Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Online
»
Manşet
» Abdulla Gül konkret cavabdan yayındı
18.08.10 05:19
Gündən-günə güclənən Türkiyə Azərbaycan münasibətləri qarşılıqlı səfərlər və birgə layihələrin imzalanması ilə inkişaf edir
Təsadüfi deyil ki, son bir iki ay ərzində iki ölkənin liderləri arasında ən yüksək səviyyədə çoxsaylı səfərlər təşkil edilir, birgə maraqları ifadə edən bəyanatlar səslənir. Belə səfərlərdən biri də avqustun 16-da baş tutdu. Türkiyə prezidenti Abdulla Gülün rəhbərlik etdiyi böyük bir nümayəndə heyəti ölkəmizə səfər etdi. Türkiyə prezidentinin Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələrin sürətlə inkişaf etdiyini və strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha göstərmiş oldu. Bəlli olduğu kimi, 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılması və bu iki ölkə arasında diplomatik əlaqələrin qurulması ilə bağlı aparılan danışıqlar Azərbaycan ictimaiyyəti tərəfindən böyük narahatlıq və narazılıqla qarşılanmışdı.
Sonrakı dövrdə Türkiyə rəsmiləri dəfələrlə işğal altında olan Azərbaycan torpaqları azad edilməyincə Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmayacağını və sərhədlərin açılmayacağını bəyan etdilər. Gözlənilirdi ki, Türkiyə prezidenti bu səfəri zamanı işğalçı Ermənistanla bağlı sərt bəyanatlar səsləndirəcək, sərhədlərin açılması məsələsinin birdəfəlik olaraq tarixin arxivinə atılacağını vurğulayacaq. Lakin Türkiyə prezidenti keçirilən mətbuat konfransında bununla bağlı ona ünvanlanan sualdan yayınmağa üstünlük verdi. Söhbət erməni və Qərb mətbuatında 2010-cu il sentyabrın 11-17-də NATO çərçivəsində Ermənistanda keçiriləcək təlimlərlə bağlı Türkiyə-Ermənistan sərhədinin açılması ehtimalı barədə mətbuatda gedən məlumatdan gedir. Türkiyə prezidenti bununla bağlı ona ünvanlanan suala konkret cavab verməyərək sualı aşağıdakı kimi cavablandırmağa üstünlük verdi: «Qafqazın sabitlik və əməkdaşlıq bölgəsinə çevrilməsi üçün bütün problemləri müzakirə etməyimiz, bunları sülh şəraitində həll etməyimiz vacibdir». Prezident heç dəxli olmadığı halda ardınca bütün bunların bölgədə daha geniş əməkdaşlığa, bölgədə sərhədlərin açılmasına, yeni yolların çəkilməsinə, daha böyük iqtisadi fəaliyyətə imkan verəcəyini dedi. A. Gül bunun üçün hamının birlikdə bu fəaliyyəti həyata keçirdiy ini qeyd etdi. Maraqlıdır, Abdulla Gül bunları dedikdə, işğalçı Ermənistanla iqtisadi əlaqələri nəzərdə tutur? Ardınca fikirlərini davam etdirən Türkiyə prezidenti «bəzən də sizin görmədiyiniz, - diplomatiya belədir, böyük problemlər, çox mühüm problemlər belə həll olunur - səssiz, amma qətiyyətli fəaliyyətlə həll olunur. Ümid edirəm ki, bölgədəki bütün problemlər həll ediləndən sonra daha geniş əməkdaşlıq məkanı ortaya çıxacaqdır. O zaman mövcud yollardan əlavə yeni yollar, yeni dəmir yolları çəkiləcəkdir. Bu bölgə inanılmaz şəkildə çox cəlbedici əraziyə çevriləcəkdir və bölgədəki bütün xalqlar daha firavan yaşayacaq, daha xoşbəxt olacaqdır» sözlərini bəyan edib. Sıravi bir Azərbaycan vətəndaşı bunları oxuyanda nə başa düşsün? Yaxşı olmazdımı, məsələyə qəti şəkildə aydınlıq gətirilərdi və sərhədlərin müvəqqəti də olsa açılmayacağı bildirilərdi. Bu həm aradakı söz-söhbətləri aradan qaldırardı, həm də ermənilərin ağzını yummuş olardı. Lakin göründüyü kimi onun fikirlərində bir yerdə də olsun sərhədlərin açılıb-açılmayacağı göstərilmir. Bu isə sərhədlərin açılması məsələsi ilə bağlı narahatçılığı yenidən gücləndirir. Azərbaycan tərəfi gözləyirdi ki, Türkiyə prezidenti bununla bağlı Qərbdən ona edilən təzyiqlərə əhəmiyyət verməyərək sərhədlərin açılmayacağını vurğulayacaq. Beləliklə, Gülün səfəri, xüsusilə də onun bəzi suallara konkret cavab verməkdən yayınması bəzi məsələlərin hələ də açıq qaldığını göstərir. Son zamanlar Türkiyənin bir sıra mətbuat orqanlarında sərhədlərin açılması, eləcə də erməni kilsələrinin bərpası ilə bağlı mütəmadi məlumatlar gedir. Rəsmi Ankara Axtamar adlanan kilsənin bərpası üçün milyonlarla pul xərcləyir. Bütün bunlar Azərbaycanın maraqları nəzərə alınmadan Türkiyə ilə Ermənistan arasında məxfi danışıqların yeni mərhələsinin başlandığını ehtimal etməyə əsas verə bilər. A.Gülün konkret sualdan yayınması yeni şübhələrin ortaya çıxmasına şərait yaradır. Yəqin ki, Türkiyənin Azərbaycandakı səfirliyi, digər Türkiyə rəsmiləri təlimlər zamanı sərhədin açılıb-açılmayacağı məsələsinə konkret münasibət bildirməlidirlər. Əks təqdirdə, münasibətlərdə əvvəlki soyuqluq yarana bilər. Azərbaycanın strateji müttəfiqi və birgə tarixi köklərə malik olduğu qardaş Türkiyədən umduğu bir şey var. O da Ermənistanla bağlı siyasətdə birgə mövqedən çıxış etmək. Necə ki, bu hər zaman belə olub. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunanda Türkiyə dərhal bu sərhədləri bağladı və 16 ildir ki, buna əməl edir. Əminik ki, bu hər zaman da belə olacaq. O vaxta kimi, işğalçı dövlət Azərbaycan torpaqlarını azad etməyib. Bir məsələni də qeyd edək ki, Türkiyə prezidentdən fərqli olaraq baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələdə daha obyektiv fikirlər səsləndirib. Məsələn, Bakıya son səfəri zamanı baş nazir Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan sərhədlərin açılması məsələsinin reallaşmasının mümkün olmadığını bildirmişdi.
Azər NURİYEV
URL / WWW
http://www.kaspi.az/article/a-1518.html