13 yaşlı aktyor, rəqqas və... - Portret

13 yaşlı aktyor, rəqqas və... - Portret

Gənclik qəzeti
20 Sentyabr 2019, 14:00 821
Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək mümkün deyil. Neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir tərəfindən milyonlarla insanı ətrafına toplamaqdadır. Bu dəyərlər respublikamızda da yüksək səviyyədə qorunaraq, təbliğ edilir. Respublikamızın nümayəndələri cəmi altı Yay Paralimpiya oyunlarında iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza atıblar. Eyni zamanda, idmançılarımız ayrı-ayrı növlərdə Avropa, dünya rekordlarına, hər iki miqyas üzrə unikal hesab edilən nəticələrə sahibdirlər. 1996-cı ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə cəmi iki idman növü (pauerliftinq və güllə atıcılığı) üzrə fəaliyyətə başlayan Azərbaycan Milli Paralimpiya Komitəsi hazırda 16 növ üzrə idmançı hazırlayır. Komitənin sıralarında 1000-dən çox fiziki məhdudiyyətli idmançı var ki, onların 240-dan çoxu beynəlxalq yarış təcrübəsinə malikdir. Qabaqcıl milli paralimpiya qurumlarından sayılan AMPK-nin son illər gördüyü işlər arasında dünyada ilk olan Uşaq Paralimpiya Komitəsinin yaradılması xüsusi diqqət çəkir. Əlilliyi olan uşaqların idman vasitəsilə cəmiyyətə inteqrasiyası və beləliklə, ehtiyat qüvvənin hazırlanması məqsədi güdən UPK-nin təşkilatçılığı ilə 2015-ci ildən etibarən mütəmadi olaraq Uşaq Paralimpiya Oyunları keçirilir. Bu günə qədər dörd belə yarış baş tutub ki, onlardan sonuncusunda yerli uşaqlarla yanaşı, qonşu Gürcüstan təmsilçiləri də mübarizə aparıb. Beləliklə, "Portret" rubrikasının budəfəki buraxılışında uşaq paralimpiyasının məşhur siması Rəsuldan bəhs edəcəyik. Əfsanəvi paralimpiyaçımızla eyni soyadı daşıyan kiçik qəhrəmanımız, bu vaxtadək üç dəfə Uşaq Paralimpiya Oyunlarının qalibi olub.
 
"Deyirdilər ki, sizin kimi valideyn yoxdur"
 
Rəsul Zəkiyev 2006-cı ildə Bakıda anadan olub. Doğuşdan gəzmə məhdudiyyətlidir. Belə ki, ayaqları inkişafını tamamlamayıb. Bununla belə, sağlam yaşıdlarının çoxundan aktiv həyat tərzi keçirib. Lap kiçik yaşlarından şahmat və rəqslə məşğul olan Rəsul, əlil arabasında rəqs üzrə iki, pauerliftinq üzrə bir dəfə Uşaq Paralimpiya Oyunlarının qalibidir. O, eyni zamanda "Əsa" inklüziv teatrının aktyorudur. 

Sözsüz ki, onun erkən yaşlarından cəmiyyətə adaptasiya olması valideynlərinin mükəmməl dəstəyi sayəsində baş verib. Əlilliyi olan uşaqlarını evə qapadan əksər insanlardan fərqli olaraq, Rəsulun ata-anası övladlarına görə zərrə qədər utanıb çəkinməyiblər. Əksinə, bir yaş kiçik qardaşı Rəhimdən daha çox onun aktiv həyat tərzi keçirməsinə çalışıblar. Mehriban Zəkiyeva deyir ki, bir müddət oğlunu məktəbə kürəyində aparıb-gətirib: "İlk sinfini Rəsul ev rejimində oxumalı oldu. Gördüm ki, Rəhimin dərsə gedib-gəldiyini görüb, pis olur. Bir ara hətta dərman da içirdi. Dedim, nəyin bahasına olur-olsun, onu məktəbə qoymalıyam. İkinci sinifdən məktəbə getdi. Əvvəl otaqları ikinci mərtəbədə idi, ora qucağımda çıxarıb-endirirdim. Çox adam mənə qəribə nəzərlərlə baxırdı, bəzən yaxınlaşıb deyirdilər ki, halal olsun, sizin kimi valideyn yoxdur. Düzü, bu, məni həmişə narahat edib. Məsuliyyətini dərk edən hər bir valideyn övladının hansı durumda olmasından asılı olmayaraq, ona dəstək olmalı, onun üçün ən yaxşısını etməyə çalışmalıdır. Mən tez-tez Nik Vuyçiçin videolarına baxır, onun həyat hekayəsini təqib edirəm. Beləcə, daha dərindən anlayıram ki, əlillik arzulara doğru gedən yolda keçilməz  sədd deyil".
 

 
Boyuna biçilən ağırlıqqaldırma

Valideynləri Rəsulun fərdi inkişafı üçün əlindən gələni əsirgəməsələr də, uzun müddət paralimpiya hərəkatı haqqında məlumatlı olmayıblar. Belə ki, ailənin paralimpiya ilə tanışlığı dörd il əvvələ təsadüf edib. İlk ilindəcə uşaq paralimpiya oyunlarının əlil arabasında rəqs yarışının qalibi olan balaca qəhrəmanımız, növbəti il də birinciliyi heç kimə güzəştə getməyib. 2016-cı ildə baş tutan ikinci oyunlarda Rəsul yaşına xas olmayan fiziki göstəriciləri ilə pauerliftinq üzrə yeniyetmələrdən ibarət paralimpiya komandamızın baş məşqçisi Taleh Məhərrəmovun diqqətini çəkir. Rəsul tezliklə onunla hazırlıqlara başlayır, ilk ilindəcə ikinci nəticə göstərir, növbəti il isə yarışın qalibi olur. Məhərrəmov deyir ki, bu növ tam olaraq onun boyuna biçilib: "Görən kimi dedim ki, bu uşaq gələcəyin paralimpiya çempionudur. İlk cəhddən 20 kiloluq ştanqı qaldıranda isə buna lap əmin oldum. Fiziologiyası ağırlıqqaldırmanın tələblərinə uyğundur. Düzdür, indidən konkret danışmaq olmur, amma qalıb davam eləsə, çox uğurlu idmançılardan biri olacaq. Hazırda 65 kilo qaldırır, 16-17 yaşlı uşaqlar bu çəkini güclə qaldırırlar. Bir çoxu heç bacarmır".
 
Gələcəyin Oluxanı
 
Rəsulu paralimpiya cameəsində Oluxan Musayevə bənzədir, onu gələcəyin Oluxanı adlandırırlar. Bəli, o, ilk baxışdan tamamilə "Pekin-2008" Yay Paralimpiya Oyunlarının çempionunu xatırladır. Fitrətdən gələn güc və bacarıqları, idmana qarşı böyük, get-gedə daha da alovlanan sevgisi "ikinci Oluxan yetişir" deməyə sövq edir. Bu arada, anası, Rəsulu gələcəkdə hər hansı atma növündə də görə biləcəyimizi istisna etmir: "Fikirlər var ki, ağırlıqqaldırmanın ona zərəri toxuna bilər. Görsək ki, həqiqətən belədir, Oluxanın növünə (red: nüvə itələmə və lövhə atmanı nəzərdə tutur) yönləndirəcəyik. Paralimpiyaçılardan kim onu görür, deyir ki, sanki Oluxandır". Yeri gəlmişkən, Oluxan Musayev ilk olaraq məhz para-pauerliftinqlə məşğul olub. Bununla belə, Taleh Məhərrəmov və onunla yanaşı, Rəsulun üzərində zəhməti olan böyüklərdən ibarət komandamızın baş məşqçisi İlqar İbişovla söhbətimizdən bu nəticəyə gəldik ki, onlar balaca qəhrəmanımızı heç yana buraxmaq istəmirlər. Hər iki çalışdırıcı artıq bu növə öyrəşdiyini, səhhəti ilə bağlı hər hansı təhlükənin olmadığını qeyd elədi. 

T. Məhərrəmov: "Belə baxanda, bütün idman növlərində risklər istisna deyil. Lakin Rəsul üçün hər hansı ciddi təhlükə görmürəm. Maksimum diqqət edirik ki, məşqlər onun səhhətinə təsir etməsin. Bu günədək də heç bir şikayəti olmayıb".
 

 
16 ölkənin təmsilçiləri arasında beşinci
 
İki ildən çoxdur ağırlıqqaldırma ilə məşğul olan, bu ildən isə özünü həm də aktyor kimi sınayan Rəsul, rəqslə də vidalaşmayıb. Bu günlərdə o, əlil arabasında rəqs üzrə Sankt- Peterburqda keçirilən Dünya Kubokunda fərqlənib. Tərəf müqabili Diana Batakova ilə "Сombi Freestyle Class 2” növündə yarışan balaca qəhrəmanımız, 16 ölkənin təmsilçiləri arasında final mərhələsinə yüksəlib, burada beşinci nəticə göstərib.

Cəmi 13 yaşı olsa da, xeyli futbol azarkeşliyi təcrübəsi var. Sevimli klubu da "Barselona"dır. Lionel Messini özünə kumir seçən Rəsul, yerli klublardan "Qarabağ"a pərəstiş edir. Anasının dediyinə görə, Ağdam komandasının bəzi oyunlarını birbaşa stadiondan da izləyib. "Ən böyük arzularımdan biri ölkəmizin bayrağını qaldırmaq və Messini görməkdir" - deyir, Rəsul.
 
Portret

Gülərüz, sevimli, istedadlı Rəsulumuzun potensialına inam hədsizdir. Qarşıda onu uzun, şərəfli səhifələrlə bol həyat yolu gözləyir. Kim bilir, bəlkə də, neçə-neçə rekordlar qıracaq. Axı, o, "Portret" rubrikamızın ən gənc qəhrəmanıdır.
 
Sahib