
Səməd Seyidov: «Bu gün Azərbaycanın və onun prezidentinin apardığı siyasət birbaşa insan hüquqları və onların müdafiəsinə yönəlmiş siyasətdir, bunu görməmək isə böyük qəbahətdir»
Yanvarın 26-da AŞPA-nın qış sessiyası çərçivəsində qurumun İnsan haqları və hüquqi məsələlər komitəsinin toplantısı keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, komitənin iclasında Azərbaycanda siyasi məhbuslar məsələsi də müzakirə olunub.
Müzakirələrdə Komitə üzvləri ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin üzvləri, azərbaycanlı və xarici ölkələrin insan hüquqları müdafiəçiləri və AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser iştirak ediblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Komitənin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, çox ciddi keçən müzakirələrin əsas məğzi Azərbaycana qarşı qeyri-obyektiv mövqedə dayanmağın qeyri-mümkünlüyü olub: “Müzakirələr zamanı aydın oldu ki, qeyri-obyektiv mövqe Azərbaycan-Avropa Şurası əlaqələrinə böyük zərbə vura bilər. Ona görə də siyasi məhbus adı altında Azərbaycana təzyiq göstərmək, Azərbaycanı başqa ölkələrdən fərqləndirib onun üzərində hansısa tədbirlər keçirmək əsla düzgün deyil. Bu ideyanı Komitə üzvlərinin əksəriyyəti dəstəklədi. Hesab edirəm ki, İnsan haqları və hüquqi məsələlər komitəsinin növbəti iclaslarında bu məsələ daha kəskin şəkildə qoyulacaq. Bu gün Azərbaycanın və onun prezidentinin apardığı siyasət birbaşa insan hüquqları və onların müdafiəsinə yönəlmiş siyasətdir, bunu görməmək isə böyük qəbahətdir. Hesab edirəm ki, Azərbaycanda insan hüquqları ilə bağlı görülmüş işlər barədə AŞPA deputatları da məlumatlıdırlar. Ona görə də bugünkü müzakirələr normal və qəbul olunmuş şəkildə keçdi”.APA
|