• şənbə, 20 Aprel, 12:07
  • Baku Bakı 23°C

+ «MimOda 18+»

31.07.15 11:09 2823
+ «MimOda 18+»
Yazıya başlamazdan öncə bir şeyi qeyd etmək istərdim. Hələ bakalavrda oxuyarkən ustadim mənə deyərdi ki, əgər sənətini sevirsənsə və həqiqi sənətkar olmaq istəyirsənsə, gərək heç zaman xəyanət etməyəsən, kiməsə və nəyəsə görə yalan, yaxud tərif deməyəsən, düzə düz, səhvə səhv deyəsən. Bu sözlər mənimçün ömürlük etalondur. Ona görə, həmişəki kimi bu dəfə də kiminsə fikrinə yox, öz düşüncəmə əsaslanıb yazacam. Nə gördüm, necə gördüm, hansı təəssüratlar aldığımdan yazacam.
Hələ keçən yazımda bildirmişdim ki, Oda teatrında düz bir ildir yeni tamaşa üzərində məşqlər getsə də hər dəfə iş yarımçıq qalır. Səbəb də aktrisa problemi olur. Kimisə tapırlar, son anda ailədən icazə verilmədiyinə məşqlər dayanır. Axır ki, sonda aktrisa tapıldı, amma Azərbaycandan deyil, Fransadan?! Elso Furtado adlı fransız aktrisası tamaşada oynamağa razılıq verdi.
Azərbaycanda ilk 18+ tamaşası kimi təqdim edilən “MimOda 18+” 25, 26 iyul tarixlərində baş tutan premyerasından əvvəl sosial şəbəkələrdə kifayət qədər müzakirə obyektinə çevrildi, kimi tənqid etdi, kimi tərəfini saxladı. Amma bütün bunlara baxmayaraq mən tamaşaya getdim. Getdim ki, tamaşanı öz gözlərimlə görüm, görüm ki, sonradan tamaşa müzakirə olunanda, kimsə yaxşı, ya da pis deyəndə, mənim də deməyə öz sözüm olsun. Hələ tələbə ikən bir dəfə qrupda “Romeo və Cülyetta” (rej. Franko Zeffirelli) filminə baxmışdıq. Filmdə açıq-saçıq səhnələr göstəriləndə kurs rəhbərim bildirdi ki, burada ayıb bir şey yoxdur, bu sənət əsəridir. Təbii ki, belədir. Və təbii ki, televiziyada nümayiş olunan filmlərdə də belə səhnələr çox olur, hətta dünya teatrlarında da var.
Bəs bizdə... Düzü o gündən bəri tam qərar verə bilmirdim ki, tamaşa haqqında yazım, ya yox. Amma bu gün qəribə bir şəkildə az-çox nələrisə sizlərlə bölüşmək istədim. Əvvəla, tamaşaya başlamazdan öncə qısa süjetini qeyd etməliyəm ki, söhbətin nədən getdiyini biləsiniz. Belə ki, fərqli həyat yaşamış, hərəsinin özünəməxsus problemləri olan iki gənc küçədə gedirlər. Qəribə bir təsadüf onları qarşılaşdırır. Biz bircə onu bilirik ki, qız xəstədir, çox vaxt bərkdən öskürür, boğulur (bəlkə də vərəmdir). Uzun sözün qısası, gənclər bir-birinə aşıq olurlar. Kilsədə evlənirlər və bərabər yaşayırlar. Sonda anlaşmırlar, dalaşırlar, bir-birini söyüb-döyürlər. Və qız evdən gedir. Az keçmir ki, peşman olurlar, yenə də qarşılaşırlar və sevgiləri qalib gəlir barışırlar. Lakin bu dəfə əcəl imkan vermir - qız yenə bərk öskürür, daha dərman da karına gələ bilmir, eləcə sevgilisinin qollarında can verib ölür.
Bütün tamaşanın əsas süjet xətti bu olsa da, hadisələr demək olar ki, başdan ayağa öpüşmə səhnələri, açıq-saçıq, erotik səhnələr fonunda baş verirdi. Düzdür, gələn qonaqların hamısı razı qaldı, hətta qonaq qismində gələn kinoşünüs-rejissor Ayaz Salayev də çox bəyəndiyini, tamaşanın sanki həyati gerçəkliyi əks etdirdiyini vurğuladı. Mən də bu fikirdə idim, sənətçilər sanki bir həyatı qısa şəkildə çatdırdılar, həm də heç bir əskiklik olmadan, tam olaraq hər xırdalığını yaşadılar. Amma əvvəldə də qeyd etdiyim kimi bu mənim subyektiv fikrimdir. Zənnimcə ifrata vardılar. Yəni o qədər ki, hətta bəzi səhnələrə mən heç baxa bilmədim. Məncə həmin səhnələrsiz də olardı. Əlbəttə, kimlərsə məni qınaya bilər, ancaq hər kəs fikrində sərbəstdir.
Aktrisa Azərbaycan dilini bilmədiyindən çox cüzi sözləri (qız –fransız dilində, oğlan – azəri dilində) nəzərə almasaq, tamaşa demək olar ki, musiqi sədaları altında pantomim şəklində oynanıldı.
Əvvəlcə, baş verən bütün hadisələr bizlərə qısa şəkildə, ağ pərdənin arxasından kölgə teatrı formasında təqdim edildi. Sonda qız öldüyündə (Elso Furtado) oğlan (Elmin Bədəlov) pərdəni çəkdi və işıqlar söndü. Və bütün əhvalat tamaşaçılara nümayiş olundu.
İki saata yaxın davam edən tamaşadan sonra rejissor İmam Həsənov gələn hər kəsə təşəkkürünü bildirdi və bu işi ərsəyə gətirdiklərinə görə xoşbəxt olduğunu qeyd etdi. Hətta onu da bildirdi ki, çoxları gələcəklərini desələr də, belə tamaşaya gəldiklərinə görə qınaq obyektləri olmasınlar deyə son anda fikirlərindən vaz keçiblər.
Düzdür məni bu hiss qorxutmadı, bir teatrşünas kimi, baxmaq mənim borcum idi. Lakin o da var ki, bu tamaşaya baxan hər kəs onu eyni cür qəbul etməyəcək. Çünki milli mentalitet deyilən bir şey bizdə güclüdür (kiminə nə dərəcədə, nə vəziyyətdə sərf edirsə artıq). Və bizdə hələ düşüncələr bu cür tamaşalara tam hazır deyil.
Bunu ustadım Aydın Talıbzadə də öz müsahibəsində deyib: “Mən bu məsələyə iki yöndən yanaşıram. Birincisi, açıq cəmiyyətdə hər şey mümkündür. Eləcə də, açıq-saçıq səhnələrlə zəngin tamaşalar qəbul olunası tendensiyadır. İkinci bir tərəfi budur ki, hər bir örnək, hər bir nümunə başqalarını da nəyəsə təhrik edir. Bu baxımdan mən 18+ tamaşaların şaxələnməsi ilə bir o qədər də razı deyiləm. Çünki bu tamaşalar gəncləri, cavanları nəyəsə təhrik edə bilər. Məsələn, insan adi bir filmə baxanda ondan təsirlənir, bəzən yoxlamaq üçün həmin təsirləndiyi səhnəni öz həyatına tətbiq edir. Açıq, yəni özünü tam tərbiyə etmiş cəmiyyətlərdə bu cür tamaşaların keçirilməsi təbii haldır. Ancaq bizim cəmiyyət ruhsallığı etibarilə həmin mərtəbəyə hələ gəlib çatmayıb. Bu cəmiyyətdə belə tamaşaların normal qəbul edilməsi indiki dövr üçün çətin məsələdir”.
Sonda qeyd edim ki, “MimOda 18+” tamaşası 1, 2 avqust tarixlərində yenə də nümayiş olunacaq.
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər