Müəllif hüququ
© WWW :
KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Online
»
Manşet
» “Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir”
30.07.10 05:08
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və ölkəmizə səfərə gələn YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
YUNESKO-nun baş direktoruna dənizkənarı Milli Parkda yerləşən Mərkəz haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəz ilə yaxından tanış olan qonaq burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb və ona milli musiqi alətləri barədə ətraflı məlumat verilib.
Xanım İrina Bokova və Mehriban xanım Əliyeva gənc xanəndələrin ifasında Azərbaycanın muğam, təsnif və xalq mahnılarını dinləyiblər.
Sonra Mehriban xanım Əliyeva və xanım İrina Bokova Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının inşa olunduğu əraziyə gəliblər. Mehriban xanım Əliyeva və İrina Bokova muzeyin maketi ilə tanış olublar, binanın layihəsinə baxıblar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə məlumat verib.
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası, ilk növbədə, milli memarlıq ənənələrinə görə fərqlənəcəkdir.
Bildirilib ki, çox qeyri-adi bir forma - "bükülmüş xalça" muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcək.
Binanın inşasında məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Muzeyin ətrafında geniş yaşıllaşdırma işləri aparılacaq.
Binanın birinci mərtəbəsində qədim xalça və digər məişət əşyalarının yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər və audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq və bağlı sərgi salonları olacaq.
Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcək. Muzeydə 200 nəfər çalışacaq.
Qonağa "Venesiya şəhərciyi" adlanan ərazidə inşa olunacaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi də göstərilib. Bildirilib ki, eskizin üst görünüşündə Azərbaycanın dövlət himninin notları əks olunub. Qeyd edilib ki, işçi layihəni bu ilin sonunadək başa çatdırmaq, gələn il isə inşaat işlərinə başlamaq nəzərdə tutulub. Muzey binasının inşası başa çatdıqdan sonra Milli Parkın bu ərazisi Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ilə birgə "mədəniyyət üçbucağı"na çevriləcək.
“Azərbaycan UNESCO-da çox fəal mövqe tutur. Təşkilatın elə bir fəaliyyət sahəsi yoxdur ki, Azərbaycan orada aktiv olmasın”. Bu fikri Azərbaycanda səfərdə olan UNESCO-nun baş direktoru İrina Bokova deyib. O, Azərbaycanda dinamika, nikbinlik, təkcə iqtisadi deyil, sosial inkişafa da ciddi münasibət müşahidə olunduğunu söyləyib: “Azərbaycan prezidenti ilə görüşdə biz həm ikitərəfli əlaqələri, həm də gələcəkdə həyata keçiriləcək ideyaları müzakirə etdik. Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir”.
İ. Bokova xatırladıb ki, Azərbaycan son vaxtlara qədər UNESCO İcra Komitəsinin üzvü idi, indi isə qeyri-maddi irs üzrə komitədə təmsil olunur. Təşkilatın Azərbaycanın işğal altındakı ərazisində tarixi-mədəniyyət abidələri və muzeylərin vəziyyətini qiymətləndirmək üçün həmin ərazilərə tədqiqat missiyası göndərmək niyyətində olub-olmadığına dair sualı cavablandıran İ. Bokova bildirib ki, UNESCO belə bir missiya təşkil etməyə hazırdır, lakin bu məsələ yalnız Azərbaycan və Ermənistanın razılığı ilə reallaşa bilər.
Qonaq UNESCO-nun qeyri-maddi irs üzrə komitəsinin noyabrında Nayrobidə keçiriləcək iclasında Azərbaycan xalçasının qeyri-maddi irs siyahısına salınmasına dair Azərbaycan hökumətin təklifinin də müzakirə olunacağını açıqlayıb: “Ümid edirəm ki, Azərbaycan xalçası bu siyahıya daxil ediləcək. Çünki ekspertlər sizin hökumətinizin təklifinə çox müsbət yanaşdılar”.
URL / WWW
http://www.kaspi.az/article/a-1459.html