Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Tütünlə Mübarizə üzrə İctimai Koalisiyanın 3-cü görüşü keçirilib. AZADİNFORM xəbər verir ki, Koalisiyanın koordinatoru Nurlan Əliyev AR Tütünlə Mübarizə üzrə Milli Strategiyanın (TMMS) ilkin variantının artıq hazır olduğunu bildirib. Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru, Strategiyanın milli koordinatoru Azad Hacıyev isə TMMS-in ilkin variantı haqqında ümumi məlumat verib. O, Strategiyanın əsasən tütün əleyhinə təbliğatın aparılmasından, bu sahədə aidiyyatı dövlət qurumlarının üzərinə düşən vəzifələrin aydınlaşdırılmasından və respublikanın bölgələrində müntəzəm monitorinqlərin təşkil olunmasından ibarət olduğunu bildirib. A.Hacıyev Milli Strategiya haqqında geniş məlumat verərək dövlət qurumlarından daha çox Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə iş düşdüyünü vurğulayıb. Görüşdə Strategiyanın tam variantı hazır olduqdan sonra Nazirlər Kabinetində təsdiqə göndəriləcəyini və sonra büdcənin formalaşacağı bilirildi. Strategiya haqqında geniş məlumat verildikdən sonra koalisiya üzvləri arasında müzakirə və təkliflər oldu. Müzakirələr nəticəsində layihə çərçivəsində tütünlə mübarizədə ölkə üzrə uşaqlar arasında rəsm müsabiqələri və jurnalistlər arasında yazı müsabiqəsinin təşkil olunması qərara alındı. Görüş tütünlə mübarizə məqsədilə hazırlanmış www.tobaccocontrol.az adlı portalın təqdimatı ilə başa çatıb.
|