Müəllif hüququ © WWW : KASPİ qəzeti
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Online » Manşet » «Biz gərək öz daxili bazarımızı qoruyaq»
22.07.10 05:41

Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında belə deyib
İyulun 21-də Prezident İlham Əliyev Azərbaycan Duz İstehsalat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak edib.
Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, Azərbaycanın Səhiyyə Nazirliyinin və YUNİSEF-in duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair həyata keçirdiyi proqrama uyğun olaraq 2007-ci ildə “Azersun Holdinq” Azərbaycanda ilk duz rafinasiyası zavodunun tikilməsi missiyasını üzərinə götürüb. Bu layihə Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilib. Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, zavodun texnoloji sxemində Avropanın ən son avadanlığı və avtomat idarəetmə sistemləri tətbiq olunmuşdur. Beşmərtəbəli əsas istehsal binasının sahəsi 580 kvadratmetrdir. Hazırda müəssisədə gündə 100 ton məhsul istehsal olunur. İstehsal müəssisəsinin gündəlik emal gücünü 300 tona çatdırmaq nəzərdə tutulur. Müəssisədə hazırda 130-a yaxın işçi çalışır.  “Azersun Holdinq” şirkətlər qrupunun prezidenti Abdulbari Gözal dövlətimizin başçısına müəssisənin açılışında iştirak etdiyinə görə kollektiv adından təşəkkür etdi. Abdulbari Gözal qeyd etdi ki, Masazır duz zavodunda ildə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edilə bilər. Hazırda zavodda 125 nəfər çalışır, onların orta aylıq əmək haqqı 400 manatdır. Yeni müəssisə Azərbaycanın duz idxalçısından ixracatçısına çevrilməsinə imkan yaradır. İxracla bağlı artıq ilkin sifarişlər alınmışdır. «Bu zavodun yaradılması Azərbaycanda aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir»- deyən dövlətimizin başçısı bildirib: «Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli şəkildə inkişaf etsin, çoxşaxəli olsun. İqtisadi sahədə bütün vəzifələr icra olunur. Bu zavodun yaradılması bir neçə məqsəd güdür. İlk növbədə Azərbaycanda yeni müasir istehsalat sahəsi yaradılıbdır ki, bu da bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biridir. Bu zavodda ən müasir avadanlıq quraşdırılıbdır, texnoloji proses də dünya standartlarının üstündədir. Əlbəttə ki, görülən bütün bu işlər imkan verəcəkdir ki, bundan sonra Azərbaycanda duz emalı prosesi uzun illər ərzində dünya səviyyəsində aparılsın. Digər tərəfdən zavodun yaradılması rəqabətqabiliyyətli məhsulun istehsalı deməkdir. Bu da bizim siyasətimizin istiqamətlərindən biridir. Biz istəyirik ki, Azərbaycanda istehsal olunan bütün məhsullar rəqabətqabiliyyətli olsunlar. Həm daxili tələbatı ödəsinlər, eyni zamanda Azərbaycanın ixrac potensialı da gücləndirilsin». Prezident bildirib ki, bu zavodun yaradılması, eyni zamanda Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük dəstək olacaqdır. «Bu sahə bizim üçün ən prioritet sahələrdən biridir. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektorunun inkişafı 15,3 faiz təşkil etmişdir ki, bu da bu günə qədər görülmüş işlərin nəticəsidir.
Bir sözlə, zavodun açılışı çox müsbət bir haldır. Əminəm ki, zavodun fəaliyyəti uğurlu olacaqdır, bu zavod daxili tələbatı tam şəkildə təmin edəcəkdir. Biz gərək öz daxili bazarımızı qoruyaq və bunu etmək üçün yəqin ki, əlavə tədbirlər də görüləcəkdir. Artıq duzun idxalına heç bir ehtiyac qalmır, xüsusilə nəzərə alsaq ki, burada istehsal olunan duz ən yüksək standartlara cavab verir. Beləliklə, Azərbaycan həm daxili tələbatı ödəyəcək, həm də ki, bizim böyük ixrac potensialımız da artacaqdır».
URL / WWW
http://www.kaspi.az/article/a-1389.html