Cari ilin avqust ayı ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 868 mln. 364 min kubmetr “mavi yanacaq” verib. Ay ərzində yeraltı qaz anbarlarına 221 mln. 176 min kubmetr “mavi yanacaq” vurulub. Bu barədə məlumatı AZADİNFORM-a ARDNŞ-dən veriblər.
Bununla da avqust ayı ərzində 647 mln. 188 min kubmetr qaz istifadə olunub. Bu həən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 537 mln. 293 min kubmetr təbii qaz verilib, Gürcüstana 13 mln. 28 min kubmetr, Rusiyaya 62 mln. 743 min kubmetr qaz ixrac olunmuş və Naxçıvan MR-nın qaz təminatı üçün isə İrana 34 mln. 124 min kubmetr “mavi yanacaq” ötürülüb. Dövlət Neft Şirkəti cari ilin səkkiz ayında Azərbaycanın yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Belə ki, yanvar-avqust ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 7 mlrd. 484 mln. 714 min kubmetr “mavi yanacaq” verib ki, bu da proqnozdan 666 mln. 414 min kubmetr çoxdur. Bundan başqa, ölkə sənayesinin, əhalinin təbii qazla tam təmin olunması və xaricə qazın ixracı ilə əlaqəli bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmək məqsədi ilə yeraltı qaz anbarlarından əlavə olaraq 638 mln. 680 min kubmetr “mavi yanacaq” götürülüb. Yeraltı qaz anbarlarına əlavə olaraq 1 mlrd. 51 mln. 843 min kubmetr qaz vurulub. Beləliklə, 2010-cu ilin yanvar-avqust ayları ərzində 7 mlrd. 71 mln. 551 min kubmetr qaz istifadə olunub. Bu həən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 6 mlrd. 36 mln. 461 min kubmetr təbii qaz verilib, Gürcüstana 233 mln. 10 min kubmetr, Rusiyaya 557 mln. 391 min kubmetr qaz ixrac olunub və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 244 mln. 689 min kubmetr “mavi yanacaq” ötürülüb.
|