• cümə, 29 Mart, 03:56
  • Baku Bakı 7°C

11 yaşından işləyən traktorçu – Sadə peşə adamı

10.04.15 08:28 2000
11 yaşından işləyən traktorçu – Sadə peşə adamı
“Ali təhsil alanlardan yaxşı qazanıram”
Şəhər yerlərində bu peşənin adamlarına rast gəlməsək də, onlar kənd həyatının ayrılmaz parçasıdır. Belə ki, kənd təsərrüfatında əkin-biçin işləri məhz bu peşə adamlarının köməkliyi ilə həyata keçirilir. Onlar bəzən kənd camaatının taksi sürücüsü, bəzən ən yaxın dostu, bəzən də kənd təsərrüfatında onların ağır işlərini yüngülləşdirən peşə adamlarıdır. Bu sənət adamlarının çörək ağacları traktorlarıdır. Biz də bu həftə “Sadə peşə adamı” rubrikasını traktor sürücüsü Coşqun Rzayevə həsr etdik.
Ali təhsil qismət olmadı...
Müsahibimiz 1980-ci ildə Qərbi Azərbaycanda anadan olub. Məlum hadisələrə görə normal məktəb belə oxuya bilməyib. Coşqun deyir ki, ailəsi onun ali təhsil almasını istəsə də, onların bu arzusunu reallaşdırmaq həmsöhbətimizə qismət olmayıb: “Ermənistandan gəldikdən sonra 1-ci sinifdə oxuyarkən məktəbi tərk etməli oldum və ailəmlə birlikdə Kəlbəcər rayonuna yerləşdik. Lakin Kəlbəcər işğal olunanda oradan da köçmək məcburiyyətində qaldıq. Son olaraq Goranboy rayonunun Qaradağlı kəndində məskunlaşdıq. Mən birinci sinifdə 4 məktəb dəyişdiyim üçün artıq oxumağa da həvəsim qalmamışdı. Müharibənin ağırlığı, fəsadları məni təhsildən yayındırdı və bir müddət məktəbdən uzaqlaşmalı oldum. Buna görə də ailəmin bu arzusunu reallaşdıra bilmədim”.
Müsahibimiz traktor sürməyi atasından öyrənib. O deyir ki, hələ Ermənistanda yaşayarkən atası traktor sürücüsü işləyib və dolanışıqlarını traktorla təmin edib. Coşqun da uşaq yaşlarından atasının yanında olub, işlərinə kömək edib. Müsahibimiz sənətin sirlərinə o qədər dərindən bələd olub ki, artıq 11 yaşından bu ağır texnikanı idarə etməyə başlayıb: “Goranboyda pambıqçılıq inkişaf etmişdi. Müharibə dövründə kənd camaatı pambıq çırpılarını yığıb od qalayır, çörək bişirirdilər. Mən o vaxt üçüncü sinifdə oxuyurdum və kənd camaatına çırpı daşıyırdım. Düzdür, o yaşda atam traktoru sürməyə icazə vermirdi. Lakin o, iş üçün gedəndə onun xəbəri olmadan traktoru idarə edirdim. Çünki o vaxt texnika çox az idi və camaat çətinlik çəkməsin deyə onlara kömək edirdim. Dördüncü sinifdə oxuyarkən artıq atam texnikanı sərbəst idarə etdiyimi gördü və traktoru mənə həvalə etdi”.
“Camaat mənə gülürdü”
Coşqun deyir ki, o vaxtlar traktoru idarə edərkən kənd camaatı ona gülürmüş: “Texnikaya minəndə hamı mənə gülürdü. Çünki çox balaca, arıq, cılız idim. Traktorun içində görünmürdüm. Kənd camaatı məndən atama şikayət edirdi. Hətta kəndin briqadiri texnikadan istifadə etdiyimə görə məni döymüşdü. Döyüldüyüm üçün də briqadirə gətirdiyim çırpını dərəyə tökmüşdüm. Axşam atama şikayət edəndə demişdim ki, o məni döydüyünə görə çırpını kanala atdım. Əslində hamı qorxurdu ki, uşağam, nə isə qəza törədə bilərəm. Amma həqiqətən traktoru çox rahat idarə edirdim. Müəyyən yaşa dolduqdan sonra ali təhsilim olmadığına görə bu sənətə bağlandım və axıra qədər işimi burada böyütdüm. Artıq traktordan həvəskar kimi yox, çörək qazanmaq məqsədilə istifadə etməyə başladım”.
“Çörəyim torpaqdan çıxır”
Müsahibimiz traktordan, iş xüsusiyyətlərindən o qədər həvəslə danışır ki, sənətinə olan sevgisi hər cümləsindən bəllidir. Özü də etiraf edir ki, traktoruna çox bağlıdır və özünü bu sənətdən başqa heç bir sahədə görmür. Hətta “Traktorçu olmasaydınız, hansı sənətə sahib olardınız?” sualına da “Elə traktorçu” - deyə cavab verir: “Axı bu sənəti necə sevməyə bilərəm? Bütün vaxtım traktorda keçir. Alın təri ilə qazandığım çörəyim torpaqdan, əkin sahələrindən çıxır. Daşdan pul çıxarmaq yəqin elə bu sənət üçün deyilib. Sənətimi həqiqətən çox sevirəm. Gözümü açandan özümü bu sənətdə görmüşəm. Bu traktor vasitəsi ilə üç maşın aldım, özümə ayrıca ev tikdim. Ailəmi gücüm çatan qədər normal saxlayıram. Bu gün ali təhsillilərin əksəriyyəti iş tapmır. Amma mən ali təhsil almasam da, alnımın təri ilə çörək qazanıram. Əsas odur ki, sevdiyim işi görürəm. Bütün dolanışığım bu texnikadan asılıdır. Biz əkinçiliklə məşğul olmuruq. Evin bütün təminatını traktorumla təmin edirəm. Kənddə ali təhsil alanların gəlirlərinə baxdıqda, görürəm ki, həqiqətən mən onlardan çox qazanıram. Allahın mənə verdiyi nemətə min dəfə şükr edirəm”.
Çox adam nisyə yazdırır, bu da...
Müsahibimiz sənətinin müsbət və mənfi tərəflərindən də danışdı. O deyir ki, kənddə çalışmağın mənfi tərəfi camaatın adlarını “nisyə dəftəri”nə yazdırmasıdır: “Mən hansısa işə başlayanda canla-başla gedirəm, istəmirəm camaat arxamdan nə isə desin. Gördüyüm işin haqqını verirəm. Amma kənddə işləməyin mənfi tərəfi odur ki, çox adam işi nisyə gördürür. Bu da sərf etmir. Həqiqətən yoruluram. Nisyə çox olanda bəzən həvəsdən düşürəm. Bundan əlavə, texnikaya etibar yoxdur. Hər an hansısa yeri qırıla və işləməyə bilər. Yay, qış bilmədən biz texnika ilə işləyirik. Müsbət tərəfi isə odur ki, texnikadan düşmədən işini görürsən. Traktorun içində evin kimi özünə şərait yaratdıqdan sonra heç bir problemin olmur”.
Coşqun özü ali təhsil almasa da, övladlarının təhsil almasını istəyir: “Oğlum da eynilə mənim yolumu davam etdirir. Mən uşaqlıqda traktora necə maraq göstərirdimsə, indi o da elədir. Amma mən istəyirəm ki, övladlarım ali təhsil alsın. Düzdür, sənət bilmələri yaxşıdır və mən bu sənəti onlara öyrədəcəm. Amma diplomları olduqdan sonra sənətdən özləri necə istəsələr, elə də istifadə edərlər”.
Bu sənətlə qazandığı gəlirlərə gəldikdə isə Coşqun deyir ki, gəlirləri çox yaxşıdır: “Bəzən olur ki, günə 50-60 manat, bəzən 100 manat qazanıram. Amma evə pulsuz qayıtdığım günlər də az deyil. Nisyə olmasa, vəziyyət çox yaxşı olar. Dua edirəm ki, Allah camaata pul yetirsin, camaat da mənə pul versin. Gəlirlərimdən və sənətimdən narazı deyiləm”.
“Mən qazı vurmamışam ey, qaz məni vurub”
Gənc traktorçu başına gələn maraqlı hadisələrdən də danışdı. O deyir ki, iş başında qorxulu hadisələrdən daha çox gülməli məqamlarla tez-tez rastlaşır: “Bir dəfə traktorla kəndin içində yavaş-yavaş gedirdim. Gördüm ki, qonşunun qazları uça-uça texnikanın üstünə gəlir. Hətta bir neçəsi uçub traktorumun içinə girdilər. Qaz məni vurmağa başladı. Əsəbiləşib traktorla qazı vurdum. Qonşu qazını niyə vurduğumu deyib şikayətlənməyə başladı. Dedim ki, ay xala, mən qazı vurmamışam ey, qaz məni vurub.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər