• cümə axşamı, 25 aprel, 04:20
  • Baku Bakı 19°C

20 yanvar-tariximizin şanlı səhifəsi - Fotolar

19.01.17 17:33 1544
20 yanvar-tariximizin şanlı səhifəsi - Fotolar
AMEA Naxçıvan Bölməsində Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi yazılan 20 Yanvar faciəsinin 27-ci ildönü ilə əlaqədar keçirilən elmi konfransda ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

"20 Yanvar-tariximizin qanlı və şanlı səhifəsi” mövzusuna həsr olunan tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan xalqının vətənə, torpağa sədaqətini, azadlıq, müstəqillik uğrunda mübarizədə sarsılmazlığını bütün dünyaya göstərən 20 Yanvar faciəsinin səbəblərindən, sovet imperiyasına rəhbərlik edən ermənipərəst quldurların Azərbaycan xalqına qarşı məkirli siyasətlərindən və onların 1990-cı ildə törətdikləri qanlı cinayətlərdən ətraflı danışdı. Akademik çıxışında 20 Yanvar tarixini təkcə Azərbaycan xalqının faciə günü kimi yox, həm də xalqımızın qəhrəmanlıq zirvəsi kimi dəyərləndirdi.

Daha sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun "Faciəyə aparan yol”, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin "Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsi”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin "Azadlıq fədailəri-şəhidlər”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun "20 Yanvar faciəsinin nəticələri və ibrət dərsləri” mövzusunda məruzələri dinlənildi.

Məruzələrdə yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının ağır iflic vəziyyətinə salınması, informasiya blokadasında olması, radio, televiziyanın susdurulması, mətbuatın nəşrinə qadağa qoyulması bu faciəni törədənlərin məkirli siyasətinin tərkib hissəsi olduğu bildirildi. Qeyd olundu ki, belə bir ağır vəziyyətdə Moskvada, ölkəmizdən uzaqda yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdi. Ulu öndər Heydər Əliyevin cəsarətli bəyanatı kütləvi informasiya vastəsi ilə Azərbaycan xalqının haqq səsi, fəryadı bütün dünyaya çatdırıldı. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin mahiyyəti açıqlandı və hüquqi-siyasi qiyməti öz əksini tapdı. Bu gün şəhidlərimizin adları əbədiləşdirilib, onların ailə üzvlərinə dövlət qayğısı göstərilir.

Tədbirdə Azərbaycan tarixinin həm kədərli, həm qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrini gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində Bölmə əməkdaşlarının da öhtəsinə düşən vəzifələrdən danışıldı.

Konfransda 27 il bundan öncə Bakı şəhərində törədilən qanlı hadisənin bir çox fotoları video slayt vastəsi ilə nümayış olundu.

Məlumat üçün onu da qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 27-ci ildönü ilə əlaqədar "20 Yanvar” başlığı altında sərgi də təşkil edilib. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecənin materiallarını əks etdirən jurnal, qəzet və kitab materiallarının yer aldığı sərgi yanvar ayının son günə kimi nümayiş olunacaq.

banner

Oxşar Xəbərlər