• cümə axşamı, 25 aprel, 05:47
  • Baku Bakı 19°C

20 faiz ərazi, milyardlarla gəlir...

10.10.20 11:02 884
20 faiz ərazi, milyardlarla gəlir...
Ekspertlərin fikrincə, torpaqlarımızın işğaldan azad edilməsi qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq
30 ilə yaxındır ki, erməni işğalı altında olan torpaqlarımızın geri qaytarılması üçün cəbhədə qızğın döyüşlər gedir. Üstünlük Azərbaycan ordusundadır, artıq qələbələrimiz də var. Və inanırıq ki, ordumuz torpaqlarımızın hər qarışını alacaq, çünki bu gücə qadirdir.

Bu qələbəyə çox aspektdən yanaşmaq olar, amma iki tərəfdən baxaq. Birincisi, mənəvi yönüdür. Torpaqlarımız işğaldan azad olunacaq, insanlarımız həsrət qaldıqları doğma torpaqlarına qayıdacaq. İkincisi isə maddi tərəfi, yəni iqtisadi cəhətdən ölkə iqtisadiyyatında nə kimi paya sahib olacağıdır. Təbii ki, 20 faiz ərazi ölkə iqtisadiyyatı üçün ciddi rəqəmdir. Biz bu torpaqlarımızla yanaşı, iqtisadi olaraq nələri itirmişik? Bu qələbə ölkə iqtisadiyyatına necə təsir edəcək?
Millət vəkili Tahir Mirkişili torpaqlarımızın 20 faizinin işğaldan azad olunmasının iqtisadiyyatımız üçün əlavə imkanlar yaradacağını deyir: "Ərazilərin işğaldan azad edilməsi bölgədə sülhün bərqərar olunması deməkdir. Bu da Azərbaycana gələcək xarici investisiyanın həcmini artıracaq. Çünki müharibə və işğal faktları hər zaman risk deməkdir. İnvestorları risk olmayan, sakit və əmin-amanlığın hökm sürdüyü ərazilər cəlb edir. Buna görə də, münaqişənin həlli, bütövlükdə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Qarabağ ərazisi sərmayəçilər üçün maraqlı yatırım yeri olacaq”.


R.Həsənov bildirdi ki, işğal altında olan torpaqlarımız kifayət qədər potensiallı ərazilərdir: "Qələbə çalıb torpaqlarımızı geri alandan sonrakı vəziyyət bir neçə amildən asılı olacaq. Həm sosial, həm iqtisadi, həm həmin bölgələrdə yenidən yerləşdirmə, həm də orda iqtisadiyyatın yenidən dirçəldilməsi məsələləri var. Bunlar düzgün şəkildə aparılmalıdır. Ən vacib elementlərdən biri də dayanıqlı sülhün təmin edilməsidir. Əgər Ermənistan iddialarından əl çəksə və dayanıqlı sülh sazişi imzalansa, bu bölgələr həm yerli, həm də xarici investisiyalar üçün çox cəlbedici ərazilər olacaq. Biznes və digər maliyyə qurumlarının yararlanması üçün kifayət qədər potensiallı ərazilərdir və həmin qurumlar hansısa formada bundan yararlanmağa çalışacaqlar”.

İqtisadçının sözlərinə görə, işğaldan azad oluna ərazilərin bərpası həm də ölkədə tikinti sektorunu aparıcı sahələrə çevirəcək: "Təbii ki, ilk olaraq həmin ərazilərdə infrastrukturun bərpası istiqamətində layihələr həyata keçiriləcək və bu da tikinti sektorunun Azərbaycan iqtisadiyyatında yenidən əsas yer tutmasına gətirib çıxaracaq və iqtisadiyyatımızdakı əlavə dəyəri artıracaq”.

R.Həsənov deyir ki, həmin bölgələrdə bərpa işləri ləng getməyəcək, çünki bunun üçün həm yerli, həm də beynəlxalq səviyyədə maliyyə imkanları var: "Dövlət büdcəsinin özünün kifayət qədər imkanları var. Qeyd etdiyim kimi, bu günə qədər hərbi məqsədli xərclərə dövlət büdcəsində xüsusi yer ayrılırdı. O xərclərin bir qisminin Qarabağda iqtisadi infrastrukturun formalaşdırılmasına yönəldilməsi üçün şərait yaranacaq.

Digər tərəfdən, həmin bölgələrin bərpası ilə əlaqədar müxtəlif layihələr çərçivəsində ayrılması nəzərdə tutulan vəsaitlər var. Birləşmiş Millətlər Təşkilatının proqramları var. Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə qurumlarının, məsələn, Asiya İnkişaf Bankı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi qurumların həm qrantlar formasında, həm də icmaların inkişafı məqsədilə müxtəlif proqramları var. Böyük ehtimalla, o proqramların işğaldan azad edilən bölgələrdə geniş şəkildə həyata keçirilməsinə şərait yaradılacaq. Azərbaycan dövləti bu resurslardan da istifadə etməlidir. Bu vəsaitlər orta və uzunmüddətli dövrdə həmin bölgələrə yönəldiləcək”.

Torpaqların azad olunmasının ölkə iqtisadiyyatına ciddi təsiri olacağını deyən R.Həsənov bildirdi ki, bunun üçün liberal iqtisadi siyasət həyata keçirilməlidir: "Liberal iqtisadi siyasət həyata keçirməklə və dayanıqlı sülhə nail olmaqla ölkəyə ciddi şəkildə investisiya axını cəlb edə bilər və həmin ərazilərin təbii, coğrafi potensialından istifadə edərək, qısa müddət ərzində yenidənqurmaya və inkişafa nail oluna bilər. İstənilən halda, işğaldan sonrakı dövr Azərbaycan üçün fərqli səhifə olacaq. Azərbaycan öz mövcud potensialından və resurslarından tam şəkildə istifadə edə və inkişaf dinamikasını daha da sürətləndirə bilər”.

Həmin ərazilərdə böyük turizm potensialı olduğunu deyən ekspert əlavə etdi ki, burda məsələyə kompleks yanaşma olmalıdır: "Həmin bölgələrdə turizm üçün də böyük potensial var. Lakin bunun üçün bəzi çətinliklər də var. Çünki həmin torpaqlar otuz ildir ki, hərbi ərazilərdir və tamamilə təmizlənməsinə ehtiyac var. Onlar sivil insanların istifadəsi üçün yararlı hala salınmalıdır. Məsələn, minalardan təmizlənməlidir və s. O torpaqlarda bir istiqamətdə iş aparmaq yox, kompleks yanaşma ortaya qoyulmalıdır. Tarixi yaddaş qorunub saxlanmalı, amma eyni zamanda turizm aspekti də nəzərə alınmalıdır. Müharibənin qalıqlarını əks etdirən tarixi əhəmiyyətli ərazilər də saxlanılmalıdır.

Turizmə həm də xarici siyasət aspektindən baxılmalıdır. İndiki situasiyada bu xarici siyasət məsələsinin nə olduğunu deyim. Hansı xarici ölkə vətəndaşları indiyə qədər ölkəmizə səfər ediblər, burda insanlarımızla ünsiyyət qurublar, insanlarımızın sadəliyini səmimiliyini görüblərsə, onlar müharibə vəziyyətində xaricdə təbliğatımızı təşkil edən əsas şəxslərdəndir. Ünsiyyətdə olduğum adamlar var, görürəm ki, o adamlardan ölkəmizə dəstək gəlir. Bu özü təcrübədir. Bu təcrübə daha da genişləndirilməlidir.

Onsuz da həmin ərazilərin təbii turizm potensialı var. Amma eyni zamanda onlar həm tarixi, həm hərbi cəhətdən (hərbi turizm kimi) qiymətləndirilməlidir. Hərbi turizm deyilən bir yanaşma var. Bunun özünü kompleks şəkildə işləmək olar. Demirəm ki, qısa müddətdə bunu edək. Hardasa 3-5 ildən sonra dünyanın müxtəlif yerlərindən ora turistlər cəlb etmək və böyük turizm hekayələri formalaşdırmaq olar. Orda hərbi turizmlə bağlı kifayət qədər çox hekayə var. O hekayələr dünən də yazılıb, bu gün də yazılır. Bu hekayələri Azərbaycan həm iqtisadi, həm siyasi, həm də turizm aspektindən istifadə etməlidir”.

Aygün

banner

Oxşar Xəbərlər