• cümə axşamı, 25 aprel, 11:47
  • Baku Bakı 14°C

2 milyardlıq yeni iqtisadi layihə

23.11.17 11:30 4168
2 milyardlıq yeni iqtisadi layihə
Bakı Şəhəri Qaradağ Rayonunun Ələt qəsəbəsində 1000 hektar ərazidə, ümumi dəyəri ilkin olaraq 2 milyard manat olmaqla "Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin yaradılması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Chen Zhiyong saziş imzalayıblar.
Sazişə əsasən, tərəflər Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən, eləcə də mövcud xammal və təbii resurslardan səmərəli istifadə etməklə, qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsini tətbiq etməklə ağır, yüngül sənaye, tikinti, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrinin qurulması, logistika mərkəzlərinin və xidmət sahələrinin yaradılması, "Made in Azerbaijan” brendi ilə rəqabətqabiliyyətli ixracyönümlü məhsulların potensialının artırılması, eyni zamanda, potensial Çin şirkətlərinin Azərbaycan bazarlarına inteqrasiya olunması və gələcəkdə "Sənaye Şəhərciyində” istehsal olunacaq məhsulların xarici ölkələrin bazarlarına ixrac olunması əsas hədəflər olaraq müəyyən olunub. Nəzərdə tutulan layihənin icra müddəti 4 illik dövrü əhatə edir. Birinci il ərzində ərazidə texniki-layihələndirilmə işlərinin aparılması və infrastrukturun salınması, ikinci ildə tikinti işlərinin aparılması və bir neçə sektor üzrə istehsal sahələrinin istifadəyə verilməsi, növbəti illərdə isə layihə üzrə nəzərdə tutulmuş bütün istehsal və xidmət sahələrinin tikintisinin tam başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulub.
İmzalanan sazişin perspektivləri ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirir ki, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarəti limanı salınmaqdadır və Liman Azad İqtisadi Zona statusunda fəaliyyət göstərəcəkdir: "Limanın əsas fəaliyyəti Avropa və Asiya arasında yük daşımalarına xidmət etmək, eyni zamanda yeni istehsal sahələri yaratmaqla həm Azərbaycan, həm də rezidentlər üçün əlavə dəyər yaratmaqdır. Çinin elan etdiyi Bir kəmər-Bir yol "İpək Yolu” layihəsi bütövlükdə Avrasiya regionu üçün böyük dinamik perspektivlər vəd edir. Bu yolun bir qolu da Azərbaycandan keçir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin işə düşməsi ilə ticarətin dinamikliyi daha da artacaqdır. Bu baxımdan ipək yolu infrastrukturu üzərində yeni iqtisad zonaların yaradılması iqtisadi cəhətdən xeyli effektlidir. Təbii ki, bu cür layihələr Azərbaycana texnologiyaların və biliklərin axmasına səbəb olacaqdır. Texnologiya və bilik əldə etmək isə əsasən qeyri-neft sektorunun innovativ inkişafına şərait yaradacaqdır”.
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov deyir ki, bu əməkdaşlıq başqa xarici şirkətlərin Azərbaycanın digər bölgələrinə yatırmalar etməsi üçün bir nümunə olacaqdır: "Hazırkı dönəmdə regional səviyyədə dəyəri 2 milyard manat olan və qeyri neft sektorunun inkişafını hədəfləyən bir layihənin reallaşdırılması yüksək qiymətləndirilməlidir. Belə bir layihə nəinki Qaradağ rayonuna, bütövlükdə Azərbaycan iqtisadiyyatına kifayət qədər töhfələr verə biləcəkdir. Sazişə əsasən qurulacaq sənaye şəhərciyində müasir texnologiyaların köməyi ilə ölkəmizin mövcud xammal və təbii resurslarından səmərəli istifadə etməklə, istehsal olunacaq məhsulların böyük bir hissəsi "Made in Azerbaijan” brendi ilə ixrac olunacaqdır ki, bu da güclü valyuta daxilolmalarının həcmini artıracaqdır. Digər tərəfdən, ilk olaraq qurulacaq belə sənaye şəhərciyi gələcəkdə Çin-Azərbaycan iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə təkan verəcək və bu ölkənin aparıcı şirkətlərinin Azərbaycanda yatırımlar etməsi üçün böyük stimul yaradacaqdır. Dörd il ərzində mərhələlər üzrə qurulacaq bu sənaye şəhərciyində minlərlə insan çalışacaqdır. Belə bir sənaye şəhərciyi eyni zamanda xarici şirkətlərin Azərbaycanın digər bölgələrinə yatırmalar etməsi üçün bir nümunə olacaqdır”.
İqtisadçı Rəşad Həsənov imzalanan sazişin sahibkarlarımızın yeni bazarlara çıxışının təmin olunmasına müsbət təsir edəcəyini deyir: "Beynəlxalq təcrübə də onu göstərir ki, iqtisadi inkişafa nail olmanın yollarından biri də azad iqtisadi zonaların yaradılmasıdır. Bu təcrübədən daha çox BƏƏ istifadə edir. Və hazırda resurs ölkələrinin iqtisadiyyatlarının təhlili zamanı məlum olur ki, BƏƏ bu sahədə digər dövlətlərə nisbətən daha uğurludur. Uzun müddət idi ki, Azərbaycanda da azad iqtisadi zonaların yaradılması üçün xüsusi addımlar atılırdı. Bu iqtisadi sənaye şəhərciyi ölkəyə xarici investisiya axını təmin edəcəkdir. Hesab edirəm ki, bu, qeyri neft sektorunun inkişafı istiqamətində ən böyük layihələrdən biridir. Həmçinin bu layihə sənayenin inkişaf dinamikasını müsbətə doğru dəyişəcəkdir. Bundan başqa, burda fəaliyyət göstərəcək çinli sahibkarlarının əlaqələri növbəti mərhələdə Azərbaycan sahibkarları üçün yeni bazarlara çıxışın təmin olunmasına müsbət təsir edəcəkdir. Bu da ölkənin qeyri neft ixracını gücləndirəcəkdir. Həmçinin məşğulluğun artmasına da təkan verəcəkdir. Azərbaycanın mövcud tranzit potensialından səmərəli istifadəni təmin edəcəkdir. Regionlarda istehsal olunan məhsulun dünya bazarına çıxarılması nəqliyyat sisteminin də inkişafına gətirib çıxaracaqdır. Bu cür inkişaf növbəti mərhələlərdə kənd təsərrüfatında yeni texnologiyanın tətbiqini və intensiv inkişafının təmin olunmasını şərtləndirə bilər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər