
Əli Həsənov: “İranın “Səhər” telekanalı Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, qonşu dövlətin həyatındakı prosesləri inkar etməyə və saxtalaşdırmağa xidmət edir”
“İranla Azərbaycan qonşu, mədəniyyəti, dili, dini, yaşam tərzi bir-birinə yaxın olan dövlətlərdir. Bizim müştərək dövlətçiliyimiz olub. İranla normal münasibətlər qurmaq Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir”. Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin Təbrizdəki konsulluğun binası qarşısında Azərbaycan bayrağının yandırılması barədə sualı cavablandırarkən deyib. Ə. Həsənov İran tərəfində də, bəzən Azərbaycan ətrafında fəaliyyət göstərən qüvvələr sırasında da iki ölkə arasında münasibətlərin normal olmamasını istəyənlərin olduğunu bildirib: “Onlar bu münasibətləri korlamaq istiqamətində fəaliyyət göstərirlər. Biz Azərbaycan dövləti olaraq belə cəhdlərə qarşıyıq. Bu cəhdlərin qarşısını almaq üçün fəaliyyət göstəririk”. Şöbə müdiri bütün bunları dövlətlə bağlamağın düzgün olmadığını vurğulayıb: “Bununla belə, təəssüflər olsun ki, bəzən İran tərəfindən belə cəhdlərə qarşı yetərincə tədbirlər görülmür. Xüsusilə qeyd etmək lazımdır ki, İranın “Səhər” telekanalı Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, qonşu dövlətin həyatındakı prosesləri inkar etməyə, onun mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir. Belə cəhdlərə qarşı da biz dövlət olaraq öz səsimizi qaldırır, İranın lazımı instansiyalarına bununla bağlı iradlarımızı bildiririk”. Şöbə müdiri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə də münasibatini bildirb: “Azərbaycan özünün ixtiyarında olan bütün vasitələrlə ərazi bütövlüyünü, suveren və pozulmuş hüquqlarını bərpa etmək istiqamətində addımlar atacaq”. Onun sözlərinə görə, Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü istiqamətində aparılan danışıqların potensialının bitmədiyini düşünür və ona görə də bu danışıqlarda iştirak edir. Prezident Administrasiyasının rəsmisi Dağlıq Qarabağ münaqişəsi ilə danışıqların hazırda Praqa prosesi çərçivəsində və Madrid prinsipləri ətrafında aparıldığını bildirib: “ATƏT-in Minsk qrupunun həmsədrləri hər iki tərəfə yeni təkliflər təqdim edib. Hazırda təkliflərin razılaşdırılması ətrafında fikir mübadiləsi aparılır, təkliflərin razılaşdırılması prosesi həyata keçirilir. Bundan sonra danışıqlar prosesinin necə olacağı və təkliflərin hansı mərhələdə razılaşdırılacağı hələ məlum deyil”. Əli Həsənov İran tərəfində də, bəzən Azərbaycan ətrafında fəaliyyət göstərən qüvvələr sırasında da iki ölkə arasında münasibətlərin normal olmamasını istəyənlərin olduğunu bildirib.
|