15 milyard dollarlıq hədəf
Türkiyənin
Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral bu günlərdə "Trend”
İnformasiya Agentliyinə müsahibəsində ölkələrimiz arasındakı dərin qardaşlıq
əlaqələrindən bəhs edib. Bildirib ki, bu əlaqələr Azərbaycanın müstəqillik əldə
etməsindən ötən 25 ildə hər keçən gün daha da möhkəmləndirilib. Onun sözlərinə
görə, bu sahədə diplomatların üzərinə düşən vəzifə mövcud olan sıx əlaqələri,
ən yüksək rəsmi səviyyələrdə qurulmuş münasibətləri hər zaman inkişaf
etdirməkdir. E.Özoral bildirib ki, Türkiyə ilə Azərbaycan 25 il ərzində
Bakı-Tbilisi-Ərzurum qaz boru, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri kimi çox
böyük layihələri birlikdə həyata keçirib. Diplomatın fikrincə, bundan sonra
hədəfdə Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrin reallaşdırılması dayanır. "Bu
işləri ən qısa vaxtda tamamlamaq, bu layihələri istismara vermək qarşıda duran
ən böyük tapşırıqlardan biridir”, deyən səfir onu da əlavə edib ki, ikitərəfli
ticarət dövriyyəsini artırmaq, bu həcmi 2023-cü ildə 15 milyard dollar
səviyyəsinə çatdırmaq qarşıdakı ən böyük hədəflərdəndir.
Türkiyənin
Azərbaycandakı səfiri E.Özoralın dilə gətirdiyi bu hədəflərə çatmağın nə
dərəcədə real olması, həmçinin bu hədəflərə çatmaq üçün hansı tədbirlərin
həyata keçirilməsinin zəruriliyini öyrənmək üçün Milli Məclisin deputatlarına müraciət
etdik. Parlamentin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ
Rayon Təşkilatının sədri Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi”yə
açıqlamasında bildirib ki, hal-hazırda Azərbaycanın ticarət dövriyyəsində
Rusiya və Türkiyə ən önəmli yerləri tuturlar. Deputatın sözlərinə görə,
Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Rusiya birinci, Türkiyə isə
ikinci yerdədir. Millət vəkili deyib ki, gələcəkdə Azərbaycan və Türkiyə
arasındakı əlaqələrin inkişafı, hərtərəfli əməkdaşlığın genişləndirilməsi
nöqteyi-nəzərindən qardaş ölkə Azərbaycanın ticarət dövriyyəsində daha önəmli
yer tutacaq: "Bu baxımdan, səfirin qeyd etdiyi kimi, Azərbaycanla Türkiyə
arasında ticarət dövriyyəsinin 2023-cü ildə 15 milyard dollara çatdırılması realdır.
TANAP və TAP layihələrində hər iki ölkənin yaxından iştirakı, Türkiyənin bu
layihədə yalnız tranzit ölkə kimi deyil, bu layihə ətrafında formalaşdırılan
digər infrastrukturlarda da rol alması ticari, iqtisadi, siyasi əlaqələrimizi
daha da inkişaf etdirəcək. Bundan başqa, Azərbaycan iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində başlıca vəzifə kimi sənayeni, o cümlədən yüngül
sənayeni daha da inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Türkiyənin də yüngül
sənayenin inkişaf etdirilməsi sahəsində böyük təcrübəsi var. Bu təcrübənin
öyrənilməsi və tətbiqi, o cümlədən Azərbaycanda pambıqçılığın, ipəkçiliyin,
mahudçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir. Bu sahədə
biz Türkiyəni özümüz üçün böyük bazar hesab edirik. Eləcə də turizm sahəsində.
Hər kəsə məlumdur ki, Türkiyənin dövlət büdcəsində turizmdən gələn gəlir böyük
rol oynayır. Bu sahədə də Türkiyə ilə əməkdaşlığımızın inkişaf etdirilməsi
nəzərdə tutulur. Ümumilikdə bütün sahələrin inkişaf etdirilməsini,
əlaqələrimizin daha da möhkəmləndirilməsini əsas götürsək, gələcəkdə
ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dolları əhatə edəcəyini,
hətta bu məbləği də keçəcəyini söyləmək olar”.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc
Quliyev də qəzetimizə açıqlamasında qeyd edib ki, Türkiyə
ilə Azərbaycan arasındakı hərtərəfli münasibətlər 2023-cü ildə ticarət
dövriyyəmizin 15 milyard dollar həcminə çatmasına imkan verir. Millət vəkilinin
sözlərinə görə, Azərbaycanın Türkiyədən idxal etdiyi, eləcə də ölkəmizin onlara
ixrac elədiyi məhsulların həcmi artdıqca, yaxın gələcəkdə belə bir nəticə əldə
etmək olar: "Hər iki ölkənin çox ciddi qaynaqları var, hər iki ölkə istehlakçı
kimi bir-birinin mallarına tələbat duyur. Türkiyə nəhəng dövlətdir, Azərbaycan
da ciddi bazardır. Düzdür, bizdə müsbət saldo əsasən karbohidrogen ehtiyatları
hesabına olur. Amma, mən düşünürəm ki, ölkələrimiz arasındakı ticarət
dövriyyəsində daha çox qeyri-neft sektoru məhsullarını ixrac etməyə
çalışmalıyıq. Çünki, Türkiyənin sadəcə qaza, neftə deyil, digər məhsullara da
ehtiyacı var. Azərbaycanda da bu məhsulları hazırlamaq, ixrac etmək potensialı
var. Ümumiyyətlə, istər Türkiyə, istərsə də digər türk dövlətləri ilə
Azərbaycan el dilində desək, bir köynək yaxındır. Bu mənada, gömrükdə
tariflərin tətbiqi ilə əlaqədar müəyyən addımlar atmaq olar. Bu da ölkələrimiz
arasında ticarət dövriyyəsinin artmasına təsir göstərə bilər. Yəni, həm
gömrükdə sadələşdirmə aparmaqla, həm də müştərək müəssisələri yaratmaqla və
sair bu kimi addımlarla ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini
artırmaq olar. Dünyada qlobal böhranın olduğunu nəzərə alsaq, Türkiyə və
Azərbaycan arasında ticarət dövriyyəsinin həcmini artırmaq, iqtisadi, siyasi,
humanitar sahələrdə əlaqələrimizi daha da genişləndirmək vacib şərtlərdən
biridir. Belə olarsa, indiki böhran fonunda Türkiyənin valyutası da
möhkəmlənər, hər iki ölkə kənara valyuta ehtiyatı çıxarmadan, bir-biri ilə
mübadilə etməklə öz iqtisadiyyatlarını bir qədər də möhkəmləndirər, inkişaf
etdirər. Misal üçün, Türkiyədə olan və Azərbaycanın tələbat duyduğu məhsulu biz
nə üçün kənar ölkədən almalıyıq? Eləcə də Azərbaycanda olan və Türkiyənin
tələbat duyduğu məhsul nəyə görə kənardan bu ölkəyə gətirilməlidir ki?
Qarşılıqlı olaraq bu cür amillər nəzərə alınmalı, buna uyğun addımlar
atılmalıdır. Fikrimcə, iqtisadiyyatda da siyasi ritorika üstünlük təşkil
etməlidir. Əgər biz ölkələrimiz arasındakı münasibətləri hərtərəfli qaydada
inkişaf etdirmişiksə, bu məsələ də nəzərə alınmalıdır”.
Rufik İSMAYILOV