
Prezident İlham Əliyev avqustun 31-də əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu sərəncamın 1-ci bəndinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin. Prezidentin digər sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği də artırılıb. Belə ki, minimum aylıq əmək haqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib. Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3005 nömrəli sərəncamı (3-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilib.
|