• şənbə, 20 Aprel, 03:57
  • Baku Bakı 15°C

20 qəpiyi tullayıb getmək dövrü bitib - Fotolar - Video

20.09.17 11:00 3316
20 qəpiyi tullayıb getmək dövrü bitib - Fotolar - Video
Bakıda "Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, "10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb. İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparılıb, onun qaşına tikiş qoyulub.
Təəssüf ki, son vaxtlar belə xəbərlərlə o qədər rastlaşırıq ki, daha təəccüblənmirik. Hər dəfə qaydaları pozan sürücü və sərnişinlərin cəzalandırılmasına, kamera görüntülərinin yayılmasına baxmayaraq, bənzər hadisələri demək olar ki, tez-tez eşidirik. Bəs bunun səbəbi nədir və hansı tədbirlər görülməlidir?

"Sürücü haqlıdır!”

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, sözügedən insidentdə günah sərnişində olub: "Döyülən sürücü Qüdrət Kərimov sərnişindən tələbində tamamilə haqlıdır. Nəqliyyat vasitələrindən istifadə edən hər kəsin əməl etməli olduğu qaydalar var. Kart sisteminə keçirilən avtobuslarda sərnişinlər ön qapıdan minməli, arxa qapıdan isə düşməlidirlər. Baş verən hadisədə avtobus sürücüsünün tələbi tamamilə haqlıdır. Sərnişin qaydaları pozur və üstəlik özünü haqlı hesab edir. Görüntülərdə sürücünü təhqir də edir. Həmin sərnişinin oğlu sürücüyə fiziki təzyiq göstərərək, üzünə zərbələr endirib. Bu kimi hallarda hadisəyə aydınlıq gətirilməsi üçün müşahidə kameralarının olması vacibdir. Məhz müşahidə kameraları vasitəsilə hadisənin təfərrüatları operativ şəkildə məlum olur”.

Belə hadisələrin qarşısının alınması ilə bağlı BNA tərəfindən görülən tədbirlərə gəldikdə isə, həmsöhbətimiz deyir ki, sərnişinlərin və sürücülərin maarifləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir: "İctimai nəqliyyat vasitələrində etik davranış qaydaları ilə bağlı xüsusi kitabçalar çap etdirib, paytaxtın bir sıra məktəblərində uşaqlara təmənnasız olaraq paylanılıb. Eyni zamanda, sosial şəbəkələrdə müxtəlif posterlər, maariflənidirici yazılar paylaşılır. Əsas hədəfimiz sərnişinlərin maarifləndirilməsidir. Dayanacaqlarda müxtəlif maarifləndirici lövhələr, sloqanlar, şüarlar yazılır. Eyni zamanda, sürücülərin peşəkarlığının artırılması istiqamətində də agentlik tərəfindən kompleks tədbirlər görülür və buna misal olaraq ən önəmli tədbirimiz Sürücü Təlim Mərkəzinin yaradılmasıdır. Təlim mərkəzi Bakı Nəqliyyat Agentliyinin nəzdində fəaliyyətə başlayıb və bir aya yaxındır ki, ictimai nəqliyyatda çalışan sürücülər həm nəzəri, həm də praktiki təlimlərə cəlb edilir. Bu təlimlər mütəmadi olaraq davam etdiriləcək. İctimai nəqliyyatda çalışan bütün sürücülər həmin təlimlərdə iştirak etmək məcburiyyətindədirlər. Təlimlərin sonunda sürücülər xüsusi təcrübədən keçirilir və sertifikat ala bilməyənlərin ictimai nəqliyyatda fəaliyyətinə imkan verilməyəcək”.

"Sərnişinləri günahlandıra bilmərik”

BNA sözçüsü deyir ki, problemlər təkcə sərnişinlərdə yox, sürücülərdə də olur: "Kart sistemi ilə işləyən avtobuslarda demək olar ki, əsas problem sərnişinlərdə olur. Kart sisteminə keçməyən avtobuslarda isə problemlər məhz sürücülərin kobud rəftarından qaynaqlanır. Biz yalnız sərnişinləri günahlandıra bilmərik. Kart sisteminə keçən avtobuslarda sürücü konkret məvacibə işləyir. Nə avtobusu sürətli sürür, nə də dayanacaqdan kənar saxlayır. Sərnişin-sürücü münasibətləri burada minimuma enir və insident baş vermir”.

İctimai qınağın dəstəyi
M.Ağayevin sözlərinə görə, videogörüntülərin cəmiyyətə təqdim olunması, belə hadisələrin qarşısının alınmasında mühüm rol oynayır: "Sosial şəbəkələrdə məsələnin ictimailəşməsi çox yaxşıdır. İctimai qınağın əhəmiyyətini öz fəaliyyətimizdə hiss edirik. İctimai nəqliyyatda olan problemlərin həlli yalnız dövlət qurumundan asılı olan məsələ deyil. Burada ictimaiyyət də müvafiq dövlət qurumuna dəstək olmalıdır. alo 141.az saytımız istifadəyə verilib. Sərnişinlərimiz orada şikayətlər bölməsində öz şikayətlərini, müraciətlərini və təkliflərini yaza bilərlər və onlara da dərhal reaksiya verilir. Hazırda 141 çağrı mərkəzinin təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçirilir. Bütün bunlar ictimai qınağa verdiyimiz önəmdən irəli gəlir”.

"Əxlaqi dəyərlərə üstünlük vermirik”

Millət vəkili, Çingiz Qənizadə "Kaspi”yə açıqlamasında bildirdi ki, belə vəziyyətlər qanunlardan qorxmamağımızdan irəli gəlir: "Sürücünü təhqir etmək, sürücüyə əl qaldırmaq, xəsarət yetirmək, qanunsuz olaraq "saxla”, "qapını aç” kimi göstərişlər verib və bunun nəticəsi olaraq, rədd cavabı aldıqda qanuna zidd hərəkət etmək təbii kim yolverilməzdir və məsuliyyət yaradan hallardır. Mən də bu xalqın nümayəndəsiyəm. Görünür, bizim bu məsələlərə belə yanaşmağımızın səbəbi əxlaqi dəyərlərə üstünlük verməməyimizdən, qanunlardan qorxmamağımızdan irəli gəlir. Kimliyindən asılı olmayaraq, hamı qanun qarşısında cavabdehdir. Sürücüyə silah çəkən var, sürücünü təhqir edib qapını açdırmaq istəyən, nalayiq ifadələr işlədənlər var. Çox yaxşıdır ki, bunların böyük əksəriyyətinin videogörüntüləri var və dərhal bu adamları tapıb məsuliyyətə cəlb edirlər. Bu adamlara hansı cəzalar verildiyini də cəmiyyətə təqdim etmək lazımdır ki, görk olsun və başqaları da bundan ibrət götürsün. Qanunlara hörmət etmək hər kəsin borcudur”.
"Müvafiq tədbirlər görülüb”

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov bizimlə söhbətində bildirdi ki, sürücünü döyən şəxslə bağlı artıq müvafiq tədbirlər görülüb: "Ümumiyyətlə vətəndaşlarımız hər hansı bir qanuna zidd hərəkətlərlə üzləşdikdə, özlərinə qarşı hansısa qanunsuz hərəkətlər hiss etdikdə dərhal müraciət etməlidirlər. Müraciət edən vətəndaşlarımızın şikayətləri araşdırılır və lazımı tədbirlər görülür. 135 saylı marşrut xəttində sürücü Qüdrət Kərimovu döyən şəxslə bağlı da artıq tədbir görülüb”.
"Sərnişin barmağını hansı istiqamətə uzatsa...”
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, cəmiyyətimizdə sosial dəyərlərə, qayda-qanunlara, ictimai davranış qaydalarına anormal yanaşma var: "İndiyə qədər sürücü ilə sərnişin arasında münasibət belə formalaşmışdı ki, sərnişin barmağını harada uzatsa, sürücü avtobusu saxlamalı və ya harada istəsələr avtobusu saxlatdırıb minməli idilər. Avtobusun bütün qapıları açılırdı hər tərəfdən minirdin, düşəndə 20 qəpiyi tullayıb gedirdin. Hələ sovet dövründən Azərbaycanda qüvvədə olan sərnişindaşıma qaydaları var. O qaydalarda çox dəqiq yazılıb ki, marşrut avtobusu yalnız dayanacaqlarda dayanmalı və yalnız dayanacaqda sərnişinləri mindirib, düşürməlidir. Minmə-düşmə qaydaları indi də belədir. Sərnişin qabaq qapıdan minməli, arxa qapıdan düşməlidir. Sərnişinlər bunu öyrənmək istəmir, sürücü də tələb edəndə deyirlər "xeyr ola, məndən bunu tələb edirsən”. Sərnişin bunu özünə təhqir kimi qəbul edir və zor tətbiq edir. Düşüncələrimizi, əhval-ruhiyyəmizi dəyişməli, aqressivliyi kənara atıb, qaydalar çərçivəsində yaşamalıyıq”.

Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər