
Bu açıqlamanı jurnalistlərə Rusiya prezidenti Dmitri Medvedyev verib. O, Qafqazda stabilliyin qorunmasının Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyini deyib
Sentyabrın 3-də Azərbaycanda rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevin rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub. Prezident İlham Əliyev danışıqların gündəliyinin kifayət qədər zəngin olduğunu söyləyib: “Sizin Azərbaycana səfəriniz əlaqələrimizin daha da inkişafı baxımdan çox mühümdür, xüsusilə o halda ki, bizim müzakirə edəcək mövzularımız var”.
Azərbaycan prezidenti iki ölkə arasında münasibətlərin səmimi, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə edib. Dmitri Medvedyev bildirib: “Ümidvaram ki, biz ikitərəfli münasibətlərimizin mövcud durumunu, regional gündəmi, beynəlxalq məsələləri müzakirə edə biləcək və mühüm sənədlər imzalayacağıq. Bizim təkcə Bakı və Moskvada deyil, digər sammitlər zamanı da mütəmadi görüşlər keçirməyimiz uzun illər davam edəcək sıx, şəffaf və dostluq münasibətlərinin əsasıdır. Biz Rusiya-Azərbaycan münasibətlərini belə görürük”.
“Rusiya və Azərbaycan iqtisadi əməkdaşlığı gücləndirməli və bu münasibətləri yeni səviyyəyə necə çıxarmaq barədə düşünməlidir”. Bu fikirləri Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda çıxışı zamanı deyib. O ötən il iki ölkə arasında ticarət dövriyyəsinin aşağı düşdüyünü vurğulayıb: “Bu il isə müsbət tendensiya var və bu tendensiyanı necə möhkəmləndirmək barədə düşünmək, yeni layihələr, yeni ideyalar tapmaq lazımdır”. Rusiya prezidenti bildirib ki, təkbətək görüş zamanı iki dövlətin başçısı bəzi ideyalar və layihələr barədə danışıblar və bu layihələri nümayəndə heyətlərinin iştirakı ilə müzakirə etməyi təklif ediblər. Medvedyev azərbaycanlı həmkarı ilə təkbətək görüşdə geniş spektrdə məsələləri, iqtisadi münasibətlər və regional təhlükəsizliyin təminatı məsələlərinə toxunduqlarını deyib. Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində Rusiya prezidentinin səfəri çərçivəsində çox gözəl nəticələrin əldə olunduğuna, imzalanacaq sənədlərin isə ikitərəfli münasibətlər üçün sağlam baza yaradacağına əmin olduğunu bildirib: “Bu münasibətlər təkcə bizim ölkələr üçün deyil, regionlar üçün də çox vacibdir. Moskva ilə münasibətlərin daim inkişafı Bakı üçün çox mühüm və dəyərlidir. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.
Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə prezidentləri dövlət sərhədi haqqında müqavilə imzalayıblar. Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair daha əvvəl bağlanmış müqaviləyə əlavə olunan saziş də imzalanıb. Sazişə əsasən 2010-2011-ci illərdə “Qazprom”a satılan təbii qazın həcmi artırılacaq. Tərəflər Samur transsərhəd çayının rasional istifadəsi və mühafizəsi haqqında saziş də imzalayıblar. Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təmas intensivliyini aşağı salmamağa çağırıb. “İTAR-TASS”ın məlumatına görə, Dmitri Medvedyev bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib. O son dövrlər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayıb: “Bu təmasların intensivliyi aşağı düşməməlidir. Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz həmçinin qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram”. Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: “Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən danışıqlar daha effektli olur”.
“Rusiyanın Gümrüdəki hərbi bazası və bu bazanın dislokasiya müddətinin uzadılması Azərbaycan üçün heç bir təhlükə kəsb etmir”. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə Rusiya prezidenti Dmitri Medvedyev verib. O, Qafqazda stabilliyin qorunmasının Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyini deyib: “Biz burada sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıyıq. Mənim Ermənistana səfərinin nəticələrini də belə dəyərləndirmək lazımdır. Burada heç bir gizli və ya digər niyyət mövcud deyil”. Xatırladaq ki, Rusiya prezidentinin bir müddət əvvəl Ermənistana gerçəkləşən səfəri zamanı Gümrüdəki Rusiya hərbi bazasının dislokasiya müddətinin 49 il artırılmasına dair müqavilə imzalanıb.
Rusiya prezidenti Dmitri Medvedyev ötən ay Rusiyanı bürümüş meşə yanğınlarının söndürülməsində Azərbaycanın göstərdiyi köməyə görə prezident İlham Əliyevə təşəkkür edib. Medvedyev azərbaycanlı həmkarlarının ağır gündə Rusiyaya kömək əli uzatdığını xatırladıb: “Bu çox vacibdir. Bədbəxtlik gözlənilmədən gəlir və nəticələr də uzunmüddətli xarakter daşıyır. Bir daha göstərdiyiniz köməyə görə Sizə təşəkkürümü bildirirəm”. Dmitri Medvedyev bir müddət əvvəl Rusiyanın daha iki vilayətindən yanğınlar baş verdiyini, bu təbii fəlakətin qarşısının mütləq alınacağını bildirib.
|