"2 yaşlı Azərbaycan qızı Ermənistan vəhşiliyinin hədəfi və qurbanı oldu" – “The Jerusalem Post” qəzeti
İyulun 4-də baş verən
dəhşətli faciədən - Ermənistan silahlı qüvvələrinin 82 və 120 millimetrlik
minomyotlardan və dəzgahlı qumbaraatanlardan Füzuli rayonunun Alxanlı kəndini
atəşə tutması nəticəsində 18 aylıq Zəhra Quliyevanın və onun 50 yaşlı nənəsi
Sahibə Allahverdiyevanın həlak olmasından sonra Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində baş verənlərin bütün məsuliyyəti Serj Sarkisyanın cinayətkar və
kriminal rejimi üzərinə düşür.
Bu barədə İsrailin "Cəmiyyət
üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq
əlaqələr üzrə tanınmış ekspert Arye Qut İsrailin ingilis dilli "The Jerusalem Post" qəzetində "Ermənistan-Azərbaycan
gərginliyi – 2 yaşlı Azərbaycan qızı və onun nənəsi Ermənistan vəhşiliyinin
hədəfi və qurbanı oldular" məqaləsində yazıb.
Ekspertin fikrincə,
Ermənistanın indiki cinayətkar rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsində status-kvonu saxlamaqda sadəcə maraqlıdır. "Ermənistan özünü
dünya ictimaiyyəti qarşısında rüsvay edib. Bu təcavüzkar ölkə günahsız
adamların – qadınların və uşaqların qanını tökməkdə davam edir. Prezident Serj
Sarkisyanın bütün son bəyanatları və real fəaliyyəti, o cümlədən Zəhra və
nənəsinin vəhşicəsinə öldürülməsi bir daha sübut edir ki, Sarkisyan tam
məsuliyyətsiz və bəsirətsiz
siyasətçi olaraq qalır. O, Qarabağ separatizmi dalğasında Ermənistanın siyasi
həyatının ön səhnəsinə təsadüfi düşmüş
terrorçu olaraq qalır. Ermənistanın indiki prezidenti diplomatiyadan uzaq bütün
çıxışlarında öz ölkəsinin təcavüzkar və işğalçı siyasətinə bəraət qazandırmaq
istəyir. Əslində isə o, öz "siyasətilə” bir daha təsdiqləyir ki, həmin çilingər
Sarkisyan olaraq qalır, diplomatiya və beynəlxalq münasibətlər anlayışlarından
tam uzaqdır və bu da onun siyasi mədəniyyətinin aşağı səviyyəsini bir daha
təsdiqləyir”, - deyə ekspert bildirib.
A.Qutun sözlərinə görə, cəbhə
xəttində yaranmış son gərginlik bir daha təsdiqləyir ki, təcavüzkar ölkə olan
Ermənistanı sülh maraqlandırmır: "Antiazərbaycançılıq və antisemitizm, şovinizm
və millətçilik, faşist cinayətkarları və onların əlaltılarının göylərə
qaldırılması dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildiyi halda sülhə can atmaq mümkün deyil. Prezident Sarkisyana və onun korrupsiyaçı, separatçı köhnə-yeni komandasına Azərbaycan
ərazilərinin işğalını davam etdirmək öz hakimiyyətini saxlamaq üçün real
imkandır” – Arye Qut "The Jerusalem Post" qazetində qeyd edir.
İsrail eksperti bildirir ki, 18 aylıq azərbaycanlı qızcığaz Zəhra Quliyeva və
onun nənəsi müasir erməni terrorizmi və faşizminin qurbanı olublar. "Bu,
müasir Ermənistan rəhbərliyində, təəssüf ki, azərbaycanlı uşaq və qadınları
qətlə yetirməkdə ilk təcrübə deyil. Ermənistan prezidenti Azərbaycanın Xocalı
şəhərində törətdiyi soyqırım aktını yaxşı
xatırlayır. Ən dəhşətli və əxlaqa sığışmayan fakt odur ki, Xocalı vəhşiliyinin
ideoloqları, təşkilatçıları və günahkarları – Ermənistanın indiki baş naziri
Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq prezidenti Robert
Koçaryan və başqaları bu gün Ermənistanda yüksək vəzifələr tutmaqda davam
edirlər.
Atanın öz övladının soyumuş
cəsədini qolları arasında apardığı bu dəhşətli insan faciəsini görəndə deməyə
heç bir söz qalmır...”."Mən insan haqları və demokratiyadan danışmağı çox xoşlayan
sivilizasiyalı dünyaya müraciət edirəm. Yenicə
yaşamağa, bu həyatda ilk addımlarını yenicə atmağa başlayan on səkkiz aylıq
azərbaycanlı qızın nə təqsiri vardı?! O, oyuncaqlarla oynamaq, həyatdan zövq
almaq, atasını və anasını qucaqlamaq, xoşbəxt olmaq və valideynlərini
sevindirmək, bağçaya, sonra isə məktəbə getmək istəyirdi... Zəhra daha bunları
edə bilməyəcək. Erməni faşistləri və terrorçuları onun həyatını elə başlanğıcda
qırdılar, yenicə doğan günəşin üstünü qara buludların örtdüyü kimi... Onlar
Zəhranı öldürdülər. Zəhranın yeganə təqsiri azərbaycanlı olması idi...” - Arye
Qut qeyd edib.
Müəllifin sözlərinə görə,
Ermənistanda bütün bu cinayətkar vəhşi hakimiyyətin Xocalı soyqırımında əli var.
Xocalıda uşaqlara, qadınlara və qocalara qarşı bu dəhşətli, qeyri-insani
qəddarlığın heç cür izahı yoxdur.
"Dünya bilməlidir ki, bu
cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib.
Ermənistanın bugünkü rəhbərləri – cinayətkarlar soyqırımı aktının təqsirkarları
kimi beynəlxalq məhkəmə qarşısında dayanmalıdırlar" – Arye Qut bu sözlərlə
bitirir.