• cümə, 29 Mart, 04:00
  • Baku Bakı 7°C

“15 iyul milli birlik və demokratiya günüdür” - Fotolar

16.07.17 09:09 1046
“15 iyul milli birlik və demokratiya günüdür” - Fotolar
Türkiyə Böyük Millət Məclisinin mərasim meydanında 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı aksiya başlayıb. Aksiyada 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı şəhid olan 250 nəfərin adı oxunub. Eyni zamanda, hərbi vətənpərvərlik mahnıları, xüsusən də 15 iyul şəhidlərinin qəhrəmanlığına həsr olunmuş mahnılar səsləndirilib. Aksiyada Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxsalı, baş nazir Binəli Yıldırım, parlament sədri İsmayıl Qəhrəman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Çıxışlardan öncə Qurani-Kərimdən şəhidlərin ruhuna dualar oxunub.
İzdiham qarşısında çıxış edən dövlət rəsmiləri 15 iyul hadisələrindən, həmin gecə öz ölkəsinə xəyanət edənlərin əməllərindən, Vətəninin, demokratiyanın müdafiəsinə qalxan sadə xalqın qəhrəmanlıq tarixi yazmasından söhbət açıblar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdini Türkiyənin yaxın tarixində ən böyük xəyanət kimi dəyərləndirib. O, bu xəyanətin dəf edilməsində iştirak edən hər bir şəxsə, xalqına təşəkkür edib. Qeyd edib ki, keçən il iyulun 15-də Türkiyə xalqı dünyaya necə bir millət olduğunu bir daha nümayiş etdirib: "Bu xalq 1 əsr əvvəl hər kəsi təəccübləndirən bir zəfərə imza atmışdı. 15 iyulda da bu xalq böyük bir zəfər qazandı. Millətimin əlində silahmı vardı? Millətim o xainlərə qarşı əlindəki bayrağı və ürəyindəki imanı ilə mübarizə apardı. Dünyada tankı yumruqla dayandıran, hərbi təyyarəni, vertolyotu dayandırmağa çalışan bir millət də yoxdur. Belə bir millətin, ölkənin övladı olduğum üçün fəxr edirəm. 15 iyul hərbi çevrilişdən də öncə xəyanət adlandırmağımızın bir səbəbi var. Bu gün qarşısında durduğumuz Türkiyə Böyük Millət Məclisi qazi bir parlamentdir. Ancaq istiqlal savaşı zamanı da bu müqəddəs parlamentə əl uzatmağı düşünməyib. Ancaq 15 iyulda Türkiyə Millət Məclisi bombalandı".
Ölüm hökmü barədə parlamentdə qərar qəbul edilərsə, bu qərarı təsdiqləyəcəyini bir daha bəyan edən R.T. Ərdoğan Fətullahçı Terror Təşkilatı və onun lideri Fətullah Gülənin əməllərinin ifşa olunduğunu vurğulayıb. 15 iyulda hərbi çevriliş cəhdi zamanı Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun bir bələdiyyə sədrinin evində olduğunu qeyd edən Türkiyə prezidenti onun 15 iyul hərbi çevriliş cəhdinin nəzarətdə olan hərbi çevriliş cəhdi kimi qiymətləndirilməsini yolverilməz sayıb: "250 vətəndaşımız şəhid olub, 2193 vətəndaşımız yaralanıb. Belə olan halda bu hərbi çevriliş cəhdinin belə qiymətləndirilməsi qəbul edilə bilərmi?! Millətimiz meydanlarda xainlərə qarşı mübarizə apararkən millət vəkilləri də parlamentdə toplaşaraq mövqelərini ortaya qoydular. Millət vəkilləri parlamentimizə sahib çıxdılar və bunu dünyaya nümayiş etdirdilər. Həmin gün parlamentə gələn 106 millət vəkilinin hər birini ayrılıqda təbrik edirəm. Xainlər parlamenti bombalamaqla nə qədər alçaldılarsa, millət vəkilləri o qədər ucaldılar. Belə millətə belə parlament yaraşır. İnsan olan Vətənini satarmı?! O xainlər bu Vətənə, millətə necə qıydılar?! FETÖ bu milləti parçalamaq üçün çalmadığı qapı qalmadı, indi FETÖ Pensilvaniyadan prosesləri idarə etməyə çalışır. 15 iyulda bu Vətənə xəyanət edənlər indi məhkəmələrdə bunun cavabını verirlər”.
Türkiyə prezidenti deyib ki, ölkənin inkişafı ilə bağlı qarşıya qoyulan 2023-cü il hədəflərinə nail olunacaq: "15 iyul milli birlik və demokratiya günüdür. Bu ruh, cəsarət olduğu halda heç kim bu dövləti yıxa, milləti əsir edə bilməz. 15 iyul bizə dostumuzu, düşmənimizi də göstərdi. Dərhal dəstəyini bildirən dostlarımız, günlər sonra üzlərindən riyakarlıq tökülənlər də mövqeyini bildirdilər. Millətimizi yıxa, ölkəmizə diz çökdürə, yolumuzdan geri döndərə bilməyəcəklər. Biz dostumuzu da, düşmənimizi də tanıyırıq. Biz bir olacaq, qardaş olacaq, güclü olacaq və birlikdə Türkiyə olacağıq".
Rufik İSMAYILOV
Türkiyə, Ankara

banner

Oxşar Xəbərlər