Sentyabr 6-12-si tarixlərində Moskvada sərbəst, qadın və yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya çempionatı keçiriləcək. Çempionatda ölkəmiz hər üç növ üzrə təmsil olunacaq. Bu barədə məlumatı AZADİNFORM-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Proqrama əsasən sentyabrın 6-7-8-də yunan-Roma güləşçiləri, 8-9-10 sentyabrda qadın güləçiləri, 10-11-12-də isə sərbəst güləşçilər ən güclüləri müəyyənləşdirəcək. Sərbəst güləş yarışlarında ölkəmiz baş məşqçi Saypulla Absaidovun rəhbərliyi altında Toğrul Əsgərov (55 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) ilə təmsil olunacaq. Dünya çempionatında ölkəmizi yunan-Roma güləşi üzrə Elçin Əliyev (55 kq), Həsən Əliyev (60 kq), Vitali Rəhimov (66 kq), Rafiq Hüseynov (74 kq), Şalva Qadabadze (84 kq), Səbuhi Hümbətov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil edəcək. Yığma komandamız çempionatda baş məşqçi, Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun rəhbərliyi altında iştirak edəcək. Mundialda iştirak edəcək qadın güləşçilərimizin adları da yaxın günlərdə açıqlanacaq.
|