İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Nazirliyin mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb. Bununla əlaqədar, SKMF tərəfindən Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: Meyvə, tərəvəz, eləcə də digər ərzaq məhsullarının saxlanılması üçün tutumu 10 min tonadək olan soyuducu anbar komplekslərinin yaradılması, Mineral suların qablaşdırılması üçün istehsal müəssisəsinin yaradılması, İntensiv bağçılıq, tingçilik, tərəvəzçilik (kartof və soğan), o cümlədən istixana şəraitində tərəvəz məhsullarının yetişdirilməsi, İllik istehsal gücü 10-12 min ton olan müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması, Müasir tələblərə cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır meşə meyvələri) emalı (meyvələrin qurudulması) müəssisələrinin yaradılması, Ət, süd və tərəvəz emalı müəssisələrinin yaradılması, İntensiv südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması, Turizmin inkişafının dəstəklənməsi, Qədim xalq sənətkarlığının, o cümlədən xalçaçılığın inkişafının dəstəklənməsi. Bu gündən etibarən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
|