AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

20 Yanvar faciəsi Azərbaycan mətbuatında

20 Yanvar faciəsi Azərbaycan mətbuatında

Cəmiyyət
19 Yanvar 2021, 11:15 394
2001-2020-ci illər mətbuatında 20 Yanvar faciəsi geniş şəkildə ancaq yanvar nömrələrində öz əksini tapmışdır. Bu illərin mətbuat səhifələrində 20 Yanvarla bağlı mövzularda faciənin kədərli aurası, keçmişə baxış, yaddaşı təzələmək istəyi, faciənin müxtəlif aspektlərin təsviri siyasi-elmi və bədii publisistikada daha çox rast gəlinir. Siyasi və elmi publisistik məqalələrdə 20 Yanvar faciəsinin törədilmə səbəbi, səbəbkarlar, statistik məlumatlar əsas problem xətt kimi düşündürülən məsələlər­dəndir.
 
1990-cı ildə konyunkturanın təsiri ilə 20 Yanvar faciəsinə susqun mövqedən baxan "Bakinskiy raboçiy” qəzeti belə müstəqillik illərində faciənin rus mətbuatında obyektiv dəyələndirilməsindən bəhs edir. 
 
Ancaq Z. Tağıyevin "Bu qisas qiyamətə qalmaz... 20 yanvar xalqımızın qəhrə­man­lıq salnaməsi idi”, Q.Əliyevin "Faciələrimiz rəhbərsizlik­dən törəndi” məqalələrində yenə 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə müasir dövrdə yetərincə ta­nıdılmaması ilə bağlı narahatlıqlar qeyd olunmuşdur.
 
Faciənin başvermə səbəbində Sovet imperiyasının Azərbaycan xalqının milli-azadlıq hərəkatını boğmaq, Dağlıq Qarabağ problemini ermənilərin xeyrinə həll etmək məqsədilə Azərbaycan xalqının gözünü qorxutmaq məsələsi Anar Rasimoğlunun "Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi”, Cəbi Bəhrəmovun "20 Yanvar və Xocalı faciələri 1918-ci il mart soyqırımının davamı idi”, Samir Quliyevin "20 Yanvar faciəsi insanlığa qarşı bir cinayətdir”, Tağı Əhmədovun "Qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi” elmi-siyasi publisistik janrda yazdığı məqalələrində yer almışdır.
 
20 Yanvar faciəsi günlərini xatırlayan "Vedibasar” qəzetinin baş redaktoru Sərtib İslamoğlu "20 Yanvar tariximizin qanla yazılan səhifəsidir”  məqaləsində faciənin bütün olaylarını yaddaşında təzələyərək hələ faciədən öncə baş verənlərə nəzər salaraq yazırdı: "Ağalarının göstərişinə əsasən istefa verməyən Ə.Vəzirova kömək etmək üçün Moskva Primakov-Girenko-Mixaylov üçlüyünün Bakıya göndərmişdi”.
 
20 Yanvar faciəsinin səbəbkarının M.Qorbaçov olduğu Anar Rasimoğ­lunun "Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi”, Teymur Rzanın "20 Yanvarın 20 yaşı”, Əliqismət Bədəlovun "20 Yanvar faciəsi Azərbaycanın tarixinə həm kədərli hadisə, həm də fədakarlıq və qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur”, Söhbət Məmmədovun "Bakı faciəsinin 20 yaşı”, Titov Serqeyin "1990-cı ilin qara yanvarı”, İxtiyar Hüseynlinin "Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü”, Elmira Axundovanın "Qəhrəmanları xatırlayarkən: 20 Yanvar qanı hədər yerə axmadı”, Nazim Mustafanın "Tariximizin faciə və qəhrəmanlıq səhifəsi”, Nizami Cəfərovun "20 Yanvar – İstiqlal mübarizəsinin əbədi məşəlinin alovlandığı gün” məqalələrində göstərilir.
 
1990-cı ildə 20 Yanvar faciəsinin törədilməsindən sonra etdiklərinə haqq qazandıran M.Qorbaçov illər sonra eks-prezident kimi Türkiyəyə səfər edəndə "20 Yanvar qırğınını həyatının ən böyük səhvi” adlandırmışdı. Lakin bu etiraf da onun bəşəri cinayətini yuyub təmizləmir, qanlı lənət damğasını bioqrafiyasından silmir. 
Nazim Mustafanın "20 Yanvar – Qan yaddaşımız” məqaləsini digər məqa­lələrdən fərqləndirən əsas özəlliyi, o dövrün hadisələrinə xronoloji ardıcıllıqla nəzər salır, tarixi proseslərdən düzgün nəticə çıxarmağa nail olur. Xüsusilə də, Ümummilli lider Heydər Əliyevin "20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında 31 mart 1998-ci il tarixli fərmanı, 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilməsi ilə bağlı tədbirləri yüksək qiymətləndirir.
 
20 Yanvar faciəsi haqqında hələ də araşdırılası tədqiqatlar çoxdur. Belə ki,  20 Yanvar faciəsinin ən yaxından iştirakçısı 20 yanvar şəhidlərinin dəfnini təşkil etmiş ictimai dəfn komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlimzadə "İctimai dəfn komissiyası və onun fəaliyyəti” məqaləsində ABŞ, Kanada, İngiltərə, Yaponiya, Türkiyə, Çin, İran, Macarıstan, Misir, İtaliya, Almaniya, Braziliya, Polşa kimi müxtəlif ölkələrdən gələn jurnalistlərin ancaq Şəhidlər Xiyabanını gördükdən sonra obyektiv surətdə tamamilə başqa məntiqi nəticələrə gəldiyini qeyd etmişdir.
 
Bədii publisistik məqalələrdə faciəyə qarşı münasibətdə daha çox fəlsəfi-emo­sional ifadələr, xalqın milli istiqlal uğrunda mütəşəkkilliyi, mübarizəsindən doğan qürur, fəxr hissi, şəhidlik ağrısı, düşmənə nifrət, gələcəyə nikbin baxış hakimdir.
 
Südabə Ağabalayevanın "Yanvar düşüncələri” məqaləsi 20 Yanvar faciəsi öz fəl­səfi mahiyyəti, düşüncələrdəki affekt hissi, zaman, millətin milli özünüdərki, faciənin şərəf ucalığı, təzadlı dilemmalar müəllifin Yanvar ayı haqqında fikirlərində əks olunmuşdur.
 
Bəzi bədii-publisistik məqalələrdə publisist skeptisizmi "20 Yanvar gecəsi olmaya bilər­dimi?” sualı barəsində düşünməyə vadar etmişdir. Daha çox emo­siya ilə hərəkətə keçən xalqın vahid idarəedici qüvvəsinin olmadığını qeyd edən İntiqam Qa­sımzadə "Narahat ruhlar” məqaləsində bu sualı belə cavablandırır: "Əlbəttə, başa düşü­ləndir, it­ki­­ləri­mizə görə keçirdiyimiz sar­sın­tıdan doğurdu bu sual. Lakin gəlin hissə qapıl­ma­yaq, yaxın keçmişə müraciət edək: Macarıstan və Çexoslovakiya hadisələrini xatır­la­yaq. Məgər həmin ölkələrdə də bi­rin­də çox, birində az qan tökül­məmiş­dimi?!” İntiqam Mehdizadə "Ölüm vertolyotu”  müsahibələr toplusunda 20 Yanvarla bağlı xatirələrini bədii publisistik üslubda qələmə almışdır. 20 Yanvar faciəsi zamanı günahsız gənclərin nakam arzuları, tapdalanan milli haqlar, ah-nalə və s. kimi kədər motivləri daha çox üstündür.
 
Bunlardan əlavə mətbuat səhifələrində bədii publisistik məqalələrə –Məmməd Məmmədovun "Mənim şəhid şagirdlərim”, Oqtay Oruclunun "Əbə­diyyət simfoniyası”, Rəhilə Misirxanlının "Tariximizin unudulmayan səhifəsi” rast gəlinir.
 
Ən çox yadda qalan bədii-publisistik məqalə istedadlı jurnalist Flora Xəlilzadənin "Şərafət günü” məqaləsidir. Məqalənin bədiilik gücünü artıran amil Ə.Cə­fərzadə, B.Vahabzadə, F.Qoca, S.Rüstəmxanlının 20 Yanvar faciəsi ilə bağ­lı şeirlərdən müəllifin sitatlar gətirməsidir. Digər tərəfdən, əsərin bədiilik gücü mü­əllifin metaforik ifadələr, maraqlı simvollardan istifadə imkanıdır: "İlk dəfə şəhidlərin şərəfli ölümləri önündə sağ qaldığımıza görə xəcalət çəkdik. Bizim hər birimiz həyatla ölümün qovuşuğunda çırpınan millətimizin birliyinin, eyni dərdin, fəlakətin içində candan, qandan yaratdıqları həmrəyliyin şa­hi­di olduq. O gün millətimizin Azərbaycan adlı müqəddəs bir anası var idi” .
 
Almaz Ülvinin "Milli azadlıq fədailərinin poetik dünyası”  adlı məqaləsində əsas poetik bədii güc 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin şeirləri üzərindədir. Milli istiqlal uğrunda mübarizə aparan gənclik və həmin gəncliyin fonunda qəhrəman Ülvi Bünyadzadənin mübarizəsi göz önündə canlanır. "Moskvaya teleqramlar, məktublar göndərilirdi, kömək istəyirdik. Ermənilərin, daşnakların xəyanətkarlığını isbata çalışırdıq. Moskva isə guya heç nə bilmirdi, görmürdü. Sanki həmin teleqramların cavabı olaraq Azərbaycana rəhbər sifətilə bir təlxək göndərildi”.
 
Zaman ötdükcə 20 Yanvar mövzulu məqalələrdə bəzən təkrar epizodlar, müxtəlif müəlliflərin ancaq başsağlıqları müşahidə olunsa da, faciəni geniş prizmadan dəyərləndirməsi gələcək nəsillər üçün aydın tarixi fakt verir.
 
Aynurə Paşayeva, filologiya üzrə fəlsəfə doktoru