• çərşənbə, 24 Aprel, 07:36
  • Baku Bakı 13°C

1832 nəfərin Azərbaycandan çıxmasına qadağa qoyulub

29.08.13 16:46 1636
1832 nəfərin Azərbaycandan çıxmasına qadağa qoyulub
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Lent.az-ın məlumatına görə, kollegiyada ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, habelə Azərbaycan ədliyyəsinin inkişafına dair dövlət proqramının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, bu ilin ilk yarısında icra işlərinin sayı 26,5% artaraq 142.200-ə çatıb, onlardan 96.500-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 56 milyon manatdan çox vəsaitin ödətdirilməsinə nail olunub.
Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.300 şəxs inzibati məsuliyyətə cəlb olunub. Məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslərlə bağlı 136 cinayət işi başlanıb, 1.832 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Eyni zamanda, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilib, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılıb, nazirliyin internet saytında qadağa qoyulmuş şəxslərin müəyyən edilməsinə dair elektron xidmət işlənilərək istifadəyə verilib.
Bu ilin 6 ayında inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılmış, 1155 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, pozuntulara yol verən bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb olunub, cinayət xarakterli 16 fakt üzrə materiallar prokurorluğa göndərilib. Məhkəmə ekspertizası sahəsində nazirliyə 36 ekspert ixtisası üzrə 11 mindən çox iş daxil olub ekspertlər 113 minədək suala cavab verməklə qaldırılmış məsələlərin 99,5%-ni həll ediblər. Eyni zamanda, ekspertiza növlərindən 4-nün beynəlxalq standartlara cavab verməsi ilə bağlı müvafiq sertifikat verilib.
İclasda Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının bu ilin sonunda başa çatması nəzərə alınaraq, ədliyyə fəaliyyətinin gələcək inkişafı üzrə yeni strateji istiqamətlərin müəyyən olunması ilə bağlı tapşırıqlar verilib. Həmçinin ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ aktların layihələri müzakirə olunaraq qəbul olunub, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
banner

Oxşar Xəbərlər