümlədən dünya birliklərinə, prezident olmaq istəyənlərin özlərinə də bəllidir.
Müxalifət rəhbərlərinin əzbərlədikləri – “gerçək seçki olsa, Milli Şuranın namizədi asanlıqla İlham Əliyevə qalib gələr...”, “bizdə demokratik seçkilərə indi heç bir zəmin yoxdur...” və digər əsassız fikirləri hər gün tirajlamaqla, özlərinin tam gücsüzlüyünü etiraf edir, seçkidə məğlubiyyətini böhtanla sığortalayır.
Fikir verin, 21 nəfər vətəndaş prezidentliyə öz namizədliyini irəli sürmüşdü. Bunların 7 nəfəri vaxtında rayon və şəhər seçicilərinin 40 min səsini toplaya bilmədiklərindən avtomatik olaraq sıradan çıxdılar. Sual olunur, əgər bir ay ərzində bu qədər seçicidən imza ala bilmirsənsə, 4 milyon seçicidən nə qədər səs umursan?
Mən prezidentlik iddiasında olan vətəndaşlarımızın çoxunu yaxından tanıyıram, siyasi güclərinə, respublikadakı nüfuzlarının səviyyəsinə bələdəm. Onlardan yarı yolda qalacaqların adlarını da açıqlamaq mümkündür. Bunu vaxt göstərəcək. Qəti inamım belədir ki, bu ilki Respublika prezidentliyinə Yeni Azərbaycan Partiyasının namizədi möhtərəm İlham Heydər oğlu Əliyev olacaq. Çünki, nə ölkəyə xidmətdə, nə də daxildə və xaricdə qazandığı nüfuza görə namizədlərin heç biri İlham Əliyevin səviyyəsinə çata bilməz. Bundan əlavə, Azərbaycanın hərtərəfli inkişafı üzrə İlham Əliyev tərəfindən hazırlanmış zəngin və real səviyyəyə çata biləcək proqram müəllifi yoxdur.
İlham Heydər oğlu Əliyev son 25 ildə çox yüksək səviyyəli siyasi məktəb keçib: Ulu Öndər, xalq qarşısında əvəzsiz xidmətlər göstərmiş, Azərbaycanı parçalanmaqdan qoruyub inkişaf etdirmiş, yeni, qüdrətli dövlətçilik institutu yaratmış, dərin elmi irs qoymuş müdrik Heydər Əlirza oğlu Əliyevin məktəbini keçmişdir, zəngin idarəçilik təcrübəsi qazanmışdır.
Heydər Əliyev ölkədə köklü islahatlara başladı. İlham Əliyev bu islahatları uğurla davam etdirir. Rayon və şəhərlərin siması dəyişir, tərəqqi edir, yeniləşir, müasirləşir.
Heydər Əliyev güclü milli kadrların yetişdirilib, tərbiyə olunması üçün möhkəm bünövrə yaratdı. İlham Əliyev sağlam bünövrə üzərində son 10 ildə alınmaz qala qurdu.
Heydər Əliyev özünə qədərki dövlət rəhbərləri tərəfindən insanların tapdalanmış hüquqlarını, əllərindən alınmış azadlıqları özlərinə qaytardı, ədaləti bərpa elədi. İlham Əliyev insan haqlarına hörmət və qayğı sistemini möhkəmləndirdi, ədalət prinsipini qoruyub saxladı, prezidentliyi dövründə onu rəhbər tutdu.
Heydər Əliyev milli və ümumbəşəri dəyərlər zəminində elmin, mədəniyyətin, insanlığın inkişafı üzrə zəngin bir sistem yaratdı. İlham Əliyev bunları uğurla davam etdirməkdədir.
Heydər Əliyev Azərbaycanda müasir demokratiya institutu yaratdı. İlham Əliyev bu institutu daha da zənginləşdirdi, genişləndirdi, həyat normasına çevirdi. Əgər belə olmasa idi, bu qədər partiya, ictimai birlik, müxalifət mətbuatı yaranıb, fəaliyyət göstərməzdi. Elə indiki prezident seçkilərində iştirak etməyə bu qədər ziyalı da iddialı olmazdı.
Heydər Əliyev iqtisadi-sosial inkişafın zəngin mənbələrini müəyyənləşdirdi, təbii sərvətlərimizdən ağıllı istifadə etməyin yolunu göstərdi. İlham Əliyev prezidentliyi dövründə bu yola sadiq oldu, yoxsulluğu, işsizliyi kəskin surətdə azaltdı, insanların həyat səviyyəsinin tədricən yüksəldilməsi istiqamətində ardıcıl, səmərəli tədbirlər həyata keçirməkdədir.
Heydər Əliyev özündən əvvəlki ölkə rəhbərlərinin Dünyadan təcrid etdiyi Azərbaycanın Dünya birliklərinə inteqrasiyasını həyata keçirdi, bütün dövlətlərlə (Ermənistan müstəsna olmaqla) dostluq münasibəti yaratdı. İlham Əliyev Azərbaycanın bütün ölkələrlə işgüzar, qarşılıqlı faydalı əməkdaşlığını dərinləşdirdi. Bu gün Dünyanın 160-dan çox ölkəsi Azərbaycanın tərəfindədir.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratmaqla, onun sədri seçilməklə Azərbaycan cəmiyyətinə yeni, alternativi olmayan siyasi mədəniyyət gətirdi. İlham Əliyev son 10 ildə bu partiyaya rəhbərlik etdiyi vaxtda partiya ümumxalq partiyasına çevrildi. Bu gün öz sıralarında 600 mindən çox insanı birləşdirməklə, ölkədə ən nüfuzlu siyasi sistem olub, daim inkişafdadır. Partiyada monolit birlik yaranıb, bir sıra ölkələrdəki demokratik partiyalarla dostluq əlaqələri qurulub.
İndiki partiyaların bir çoxu Mixail Qorbaçovun yaratdığı xalq cəbhəsinin törəmələridir. Bunların Qorbaçovun süqutu ilə birlikdə xəyanətkar adla tarixin arxivinə atılmasına baxmayaraq, özlərini müasir cəmiyyətə demokrat, gələcəyi görən bir siyasi qurum kimi sırımağa can atırlar. Əhali bunların səsinə səs verməyəndə xalqı təhqir edir, qınayır, “yatmış xalq” adlandırır. Müxalifət partiyaları, indiki hakimiyyətə müxalif olan insanlar özlərinin birləşdiyini, monolit qüvvəyə çevrildiyini tez-tez xatırlamağı xoşlayırlar. Əslində isə heç vaxt bunların siyasi məqsədli birliyi olmayıb. Onlar yalnız xalqı qınamaqda, hakimiyyəti və ona sadiq ziyalıları böhtanlamaqda, şərləməkdə, nəhs danışmaqda, yalanlar uydurmaqda birləşirlər. Bu cəhətdən seçkilər ərəfəsində daha çox hay-küy yaradır, ağa – qara deyir, dövlətin və xalqın mənafeyini xaricdəki pozğun qüvvələrə satırlar. Bunu onların hər gün tirajladığı sarı mətbuatı vərəqləyəndə də aydın görmək olur. Yeri gəlmişkən deyim ki, həmin qəzet və jurnalların əksəriyyətini maliyyələşdirən pozucu qüvvələrin sifarişlərini yerinə yetirdiklərini də əhalinin çoxu bilir.
Bütün bunlara görədir ki, seçicilər İlham Əliyevə inanır, əhalinin mütləq əksəriyyəti onun namizədliyini müdafiə edir, qələbəsinə çalışır. Qalan namizədlərə inanan, onları müdafiə edən, kömək göstərən insanlar isə çox azdır. Müxalifətdə olan partiyaların son vaxtlar yaratdıqları “birliklər”: “Ziyalılar Birliyi”, “Milli Şura”, “El hərəkatı” və b. əslində eyni adamların müxtəlif konfiqurasiyada birləşməsindən başqa bir şey deyil. Rusiya vətəndaşı, siyasətdən uzaq olan Rüstəm İbrahimbəyovun qiyabi yaratdığı “Milli Şura” isə artıq iflasa uğrayıb, hələ qurulmamış dağılıb. İbrahimbəyovun özü isə çoxdan ölkədən gedib. Müxalifətçilər “Milli Şura”nın külü ilə oynayır, təsəlli tapırlar. Olmayan Şuranın prezidentliyə namizədliyini “cani-dildən” təbliğ edənlər isə əslində sözü boğazdan yuxarı deyirlər. Çünki, burada təmsil edilmiş partiya rəhbərlərinin hər biri neçə illərdir ki, prezident kürsüsü həsrətindədirlər.
Əslində onlar həmin kürsüdə kiminsə əyləşməsini yox, yalnız özlərini orada görmək istəyirlər. Xalq isə onların arzularını nəzərə almır və almayacaq da. Məncə, gündəlikdə qalmaq arzuları da seçkidən sonra sönüb gedəcək, “Dədəqorqudları – Rüstəm” kimi.
Yeni Azərbaycan Partiyasının V Qurultayında qəbul etdiyimiz qərarlara, o cümlədən İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi üzrə qərara sadiqik. Bu qərarlar əhali tərəfindən də birqiymətli dəstəklənir. Çünki, Yeni Azərbaycan Partiyasının hakim partiya kimi 20 illik fəaliyyəti hər kəsin, ailənin, bütövlükdə xalqın mənafelərini qorumağa yönəlib. Xalqın istək və arzularının həyata keçirilməsi üçün bütün gücünü əsirgəməyib. Təcrübəmiz də zəngindir, nüfuzumuz da bütün partiyalarınkından qat-qat üstündür. Qələbə bizimlədir.
Prezidentlik uğrunda çalışanları və onların tərəfdarlarını əmin etmək istəyirəm ki, bizim namizədə - İlham Heydər oğlu Əliyevə səs verəcək bütün seçicilərə də, namizədimizin əleyhinə səs verəcək insanlara da hörmətlə yanaşacayıq. Çünki, başqa partiyalar kimi biz bölücü yox, birləşdirici partiyayıq.
Yeni Azərbaycan Partiyası seçkilərin yüksək demokratik şəraitdə keçirilməsinə məsuliyyət daşıyır. Ona görə də hər yerdə ciddi intizam, dəqiq nəzarət üçün bütün tədbirlər görülmüşdür. Xarici və daxili nəzarətçilərin sayı artırılmış, onlar təlimatlandırılmışdır. Nəzarətçilərin səlahiyyətləri genişləndirilmişdir. Yeni Azərbaycan Partiyasına, onun liderinə müxalifətdə olan, birlikdən bol-bol danışan partiya liderlərinin bir-biri barədə söylədiklərindən bir nümunəni misal gətirirəm:
Bu günlərdə Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, Milli Məclisin keçmiş sədri Rəsul Quliyev: “Bu gün Milli Şuranın məqsədinin prezident seçkilərini udmaq olduğunu iddia edənlər növbəti dəfə xalqı ələ salırlar”. Axı, bunların xalqın və indiki “hökumətin qarşısına qoymağa nələri var?” “Bu seçkilərdə Milli Şura üzvlərindən bəzilərinin məqsədi seçkiləri udmaq yox, özlərinin heç kimə lazım olmayan siyasi ömürlərini uzatmaqdır”. “Milli Şura üzvlərinin konkret iş görmək əvəzinə dağıdıcı fəaliyyətini davam etdirəcəklərinə şübhə ola bilməzdi. Başqa sözlə, Azərbaycan tarixində işləmək şansına malik olmayan, anadan ölü doğulmuş uşaq meydana gəldi. Milli Şuranı “taleyüklü təşkilat” adlandırmaqlarına baxmayaraq, onun iclaslarında heç bir stenoqramma aparmamaq, əvvəldən axıra qədər bütün prosesin videosunu yazmamaq Milli Şuranın işləmək üçün yox, dağılmaq üçün yaradıldığını aydın görə bilərdi”. Milli Şurada təmsil olunmuş başqa liderlərindən biri də belə deyib: “Rəsul Quliyevin bu kiçik açıqlamasındakı bir çox fikirlər, təəssüf ki, müəyyən qədər reallığı əks etdirir... gələn ay Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verəcəyi ehtimalı, həqiqətən də aşağıdır. Amma, kiçik də olsa bir ümid var! Rəsul Quliyev isə belə görünür ki, bu ümidi də öldürmək niyyətindədir!”
Məncə, Rəsul Quliyev düzgün, obyektiv qiymət verib. Olanı nəzərə çatdırıb. Yuxarıda dediyim kimi, Mixail Qorbaçev tərəfindən vaxtilə ölü doğulmuş, dağıdıcı AXC-nin və onun törəmələrinin bu və ya digər məzmunda “birləşməsindən” asılı olmayaraq, həmişə ölü doğulmuşlar alınacaq. İndiki “Milli Şura” kimi. Bunlar YAP-ın qarşısına belə törəmələrin nümayəndələrini çıxarmaqla doğrudan da, Rəsul müəllim demişkən, xalqı ələ salmağa çalışırlar. Xalq buna görədir ki, onlardan imtina edir. Bizim isə onlara köməkdən başqa heç bir maneəmiz olmayıb və indiki seçkilərdə də olmayacaq. Onların ideologiyası, özüllər düzgün qoyulmayıb. Xalq bunları da bilir, görür. Həmin “liderlər” papaqlarını qarşılarına qoyub fikirləşməlidirlər. YAP-a böhtanlardan birdəfəlik əl çəkərək, milli mənafelərə uyğun ağıllı siyasət formalaşdırmağa, halal zəhmətə qoşulmağa, xalqla səmimi rəftar etməyə çalışmalıdırlar. Ölkədə hələ bir çox problemlərin, o cümlədən bürokratik əngəllərin, korrupsiyanın, az da olsa işsizliyin, etinasızlıqların və digər halların mövcudluğunu “kəşf edən” təkcə dağıdıcı müxalifətin liderləri deyil. Bunları hamı, o cümlədən iqtidar partiyasının liderləri də bilir. Özü də təkcə “bilirik” demir. Bütün mənfi təzahürlərə qarşı kəskin mübarizə aparır, onların tədricən aradan qaldırılmasına da nail olur. Onlar isə işin bircə bu tərəfini “görə bilmirlər”.
Suları başdan bulanmış, ölü doğulmuş törəmələr “hər şeyi görür, bilir”, təkcə özlərinin cəmiyyət üçün həqiqi mənada əngəl olmalarından başqa. Yeni Azərbaycan Partiyası sağlam doğuldu, daim inkişaf etdi. Daha qüdrətli mərhələyə çatmaq üçün çalışır. Bu barədə Ulu Öndər belə demişdi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın, yüz illərlə gələcəyin partiyasıdır”.
Partiyamızın indiki qüdrətli, yaradıcı lideri İlham Əliyev isə belə demişdi: “Yeni Azərbaycan Partiyasının üzvü olmaq çox məsuliyyətli işdir”. Biz xalq qarşısında məsuliyyət daşıyırıq, xalqa xidmət göstəririk. Buna görədir ki, xalq bizə inanır, etibar edir, prezidentliyə namizədimizin fəaliyyətini bəyənir. Ona da – bizim namizədə - İlham Əliyevə səs verəcəklər.
Vaxt yaxın gələcəkdə hər kəsi öz yerində oturdacaq. Xüsusilə də özünəheyran quraşdırma siyasi liderlər ayılıb xalq güzgüsündə özlərini görə biləcəklər. Yalan ayaq tutar, amma, yeriməz!
Prof. Dr. Zahid Qaralov
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri
16.09.2013-cü il
banner

Oxşar Xəbərlər