
Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib
Yanvarın 25-də Bakıda "Eurovision 2012"-nin rəmzi açarının təhvil verilməsi mərasimi keçirilib.
"Buta Palace"da keçirilən tədbirdə açar təqdim etmə mərasimində "Eurovision 2011"-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul edib.
Tədbirdə "Eurovision" müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand, tədbirlər və kommunikasiya rəhbəri Sietse Bakker, eləcə də müsabiqəylə bağlı digər rəsmilər iştirak ediblər.
"Eurovision" mahnı müsabiqəsinin rəmzi açarının təqdim edilməsi Azərbaycanda İctimai Televiziya və Radio, "Eurovision" müsabiqəsinin rəsmi saytı eurovision.tv, eləcə də Avropa Yayımları Birliyinə üzv olan bir neçə ölkənin televiziya kanalı ilə canlı yayımlanıb.
Bununla yanaşı, bu mərasimi işıqlandırmaq üçün bir çox ölkələrin ictimai yayımçıları və "Euronews" kanalının reportyorları Azərbaycana gəliblər.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsi “Light your fire” şüarı altında baş tutacaq. Müsabiqənin builki loqosunda Azərbaycanın əsas elementləri olan buta və od əksini tapıb.
|